Əsas Səhifə > Manşet, Ölkə > Deputatın şirkəti Xırdalan sakinlərini TÜSTÜDƏN BOĞUR...

Deputatın şirkəti Xırdalan sakinlərini TÜSTÜDƏN BOĞUR...


Bu gün, 11:18
Deputatın şirkəti Xırdalan sakinlərini TÜSTÜDƏN BOĞUR...
Xırdalan şəhəri ərazisində fəaliyyət göstərən "Embawood" MMC istehsalat sahəsindən atmosfer havasına tüstü atmaqda davam edir. Bu barədə Sputnik Azərbaycan-a şəhər sakinləri məlumat veriblər.
Sakin Elvin Əhmədov bildirib ki, şikayət etmələrinə baxmayaraq, müəssisə qanunsuz əməllərinə davam edir.
Qeyd edək ki, bir müddət əvvəl Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, Xırdalan şəhəri ərazisində fəaliyyət göstərən "Embawood" MMC-nin istehsalat sahəsindən atmosfer havasına tüstünün yayılması ilə bağlı Sputnik Azərbaycan-a daxil olmuş şikayəti araşdırıb. Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən fakt təsdiqini tapıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Asif Məcidov Sputnik Azərbaycan-a bildirib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən aparılan araşdırma və ölçmə işləri zamanı sözügedən müəssisənin istehsalat sahəsindən atmosfer havasına atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.
"Faktla bağlı akt tərtib olunub. Müəssisənin hüquqi şəxs qismində cərimələnməsi üçün qanunamüvafiq tədbirlər görülür" - o, bildirib.

VİDEO BURADA: https://ok.ru/video/9070848969257

Cərimələnməsinə baxmayaraq, istehsalat müəssisəsinin qanunsuz əmələ davam etməsi sakinləri çıxılmaz vəziyyətdə qoyub.
"Bilmirik, başqa hara şikayət edək. Bir dəfə şikayət etdik, gəlib zavodu cərimələdirlər. Amma indi yenə havaya qatı tüstü buraxırlar. Bu vəziyyət gündə ən azı üç dəfə təkrarlanır. Səhər saat 07:00-da yuxudan dururuq ki, ətraf qatı tüstüdür. Pis qoxudan ağzımızı bağlayırıq. Evdə olanda isə pəncərələri açmırıq ki, tüstü getsin sonra evi havalandıraq. İstehsalat müəssisəsi yaşayış binalarına yaxın yerləşir. Günorta saat 12:00 radələrində bir, axşam saat 19:00 radələrində isə bir tüstü buraxırlar. Gündə ən azı üç dəfə biz zavodun buraxdığı tüstünün qoxusundan əziyyət çəkirik. Ətrafı yanmış plastik qoxusu bürüyür. Biz yanan maddənin nə olduğunu bilmirik. Amma tüstüdən görürük ki, havaya qatı tüstü yayılır. Kimyəvi maddələr havaya hopur, biz də o hava ilə nəfəs almalı oluruq. Burada yaşayan sakinlərin hamısı qorxur ki, axırda özümüz, uşaqlarımız pis xəstəlik tapacaq. Çünki, ekoloji təmiz mühitdə yaşamırıq. Ciyərlərimiz gündə üç dəfə tüstü qəbul edir. Ən pisi isə odur ki, bu müəssisənin yaşayış binalarının yanında fəaliyyətinə xitam verən yoxdur. Hara şikayət edəcəyimizi də bilmirik", sakin gileylənib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən faktın araşdırılması üçün şikayətin aidiyyatı struktura göndərildiyi bildirilib.

Geri qayıt