Əsas Səhifə > Manşet, Gündəm > AKADEMMAFİYA...

AKADEMMAFİYA...


11-12-2024, 08:15
AKADEMMAFİYA...
"Hər elmi-tədqiqat müəssisəsinin, hər ali məktəbin özünün qeyri-leqal saxta dissertasiya şəbəkəsi var. Orada bakalvr, magistr, fəlsəfə və elmlər doktorluğu diplomuna qovuşmaq, hətta dərslik, dərs vəsaiti, monoqrafiyalar istifrazına nail olub dosent, professor titullarını almaq üçün hər cür saxta xidmətlər göstərilir. Bir sözlə, mütəşəkkil şəbəkənin gücü ilə ictimaiyyətə yalan, şişirtmə açıqlamaların ("elm belə inkişaf edir", "plagiat maşını plagiatı bitirdi" "yeniləşmə", "inkişaf") verilməsi fonunda Dövlət qurumunda dövlətin özünə qarşı çevrilən qara bazar inkişaf edir, çirkli pullar elmin sifətini çirkaba döndərir". "DİA-AZ" xəbər verir ki, bunu öz etirazında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru İdris Abbasov ifadə edib.

O daha sonra davam edir: "Çox paradoksaldır. Sanki dövlət deyir ki, gəlin, sizə qanunsuz işlərinizi gerçəkləşdirib qeyri-leqal yollarla pul qazanmanız, qudurmanız, harınlamanız, faydasızlaşmanız, laqeydləşməniz, dərəbəylik etməyiniz üçün rahat şərait yaradım, üstəlik, pul da ayırım, siz isə xoşbeş azğınlıq edin, ölkəni böyrü üstə qoyun, məsuliyyətdən narahat olmayın!
Məlumata görə, qiymətlər 15 -30 min arasında dəyişir. Hətta bir aya bir namizədlik dissertasiyası yazanlar da var. Bu işdə makler-alim, montajçı-alim, ovçu-alim, bəhanəçi-alim, vahimə yaradan alim kimi şəbəkə üzvləri fəaliyyət göstərir. Bunları dəqiqləşdirmək və aydınlaşdırmaq üçün kiçik bir qanuni müdaxilə yetər. Şəffaflıq olmayan yerdə şəxsi maraqlar, xəyanətlər, satqınlıqlar baş alıb gedər.
Son zamanlar sosial şəbəkələrdə dissertasiya xidmətləri ilə bağlı geniş reklamlar gedir. Az qala 10-15 dəfə ucuz qiymətlər təklif olunur. Bu reklamlar akademşəbəkənin dissertasiya qanadının boslarını bərk narahat edib. Səfərbər olunublar. Təbii ki, əllərinin altında olan dissdertan və doktorantların hünərləri nədir ki, bunları qoyub getsinlər ucuz qiymətə şey yazdırsınlar. Dərhal daxili səfərbərlik elan edib həmin dissertantın nəfəsini kəsərlər. İlkin müzakirədən tutmuş AAK-a qədər canlarını alıb diplom üzünə ömürlük həsrət qoyarlar. Belə qeyri-leqal, rahat, şahanə qazanc yerini əldən verərlərmi?! Saxta dissertasiya şəbəkəsinin professor üzvlərindən bu qazancla üst-üstə neçə yüz minlik evlər, mülklər alanlar var, hərçənd ki, maaşları min manatı aşmır. Saxta akademik tərənnümlər acı reallığı sonadək inkar və ya ört-basdır etmək gücündə deyil.
PS. Plagiat maşını dedikləri şey isə gözə kül üfürmənin ideal vasitəsidir. Halbuki ölkə reallığında bu, bir işə yaramır, əksinə, ənənəvi saxtakarlığa dürüstlük donu geyindirməkdə yardımçı vasitə rolunu oynayır.
Allaha, dövlətə, insana, ümumən, hansısa müqəddəsata inamı olmayan imansız və vicdansız alim dəstəsi sabahımızı məhv edən gerçəkləri, təəssüf ki, gizlədirlər.
Akademşəbəkənin ölkə boyu fəaliyyəti nəticəsində elm nurun yox, zülmətin sinoniminə çevrilib..."

Geri qayıt