Əsas Səhifə > Gündəm, Manşet > NEFTÇİLƏR FƏHLƏ ÜSYANINA HAZIRLAŞIR

NEFTÇİLƏR FƏHLƏ ÜSYANINA HAZIRLAŞIR


11-11-2011, 12:43
NEFTÇİLƏR FƏHLƏ ÜSYANINA HAZIRLAŞIR

200-DƏN ARTIQ ARDNŞ İŞÇİSİ TƏTİL XƏBƏRDARLIĞI ETDİ

DİA.AZ: - Redaksiyamıza neft daşlarında çalışan bir qrup neftçi tərəfindən imzalanmış şikayət xarakterli müraciət daxil olub. Şikayətçilər bildirir ki, ARDNŞ sistemində çalışan on minlərlə fəhlə etiraza qalxa bilər. Buna səbəb neftçilər üçün nəzərdə tutulan 16 adda yardımın bir günün içində ləğv edilməsi, eyni zamanda neftçilərə nəzərdə tutulan gündəlik yeməkpulunun 3 manat məbləğində səbəbsiz yerə azaldılmasıdır.

Şikayətçilər «Dünya» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) ünvanladıqları məktublarında bildirirlər ki, 20 Sentyabr - Neftçilər Günü münasibəti ilə onların yeməkpulularının miqdarı 13 manata qədər artırılmışdı: «İndi isə həmin puldan rəhbərlik tərəfindən 3 manat tutulur. Hal-hazırda ARDNŞ-in 100 minə yaxın işçisi var. Bu isə o deməkdir ki, təkcə yeməkpuludan oğurlanan 3 manat hesabına bir ay ərzində 300 min manat pul kimlərinsə cibinə axır».

Şikayətçilərin əsas narazı qaldıqları ünvanlardan biri isə Xəzər Fəhlə Ticarət Təchizat İdarəsidir: «Bu qurum fəhlələlər üçün nəzərdə tutulan yeməkxanaları ərzaqla təmin edir. Bir dəfə də olsun keyfiyyətli ərzağa rast gəlməməişik. Ağır işdə çalışmağımıza baxmayaraq, bizə ət əvəzinə şıntır yedirdirlər. İylənmiş tərəvəzin qoxusu isə yeməkxanada adi atmosferə çevrilib. Məcburuq ki, evdən ərzaq gətirək. Halbuki maaşımızdan 13 manat pul məhz yeməkpulu kimi yeməkxananın hesabına köçürülür».

Şikayətçilər onu da bildirdilər ki, artıq bu problemlərlə bağlı ARDNŞ rəhbərliyinə müraciət ediblər: «Əgər şikayətlərimiz qulaqardına vurulsa, tətilə başlayaağıq. Onda görəcəyik nə edəcəklər. Əgər biz işləməsək, onlar neftdən pul da götürə bilməzlər».

Bildirək ki, bu şikayət məktubunu ayrı-ayrı mədənlərdə çalışan 200-ə yaxın fəhlə imzalayıb.


Geri qayıt