Əsas Səhifə > Manşet, Gündəm > “TƏBİB saxtakarlıq edib, mənim sənədlərimi sistemə vurmur”
“TƏBİB saxtakarlıq edib, mənim sənədlərimi sistemə vurmur”Dünən, 00:14 |
Göygöl rayon sakini Vəliyev Surxay Sultan oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Onun müraciətini olduğu kimi dərc edirik: “Məlumat verim ki, 2022-ci il, may ayının 9-da beyin infarktı keçirmiş, ağır şəraitdə xəstəxanada yatmışam. Uzunmüddətli müalicələrdən sonra həm xəstəxana, həm də ev şəraitində proseduraları davam etdirmişəm ki, sağlamlığım bərpa olunsun. Amma təəssüflər olsun ki, sağlamlığım bərpa olunmayıb. Sənədlərimi 10 saylı şəhər poliklinikasına təqdim etdim. Yoxlayandan sonra Əlillərin Bərpa Mərkəzinə göndərdilər. Lakin mənə imtina cavabı gəldi. Təkrar yenə müraciət etdim. Məni müayinə etdikdən sonra 1 illik müddətinə 3-cü qrup əlillik təyin etdilər. Müayinə zamanı sağlamlığımın 40 faiz olduğunu bildirdilər. Lakin başımdakı zədələri sistemə vurmadılar. Bildirim ki, xəstəliyimlə əlaqədar mənə verilən əlillik düzgün deyil. Əzələ zəifliyim 3.5 bal ilə qiymətləndirilmişdi. Lakin məni 4 balla sistemə vurublar. Çox yerə şikayət etmişəm. Təəssüflər olsun ki, şikayətimə baxılmır. Ən sonda Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən mənə xəstəxanada yatmaq tövsiyə edildi. “Əgər ağırlaşma olarsa, əlilliyin dəyişilə bilər”, - dedilər. Daha sonra Dost Mərkəzindən məni Şirvan Reabilitasiya Mərkəzinə göndərdilər. Orada mənim qoluma 2.2, ayaqlarıma isə 3.3 bal yazdılar. Baş ağrılarımın, yüksək təzyiqimin olmasını da qeyd etdilər. Bakıya gələndən bir neçə gün sonra vəziyyətim pisləşdi. Məni Tibbi Yardım maşını ilə Əjdər Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasına aparıb, nevrologiya şöbəsinə yerləşdirdilər. Başımda ağrılar, əl-ayaq əsmələri və “panos” xəstəliyi aşkar olundu. Mən getdikcə nitqimi də itirirəm. Dəqiqləşdirmək üçün Bakı Şəhər Elmi Tətqiqat İnstitutuna getdim. Orada da əzələ zəifliyimi 3 bal kimi qiymətləndirdilər. Odur ki, sənədlərimi Nərimanov rayon 4 saylı şəhər poliklikasına təqdim etdim. Orada məni və həkimimi təhqir etdilər. Poliklinikada bildirdilər ki, mənə əlillik dərəcəsinin gücləndirilməsi düşmür. Hətta mənə bildirdilər ki, “kimə istəyirsən şikayət edə bilərsən”. Mən də Nazirlər Kabinetinə müraciət etdim. Nazirlər Kabinetindən sənədlərimi TƏBİB-ə göndərdilər. Təəssüflər olsun ki, TƏBİB-də işimə baxmır. TƏBİB-dən bildirdilər ki, biz 4 saylı şəhər poliklinikasının qərarını ləğv edə bilmərik. Mənə orada akt təqdim etdilər. Bildirdilər ki, bal gücləndirilməsini verə bilmərik. Gərək 3 baldan aşağı olsun ki, biz 2-ci qrup əlillik təyin edək. TƏBİB-dən heç bir soraq yoxdur. Mənə əvvəl dedilər ki, şikayətinizə baxılacaq. Təəssüflər olsun ki, işimə baxılmır. 2 ay müddətində mən bir neçə xəstəxanada yatmışam. Bu qədər haqsızlıq olar?! TƏBİB-ə gedirəm, deyirlər ki, xəstəxanada yat, yoxsa sənədlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qəbul etməyəcək. Bir sözlə, TƏBİB saxtakarlıq edir, mənim sənədlərimi sistemə vurmur. Məni məcbur edirlər ki, xəstəxanada yatmalısan. Mənə deyirlər ki, başındakı zədələr sayılmır, əzələ zəifliyi hesablanır. Başa düşə bilmirəm, 4 saylı poliklinika TƏBİB-ə tabedir, yoxsa TƏBİB 4 saylı poliklinikaya?” Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanovla əlaqə saxladıq. O, əməkdaşımıza bildirdi ki, Göygöl rayon sakini, 1965-ci il təvəllüdlü Vəliyev Surxay Sultan oğluna 29.03.2024-cü il tarixdə orqanizm funksiyalarının 40% pozulmasına görə 1 il müddətinə əlillik təyinatı aparılıb: “Vətəndaş əlillik dərəcəsinin yenidən qiymətləndirilməsi ilə bağlı bir neçə dəfə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertləri tərəfindən əyani müayinə edilib. Hər bir əyani müayinə zamanı S.Vəliyevin hazırki sağlamlıq vəziyyətinin Nazirlər Kabinetinin 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizm funksiyalarının 40% pozulmasına görə1 il müddətinə əlillik təyinatına əsas verdiyi müəyyən edilib. Qanunvericilik barədə vətəndaşın özünə də müvafiq izahatlar verilib”. Geri qayıt |