Əsas Səhifə > Manşet, Cəmiyyət > “Bank of Baku”nun “qanunsuz” krediti...

“Bank of Baku”nun “qanunsuz” krediti...


15-12-2024, 08:32
“Bank of Baku”nun “qanunsuz” krediti...
Taksi sürücüsü işləyən qohumu ilə əlbir olub “Bank of Baku”nun Şirvan filialında külli miqdarda qanunsuz kredit ayırmaqda təqsirləndirilən həmin bankın kredit mütəxəssisinin və qohumunun cinayət işləri üzrə məhkəmə prosesi yekunlaşıb.
Belə ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Əli Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, “Bank of Baku”nun Şirvan filialının kredit mütəxəssisi olmuş Abbasov Bəhrəm Abdulla oğlu səkkiz il altı ay müddətə azadlıqdan məhrum edilib.
Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, banklar müstəqil təşkilatlardır və müstəqil təşkilat olduqları üçün özlərinin maliyyə vəziyyətinə birbaşa cavabdehliyi həyata keçirirlər. Banklar haqqında qanuna görə, o cümlədən bankların özlərinin daxili təlimatlarına əsasən dövrü və ya növbədən kənar olmaqla bir sıra yoxlamalar həyata keçirilir. Bu yoxlamalardan biri də daxili audit yoxlaması vəya Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən bankların yoxlanılmasıdır. Əgər bankların yoxlanılması zamanı hərhansı bir uyğunsuzluq aşkar olunarsa və ya düzgün olmayan şəkildə dəyərləndirilməklə kreditlərin ayrılması baş verərsə və ya kreditlərin ayrılmasında şübhəli əməliyyatlar hiss olunarsa və ehtimal olunarsa, bununla bağlı sənədlər toplanılır, şübhələr daha ciddi formada olduqda həmin material Azərbaycan Respublikası prokurorluğuna göndərilir və prokurorluğun əməkdaşı tərəfindən istintaq hərəkətləri nəticəsində törədilən və ya törədilməsi ehtimal olan cinayətin araşdırılmasına başlanılır.

Hüquqşünas vurğulayıb ki, əgər, müəyyən olunsa ki, bu şəxslərin əməllərində qanunsuzluq var, o zaman Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (yalançı sahibkarlıq) 193-cü maddəsinə əsasən, əgər şəxsin adından yalançı sahibkarlıq edirmiş kimi hərəkətlər olarsa, nəticədə cinayət işi bu maddə ilə başlanılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 195-ci maddəsinə uyğun olaraq, qanunsuz kredit alma və ya krediti təyinatı üzrə istifadə etməmə cinayətinin də törədilməsi mümkündür.

“Bildiyiniz kimi bankların bir sıra kredit məhsulları olur, burada istehlak krediti olur, avtomobil krediti olur, ev təmiri krediti olur və s. Sadaladıqlarımla bağlı bankın kredit mütəxəssisini və yaxud bankın daxili araşdırmanın kreditin təyinatı üzrə istifadə olunub-olunmaması ilə bağlı yoxlama aparmaq səlahiyyəti var. Əgər həqiqətən də krediti təyinatından kənar istifadə etmək müəyyən olunarsa, müvafiq material toplana və hüquq mühafizə orqanlarına müraciət oluna bilər. Krediti təyinatı üzrə istifadə etməmə nəticəsində xeyli miqdarda ziyan vurularsa, ziyanın 2-3 mislinə qədər cərimə, 2 il müddətinə qədər islah işləri, 1-2 il azadlıqdan məhrumetmə cəzası təyin oluna bilir. Eyni zərər külli miqdarla vurulduqda, 2-5 il azadlıqdan məhrumetmə cəzası da təyin oluna bilir. Bankın əməkdaşları barəsində isə 308-ci maddəyə uyğun olaraq, vəzifə səlahiyyətlərini aşma və ya 313-cü maddəyə uyğun olaraq, vəzifə saxtakarlığı cinayətlərinin törədilməsi ilə bağlı ittiham da elan oluna bilər”-deyə Ramil Süleymanov bildirib.
Geri qayıt