Əsas Səhifə > Manşet, Cəmiyyət > “Naxçıvan Yol Təchizat” MMC-də qanunun tələblərinə niyə əməl edilmir

“Naxçıvan Yol Təchizat” MMC-də qanunun tələblərinə niyə əməl edilmir


Dünən, 10:02
“Naxçıvan Yol Təchizat” MMC-də qanunun tələblərinə niyə əməl edilmir
Naxçıvan Muxtar Respublikasında 2022-ci ildən bəri bir sıra struktur islahatlarının aparılması barədə çox yazılıb. Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin əsasında publik hüquqi şəxs statuslu Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi Muxtar Respublika Ali Məclisi sədri müavininın fərmanı ilə 17 noyabr 2023-cü ildə yaradılıb. 27 noyabr 2023-cü ildə Bəhruz Əli oğlu Əsgərov “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri təyin olunub.

Bundan başqa 31 iyul 2024-cü ildə nizamnamə kapitalı 100 manat olan “Naxçıvan Yol Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti də yaradılıb. Hüquqi ünvanı Naxçıvan şəhəri, Azərbaycan ev 57 olan MMC-nin qanuni təmsilçisi Məmmədli Abduləli Saleh oğludur.

İyul ayında yaradılmış “Naxçıvan Yol Təchizat” MMC -nin Naxçıvanın avtomobil yollarında hansı funksiyanı həyata keçirməsi barədə məlumat yoxdu. Amma dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız kiçik bir araşdırmada “Naxçıvan Yol Təchizat” MMC -nin Naxçıvanda yolların təmir tikintisindən daha çox avtomobillərə ehtiyat hissələrinin satınalmasına daha çox girişdiyi məlum oldu. Belə ki, MMC son bir-iki ayda asfaltyayan ehtiyyat hissələrinin satınalınmasına 233.241,87, bir ədəd pikap tipli avtomobilin satınalınmasına 67.800 , maşın və mexanizmlərin servis xidmətinin satınalınmasına 149.860,42, daşdoğrayan qurğunun ehtiyat hissələrinin və yağlarının satınalınmasına 101.946,81, kompüter, printer və digər avadanlıqların satınalınması 402.304,48 manat vəsait xərcləyib. Amma necə?

“Naxçıvan Yol Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən maşın və mexanizmlərin servis xidmətinin satınalınması üzrə 02.10.2024-cü ildə başlanılmış açıq tendrə yekun vurulub.Müsabiqənin qalibi “AVTO EHTİYYAT” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib seçilib və tərəflər arasında 149.860,42 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat dövlət satınalmalarının vahid internet portalında 04.12.2024-cü il tarixdə dərc edilib. Qeyd edək ki, “Naxçıvan Yol Təchizat” tərəfindən nəzərdə tutulmuş servis xidmətinin satın alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 244.321,36 manat müəyyən edilib.
Bundan əlavə “Naxçıvan Yol Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ehtiyat hissələrinin satınalınması və təmiri üzrə 11.09.2024-cü ildə başlanılmış açıq tendrə də yekun vurulub. Müsabiqənin qalibi “AVTO EHTİYYAT” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib seçilib və tərəflər arasında 511.203,49 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat dövlət satınalmalarının vahid internet portalında 04.12.2024-cü il tarixdə dərc edilib. Qeyd edək ki, “Naxçıvan Yol Təchizat” tərəfindən nəzərdə tutulmuş ehtiyat hissələrinin satın alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 1.204.674,39 manat müəyyən edilib.
Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatdan da görsəndiyi kimi satınalan təşkilat olaraq “Naxçıvan Yol Təchizat” MMC-nin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı “AVTO EHTİYYAT” MMC-nin təklif etdiyi qiymətlər arasında kəskin fərq var.
Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi “Naxçıvan Yol Təchizat” MMC açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı qiymət təqdim etmiş “AVTO EHTİYYAT” MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AVTO EHTİYYAT” (VÖEN: 0300886191) Məhdud Məsuliyyətli Cəmiyyətinin 05.01.2023-ci il tarixdə Naxçıvan MR 3 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BABƏK RAYONU, YARIMCA, qanuni təmsilçisi kimi isə Babayev Ülvü Məmmədhüseyn oğlu qeyd olunub.

Göründüyü kimi “Naxçıvan Yol Təchizat” MMC ilə “AVTO EHTİYYAT” MMC arasında bağlanmış satınalma müqavilələrində satın alınan malların qiyməti Qanunun tələb etdiyi ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağıdır. Bu da keçirilmiş tender prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaratmaqla bərabər, satın alınan malların mənşə və keyfiyyət sertifikatlarının olmadığına da şübhələr yaradır. Bu da öz növbəsində satın alınacaq malların keyfiyyət göstəricilərinin aşağı olma ehtimalını artırır.

Qeyd edək ki, satınalmalarda yol verilən bu kimi qanunsuzluqlara aydınlıq gətirilməsi məqsədi ilə “Naxçıvan Yol Təchizat” MMC-nin Satınalma Komissiyasına ünvanladığımız sorğuya cavab vermədilər. Görsənən odur ki, Muxtar Respublikada bu qədər struktur islahatlarının aparılmasına, kadr dəyişikliklərini edilməsinə baxmayaraq qanunları saymaq, əməl etmək adəti hələ də formalaşmayıb.

Aktualinfo.org

Geri qayıt