Əsas Səhifə > Manşet, Ölkə > Yevlax təhsilində TƏFTİŞ TƏLAŞI...
Yevlax təhsilində TƏFTİŞ TƏLAŞI...7-12-2024, 11:12 |
Yevlax təhsil sistemilə bağlı çoxsaylı şikayətlərin ardından nəhayətdə təftiş qərarı verilib. Yoxlama bütün məktəblər və regional idarədə aparılır. Məktəb direktorları sözün əsl mənasında yollarda qalıblar. Müfəttişlər sentyabr ayından bu günlərə kimi tədris ilinin hesabatını tələb edirlər. Məktəb rəhbərləri qaydalara uyğun müyyən olunmuş vaxtlarda hesabat versələr də indi həmin sənədlər təhsil idarəsində tapılmır. Regional idarədə kimlərinsə səhlənkarlığına görə məktəb rəhbərləri vaxtında gördükləri işi bir daha görməyə məcbur olublar... Biz bu problemlər haqqında məqalələrlə çıxış edib məsələni göstərmişik. Çox təəssüf ki, yerlərdə kiçik məmurlar vaxtında əhalini narahat edən məsələləri həll etmirlər. Daha doğrusu, həll etmək istəmirlər. Başları əyri işlərə o qədər qarışır ki, qanun-qayda yadlarından çıxır. Elm və Təhsil Nazirliyi yoxlamanı indi yox, xeyli əvvəl göndərməli idi. Mərkəzi Aran Regional Təhsil İdarəsində qanunsuzluqlara yol vermiş Elçin Kərimovu cəzalandırmaqdansa, aparıb Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müdir qoydular. O da adəti üzrə yeni yerində də əməllərini davam etdirərək, hətta dövlət qurumunun qanuni qərarını icra etməyib. Buna görə də məhkəmənin qərarı ilə 2 min manat civarında cərimələnərək inzibati cəza alıb. Bax, budur "göstərici". Ümummilli Lider Heydər Əliyev deyirdi: " "cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipial mövqeyimdir..." Amma Elçin Kərimov kimilər, Yevlax təhsilində at oynadan Namidə, Zərif xanımlar dahi rəhbərin dediklərinin tam əksini edirlər. Təhsil sahəsindən kəsib özlərinə gün-,güzəran düzəldirlər. Yevlax rayonunun təhsil sferası qalıb vaxtilə 12 balla direktor olmuş Namidə xanımın əlində. Amma bu xanım özündən bir neçə dəfə çox xal yığmış adamları işlə təmin etmir. Sosial pedaqoq kimi də işə götürmür. İllərini məktəbə vermiş bir adam, həm də yerli sakin indi işsiz qalıb. Şikayətini işıqlandırdığımız Leyla xanımın dediyinə görə 4 nömrəli məktəbin direktoru Zərif xanım ondan işə düzəlməyi üçün 5 min manat rüşvət istəyib. Deyib ki, bu məbləğin 3 mini sektor müdiri Namidə xanıma çatacaq, qalanı isə özündə qalacaq. Bu qədər sadə. Pulunu ver, işin olsun. Ya da Namidə xanımın rəfiqəsi, dostu olmalısan. Çünki bu xanım hər yerə öz rəfiqələrini düzüb arxasında dayanır. Məsələn, Xaldan məktəbinə rəfiqəsini direktor qoydurub. Vaxtilə SSRİ səviyyəsində qabaqcıl məktəblərdən biri olub bu təhsil ocağı. İndi bu adamların sayəsində qanunsuzluqlar baş alıb gedir. Bir ildir burada prokurorluq araşdırma aparsa da yolun sonuna gəlib çıxa bilmirlər. Elə bil hansısa sehrli qüvvə buna mane olur. Yaxud, götürək 3 nömrəli məktəbi. Bu məktəbin 3 ildən çoxdur direktoru yoxdur. Heç kim də narahat olmur. Zəruri xalı toplaya bilməyəni də işsiz qoymur. Müxtəlif ştatlara yerləşdirir. Hətta xadimə kimi ştata saldırıb yanlarında köməkçi kimi gəzdirdikləri adamlar da var. İndi yoxlamaya görə həmin şəxsi xadimə kimi işə çıxardıblar. Məktəbdə dolma bükülməyini eşitməmişdik, onu da bildik. Bir sözlə, kim işsiz qalmaq istəmirsə, boğazından kəsib Namidə xanımın qılıncının altından keçir, bunu etməyənlər isə Leyla xanım kimi, Qaraməmmədli məktəbindəki texniki sahədə çalışan bir şikayətçi kimi qara siyahıya düşür. Vaxtilə işə sadə bir çanta ilə gələn Namidə xanım indi ərazini hündür maşınlarda gəzir, hündür evlərdə yaşayır, oliqarx həyatı yaşayır. Sual olunur, sektor müdirinin məvacibi ilə bütün bunları etmək mümkündürmü? Bəlkə də başqa maliyyə mənbəyi var. Onda əlaqədar orqanlar, vergi müfəttişliyi müvafiq sənədləri, vergi bəyannaməsini tələb etsin, görək bu qədər mal-mülkü bu xsnım sektor müdiri keçdikdən sonra necə qazanıb? Görəsən sektor müdiri keçənə qədər bu varidat niyə olmayıb? Elə indi rayonda işləyən yoxlama komissiyasına da bu sualları ünvanlayıram. Sima Babayeva Geri qayıt |