Əsas Səhifə > Siyasət, Manşet > RÖVNƏQ ABDULLAYEVƏ QARŞI YENİ CƏBHƏ

RÖVNƏQ ABDULLAYEVƏ QARŞI YENİ CƏBHƏ


25-01-2012, 13:13
RÖVNƏQ ABDULLAYEVƏ QARŞI YENİ CƏBHƏ

ARDNŞ ŞEFİ HƏDƏFƏ ALINDI; ONU İSTEFAYA GÖNDƏRMƏK İSTƏYİRLƏR

DİA.AZ: - Hakimiyyət içi savaşlar yeni müstəviyə qədəm qouyub. Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) daxil olan məlumatlardan aydın olur ki, bu dəfə hədəfə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullyev çevrilib.

Bildirək ki, ARDNŞ gəlir baxımından hər zaman cəlbedici struktur olub və bir zamanlar Bakı Neft Emalı Zavoduna rəhbərlik etmiş Rövnəq Abdullayev bu posta təyin edildikdən sonra sürətli şəkildə oliqarx-məmurlar sırasına qoşuldu. Bu gün qeyri-rəsmi mənbələr tərəfindən ARDNŞ prezidentinin varidatının miqyası 1 milyard ABŞ dollarına yaxın həcmdə qiymətləndirilir.

Mötəbər mənbələrdən redaksiyamıza daxil olan məlumatda bildirilir ki, kifayət qədər sərvət toplamağa müvəffəq olmuş Rövnəq Abdullayev bundan daha da şövqlənərək yeni iddialarını ortaya qoymaqdadır. Zaman-zaman ARDNŞ prezidentinin bu kimi təşəbbüslərini mətbuatdan da izləmişik.

Mənbəmiz bu zaman diqqətlərin xüsusi olaraq Rövnəq Abdullayevin Milli Təhlükəsizlik Naziri postuna maraq göstərməsinə yönəlməsinin vacibliyini vurğulayır: «Hər halda, Rövnəq Abdullayev özünü o qədər tədaüklü hesab edir ki, MTN şefi postuna namizədini də açıqlamışdı». Xatırladaq ki, bu olay da zamanında məbuatın ən çox müraciət etdiyi mövzulardan biri olub. Həmin ərəfədə Rövnəq Abdullayevin MTN şefi postuna bir zamanlar MTN-də çalışmış, 2005-ci ilin parlament seçkiləri zamanı Rövnəq Abdullayevin seçki qərargahına rəhbərlik etmiş, hazırda isə ARDNŞ Təhlükəsizlik İdarəsinə rəhbərlik edən Rəşad Əliyevi hazırladığı bildirilirdi.

Lakin sonradan Rövnəq Abdullayev bu ideyalarını bir qədər ertələməli oldu. Məlumatlı mənbələrin bildirdiklərindən belə aydın olur ki, amma buna baxmayaraq ARDNŞ prezidenti yenə də Rəşad Əliyevin bu mühüm posta gətirilməsi üçün çaba sərf etməkdədir. Bunun isə onun özünə baha başa oturduğu söylənilir.

Məlumatlı mənbələrin bildirdiklərindən o da aydın olur ki, bu günlərdə aşkar surətdə MTN-ə öz adamını gətirməkdə maraqlı olduğunu elan edən Rövnəq Abdullayevin bu davranışları MTN rəhbərliyinə də çatdırılıb: «Rövnəq Abdullayev məclislərin birində Rəşad Əliyevi tərifləyərək onun gələcəkdə MTN rəhbərliyinə ən layiqli namizəd olduğunu vurğulayıb. Həmin məclis ARDNŞ işçilərindən birinin ad günü münasibətilə təşkil olunduğundan, məclisdə yalnız Rövnəq Abdullayevə yaxın adamlar olub».

Mənbəmiz bildirir ki, amma buna rəğmən ARDNŞ prezidentinin bu iddiası lazımi ünvanların qulağına çatıb və bundan sonra onun özünə qarşı bir hərəkətlənməyə start verilib. Bu barədə mötəbər mənbənin bildirdikləri: «Bu günlərdə Rövnəq Abdullayevə qarşı ilk olaraq mətbuatda, daha sonra isə hakimiyyətin öz içində bir kampaniya başlayacaq. Çox böyük planlar işlənilib. Rövnəq Abdullayevin hətta «yuxarıları» aldatmasını sübuta yetirən faktların ictimailəşməsi gözlənilir. Söhbət ARDNŞ-ın «Ümid» yatağı ilə bağlı fiaskosundan gedir. Bu faktlar o qədər güclü dalğa şəklində açıqlanacaq və proses elə bir şiddətlə yaşanılacaq ki, Rövnəq Abdullayev məcburi qaydada istefa da verə bilər».

Bir sözlə, əldə etdiyimiz məlumatlar da təsdiqləyir ki, hakimiyyət içində çox böyük miqyaslı iç savaş gözlənilir. Kimin qalib, kimin isə məğlub olacağını yaşayıb görəcəyik. Bizi izləyin…


Geri qayıt