Əsas Səhifə > Siyasət, Manşet > ƏLİ HƏSƏNOV «RESPUBLİKA» QƏZETİNİ ÇÖKDÜRÜR

ƏLİ HƏSƏNOV «RESPUBLİKA» QƏZETİNİ ÇÖKDÜRÜR


29-09-2011, 11:35
ƏLİ HƏSƏNOV «RESPUBLİKA» QƏZETİNİ ÇÖKDÜRÜR

PA RƏSMİSİ BU DƏFƏ RƏSMİ MƏTBUATA QARŞI

Hakimiyyətin bu gün əsas sözçülərindən biri kimi diqqətə gələn Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun mətbuata olan «marağı» barədə bu vaxta qədər qəzetlərdə kifayət qədər məlumat verilib. «Gündəm Xəbər» qəzetində yer alan informasiyalarda da vurğulanır ki, özünə mətbu imperiya quran PA rəsmisi mediaya aid bütün istiqamətləri kontrolu altına ala bilməsi üçün çox ciddi fəaliyyət sərgiləməkdədir.

Məlumdur ki, hazırda onlarla qəzet məhz Əli Həsənov tərəfindən yönləndirilir. Onların arasında hətta müxalif mövqeli qəzetlərin olması da təəssüfdoğuran haldır. Əli Həsənov eyni zamanda Mətbuat Şurası və KİV DF kimi mediaya aid qurumları da nəzarətində saxlamaqla, əslində çap KİV-i üzərindəki hökmranlığını genişləndirməkdədir.

Bunlarla yanaşı, Əli Həsənovun «ArazFM» radiosuna, «XəzərTV»yə, Beynəlxalq Mətbuat Mərkəzinə, yeni qurulmaqda olan «Kaspi» mətbəəsinə və daha neçə mətbuata aid yan quruluşa patronajlıq etdiyi bir faktdır. Və bildirək ki, bu imperiya günü-gündən genişlənməkdə, bu imperiyanın imperatoruna boyun əyməyənlərə qarşı bir savaş elan edilməkdədir. Elə buna görədir ki, bu gün bir sıra qəzetlər məhz Mətbuat Şurasının, yəni artıq Əli Həsənovun dəyənəyi funksiyasını həyata keçirməkdə olan Əflatun Amaşovun əli ilə hədəfə alınıb.

Onu da qeyd edək ki, son zamanlar isə Əli Həsənov mətbuatı yayımı istiqamətində də ciddi şəkildə müdaxilələr edir. Artıq Əli Həsənova məxsus olduğu şübhə doğurmayan və cəmiyyətə Bakı mer Hacıbala Abutılbovun «budkaları» kimii təqdim olunan yeni «Bakı press» köşkləri də PA rəsmisinin yayım biznesində əsas gedişi kimi qəbul edilir. Artıq ölkə paytaxtının ayrı-ayrı yerlərində ölkənin ən böyük yayım firması olan «Qasid» Mətbuat Yayımı firmasının köşkləri qanunsuz olaraq «plana salınır», onların yerlərinə Əli Həsənovun köşkləri yerləşdirilir.

Qeyd edək ki, «Qasid» firmasına deputat Mirkazım Kazımov rəhbərlik edir və bu gün Əli Həsənov bütün istiqamətlərdə millət vəkilinin biznesini ələ keçirmə yönündə fəaliyyətə başlayıb. Lakin PA rəsmisinin millət vəkilini tam olaraq zərərsizləşdirə biləcəyi inandırıcı deyil. Ən azından ona görə, Mirkazım Kazımov da hakimiyyətə çox yaxın bir fiqurdur və onun hətta prezident İlham Əliyevlə də sıcaq münasibətlərinin olduğu söylənilir.

«Dünya» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) daxil olan məlumatlarda isə bildirilir ki, Əli Həsənov elə rəsmi qəzet var ki, onlara qarşı da kampaniya aparır. Bu barədə prezident administrasiyasındakı mənbələrdən ötürülən məlumatda vurğulanır ki, Əli Həsənov hazırda «Respublika» qəzetinin baş redaktorunun görəvdən alınması, onun yerinə isə öz adamının gətirilməsi üçün əməlli-başlı enerji sərf etməkdədir.

Qeyd edək ki, tirajı 6543 nüsxə olan «Respublika» qəzeti Prezident Administrasiyasının rəsmi orqanı olmasına baxmayaraq, bu gün digər rəsmi qəzetlərlə müqayisədə ən az təmin olunmuş bir mətbu vasitə kimi diqqətə gəlməkdədir. Bu isə təsadüfi deyil. Məhz Əli Həsənovla düşmənçilik səbəbindən bu gün «Respublika» qəzeti maliyyə böhranı keçirir desək, yanılmarıq. Hər halda, digər rəsmi mətbuatın təminatı ilə müqayisədə başında tanınmış qəzet adamı Teymur Əhmədovun dayandığı «Respublika» qəzeti kasıbçılıq keçirir.

Məlumatlı mənbə bildirir ki, Teymur Əhmədovun 80 yaşı var və Əli Həsənov onun yerinə özünə yaxın bir fiquru gətirməyi düşünür: «Baş redaktorun yaşını önə sürən Əli Həsənov dəfələrlə onun yaş senzinə görə uzaqlaşdırılmasını təklif edib. Hətta «yuxarılara» verdiyi hesabatında Teymur Əhmədovun özünü «idarə edə bilmədiyini və belə bir adamın bir redaksiyanı necə idarə edəcəyi» barədə şübhələr də yaratmağa başlayıb».

Mənbəyə görə, bu düşmənçilik səbəbindən Əli Həsənov «Respublika» qəzetinə gələn maliyyə kanallarını bağlamaqla məşğuldur: «Amma yenə də Teymur Əhmədovu görəvindən uzaqlaşdırmaq ona müəəssər olmur. Çünki baş redaktor zamanında hazırki PA rəhbəri Ramiz Mehdiyevin müəllimi, Ramiz Mehdiyev onun dissertantı olub. Yəni belə bir güvəncəsi olan Teymur Əhmədov Əli Həsənovun hücumlarından müdafiə oluna bilsə də, redaksiyasını digər rəsmi qəzetlər kimi maddi baxımdan təminatlı hala gətirə bilmir».

Onu da vurğulayaq ki, bu gün digər rəsmi mətbuat vasitələrinin təkcə abuna tirajları «Respublika» qəzetinin ümumi tirajından yüksəkdir. Abuna biznesinə isə kimin nəzarət etdiyini təxmin etmək o qədər də çətin deyil.

Araşdırmalarımız davam edir…


Geri qayıt