Əsas Səhifə > Sosial, Manşet > ŞAHİN MUSTAFAYEVİN SÖZÜ DÜZ ÇIXMADI
ŞAHİN MUSTAFAYEVİN SÖZÜ DÜZ ÇIXMADI29-12-2011, 12:22 |
NAZİR DEMİŞDİ Kİ, BAHALAŞMA OLMAYACAQ, AMMA... DİA.AZ: - Yeni il bayramının gəlişi və hamının bayram alış-verişinə hazırlaşması ilə bir sıra ərzaq mallarının qiyməti kəlləçarxa qalxıb. Əslində bayram ərəfəsində paytaxt bazarlarında və dükanlarında qiymətlərin artması artıq ənənə şəklini alıb. Amma ötən illərlə müqayisədə bu il bayram ərəfəsində qiymətlər əhalini daha kəskin sınağa çəkib. Bunu bazarlardakı qiymətlərlə yaxından maraqlanmaq üçün paytaxt bazarlarının birinə - «Təzə bazar»a baş çəkərkən də gördük. Burada son bir neçə gün ərzində ən çox bahalaşan məhsullar alma, armud, qoz, fındıq, şabalıd və başqa meyvələrdir. Onların qiymətində 50-80 qəpik, hətta 1-2 manat artım olub. Xaricdən gələn məhsullara tələbatın az olduğunu söyləyən satıcılar ən çox tələbatın yerli məhsullara olduğunu dedilər. Amma alıcılar satıcılardan fərqli olaraq məcburiyyət qarşısında meyvə-tərəvəz məhsulları aldıqlarını deyirlər. Bahalaşma mal və qoyun ətinin qiymətində də özünü göstərib. Satıcılar əvvəlki günlərlə müqayisədə alıcılıq qabiliyyətinin olmamasından narahatdırlar. Hər halda bayramı ürəyinizcə qarşılamaq istəyirsinizsə, əlinizin cibinizdə olması gərəkdir. Özü də pulunuzun əvvəlki illərlə müqayisədə daha çox olması şərtdir. Bu arada - bir neçə gün əvvəl İqtisadi İnkişaf Nazirliyinin rəsmiləri bayram ərəfəsində bahalaşmaya yol verilməyəcəyini və əhalinin mümkün olduğu qədər aşağı qiymətlə alış-veriş etməsini təmin etmək üçün əməli tədbirlər görüləcəyni bildirirdilər. Amma bazarlardakı real durum həmin açıqlamaların, vədlərin elə söz olaraq da qaldığını və Şahin Mustafayevin rəhbərlik etdiyi nazirliyin növbəti dəfə öz vədinin arxasında dayana bilmədiyini göstərir. Geri qayıt |