Əsas Səhifə > Manşet, Güney Press > AYNA Sumqayıt sahibkarlarını vergidən belə yayındırır
AYNA Sumqayıt sahibkarlarını vergidən belə yayındırırBu gün, 15:16 |
Hazırda paytaxt Bakıda ümumilikdə 117 marşrut üzrə 2007 avtobusda nağdsız ödəniş edilməsi mümkündür. Belə ki, hazırda fəaliyyət göstərən avtobusların 78 faizində nağdsız ödəniş sistemi tətbiq olunur. Paytaxtdan kənarda isə avtobuslarda nağdsız ödəniş sistemi hələ də tətbiq olunmur. 2023-cü ilin əvvəlində Sumqayıt şəhərində avtobuslarda kart sistemi tətbiq olunsa da, sonradan bu proses müəmmalı şəkildə ləğv olundu. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Sumqayıt avtobuslarında kart sisteminin yaxın vaxtlarda bərpası ilə bağlı məlumat yaysa da, bir ildən artıq müddətdə bu proses hələ də həyata keçirilməyib. Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) TNS-ə verilən məlumata görə, Sumqayıtda işləyən avtobuslarda kart sisteminin ləğvi texniki səbəblə əlaqəlidir: “Sumqayıtda bir ara tətbiq edilən və texniki səbəbdən baş tutmayan kart sistemi ilə bağlı Agentlik xəbərdardır. Əlavə edək ki, ölkə üzrə sərnişindaşımada nağdsız ödəniş sisteminin sürətləndirilməsi ilə bağlı tapşırıq verilib və işçi qrup yaradılıb. Sumqayıt şəhərində də bu məsələ prioritet hesab olunur. Yaxın zamanda nağdsiz ödəniş sisteminə keçidlə bağlı Sumqayıtda işlərə başlanılacaq”. AYNA bir ildən artıqdır ki, problemin yaxın vaxtlarda həll ediləcəyini desə də, bu müddətdə həmin "yaxın vaxt" yaxınlaşmayıb. Hər dəfə müəyyən vədlər verən qurum prosesi yubada-yubada gedir. Qeyd edək ki, rayon və şəhərlərdə fəaliyyət göstərən marşurt avtobuslarında kart sisteminin tətbiq olunması məsələsi 2019-2023-cü il Yol Hərəkətinin Təhlükəsizliyinə dair dövlət proqramı layihəsində də öz əksini tapmışdı. Amma buna baxmayaraq, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi paytaxtın lap yaxınlığında yerləşən Sumqayıt şəhərində ləğv etdiyi nağdsız ödəniş sistemini bərpa eləməyə maraqlı deyil. Səbəb isə bilinmir. Ölkənin iri şəhərlərindən olan Sumqayıtda əhali hələ də gediş haqlarını nağd ödəyir, sahibkarlar isə kart sisteminə keçməkdən imtina edir. Nəticədə Sumqayıt şəhərində sərnişindaşıma ilə məşğul olan sahibkarlar AYNA-nın köməyi ilə külli miqdarda vergidən yayınır. Görünür, Sumqayıt sahibkarları AYNA ilə bu prosesdə çox asanlıqla dil tapa bilib. Geri qayıt |