Əsas Səhifə > Manşet, Gündəm > Respublika Xəstəxanasından rüşvət görüntüləri

Respublika Xəstəxanasından rüşvət görüntüləri


6-12-2024, 01:27
Respublika Xəstəxanasından rüşvət görüntüləri
Bu günlərdə M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının, təmirə dayandığı üçün, müvəqqəti olaraq Bilgəhə köçürüldüyü haqda məlumat verildi. Əlbəttə, vətəndaşların daha çox müraciət etdiyi dövlət xəstəxanalarının yüksək səviyyədə təmir olunması arzuolunan haldır. Lakin təəssüflə qeyd etməliyik ki, dövlət büdcəsindən bu məqsədlə ayrılan təmir xərcləri bəzi hallarda vətəndaşların cibindən çıxarılır. Söhbət ondan gedir ki, bu kimi xəstəxanalar təmir olunduqdan sonra “daha yüksək” xidmət adı altında “xidmət haqqı” və rüşvətin qiyməti dəfələrlə artırılır.

Çox güman ki, haqqında bəhs etdiyimiz Respublika Kliniki Xəstəxanasında da təmirdən sonra analoji vəziyyətlə qarşılaşacağıq. Çünki bu xəstəxanada pasiyentlərin “soyulması” halları yeni deyil.

Dəyərli oxucuların diqqətinə çatdıraq ki, bugünlərdə yaxın qohumumun xəstəliyi ilə əlaqədar tez-tez Respublika Kliniki Xəstəxanasına getməli, demək olar ki, hər gün ona baş çəkməli oldum. Çox təəssüflə qeyd edirəm ki, bu xəstəxanaya getdiyim təxminən bir həftə ərzində demək olar, hər gün insanlara açıq-aşkar zülm edildiyinin canlı şahidiyəm. Belə ki, dövlət büdcəsindən maliyyələşən bu xəstəxanada istər müalicə, istər də əməliyyat olunan insanlar, eləcə də onların yaxınları açıq-aşkar “soyulur”, hər addımbaşı külli miqdarda rüşvət verməyə məcbur edilirlər.

Ən maraqlısı isə odur ki, bu xəstəxanada rüşvət vermədən nəinki xəstələrlə görüşmək mümkündür, hətta onlara ərzaq, geyim əşyaları belə, göndərmək pulludur. Xüsusilə də hansısa səbəbdən qeyri-görüş saatlarında xəstə yaxınına baş çəkməli olsan, səni onunla görüşdürmək bir yana, hətta ona gətirdiyin əşyaları, yeməyi belə, ünvanına çatdırmağa imkan vermirlər. Yaxud da həmin əşyalar vaxtında deyil, saatlar sonra xəstəyə çatdırılır. Yox, özün şəxsən aparıb vermək istəyirsənsə, mütləq ya mühafizəçiyə, ya da tibb bacısına 10 manat ödəniş etməlisən. Əgər vətəndaş öz xəstə yaxını ilə “növbədənkənar” görüşmək istəsə, bunun üçün mütləq əlavə 10 manat da ödəməlidir. Bu halda, ərzaq və digər əşyaların xəstəyə çatdırılması üçün də əlavə 5 manat tələb olunur.

Çox təəssüflə qeyd edirik ki, Respublika Kliniki Xəstəxanasında bu cür “rüşvəttoplama əməliyyatı” kimsədən çəkinmədən, hər kəsin gözü önündə, üstəlik də nəzarət kamerasının düz qarşısında aparılır. Hətta nağd pulu olmayan vətəndaşlar mühafizəçinin, yaxud tibb bacısının bank kartına köçürmə edə də bilirlər.

Əlbəttə, bu xərclər yalnız gün ərzində 1 dəfə daxil olmaq üçündür. Yəni gün ərzində ikinci dəfə içəri keçmək istəyərkən, daha 10 manat vermək məcburiyyətindəsən. Maddi imkanı, yaxud içəridə tanışı olmayanlar, heç bir halda öz yaxınları ilə görüşə bilməzlər.

Yazımızın əvvəlində qeyd etdiyimiz kimi, günün müəyyən vaxtlarında xəstələrlə görüş saatı müəyyən olunsa da, bu, formal xarakter daşıyır. Çünki, fakiktiki olaraq 10 manat ödəniş etmədən içəri keçmək heç bir halda mümkün olmur.

Təbii ki, daha böyük biabırçılıq içəridə baş verir. Burada hətta sığorta ilə əməliyyat olunan vətəndaşlar belə, həkimə, tibb bacılarına, sanitar xidmətin əməkdaşına gündəlik pul ödəmək məcburiyyətindədir. Əks halda nə həkim, nə də tibb bacısı vaxtı- vaxtında xidmət göstərmir, iynə-dərmanlar belə vaxtında verilmir.

Dediklərimizin sübutu üçün burada baş verən bir faktı da dəyərli oxucuların diqqətinə çatdıraq. Xəstə yaxınımıza baş çəkən zaman onunla qonşu palatada müalicə alan bir şəxsin gecələr qışqırdığı haqqında məlumat əldə etdim. Aydın oldu ki, biçaqlandığı üçün xəstəxanaya müraciət bu şəxs ağır psixoloji sarsıntı keçirdiyindən, orada hər gün səs-küy salırmış. Halbuki, bu kimi xəstələrə vaxtı-vaxtında ağrıkəsici vurulmalıdır. Lakin onunla birgə olan anasının həkimlərə, tibb bacılarına pul vermək imkanı olmadığından, övladına ağrıkəsici vurulmurmuş. Anası həkimdən oğluna ağrıkəsici vurulmasını xahiş etdikdə, “bizdə iynələr sayla verilir, başqasının iynəsini sənin oğluna vura bilmərəm”, - deyə imtina edilib. Sonradan qadın pul verdiyi üçün xəstəyə yardım olunub və iynə ilə sakitləşdirilib.

Onu da qeyd edək ki, baş həkim zaman-zaman xəstələrə gəlib baş çəkdiyi zaman onlara həkim və tibb bacılarına rüşvət verdikləri haqqında heç yerdə heç nə deməmələri ilə bağlı xahiş edirmiş. Bütün bunlar isə onu deməyə əsas verir ki, Respublika Kliniki Xəstəxanasında aşağıdan yuxarıya hər kəs burada mövcud olan “rüşvət pramidası”nın içərisindədir. Bu sxem elə qurulub ki, hətta icbari sığorta ilə xəstəxanaya müraciət edən pasiyentlər belə, gündəlik verəcəyi rüşvəti öncədən ayırıb kənara qoymalıdırlar. Əks halda heç bir tibbi xidmətdən söhbət gedə bilməz.

Göründüyü kimi, Respublika Kliniki Xəstəxanasının təmirə dayanması bir tərəfdən yaxşı hal olsa da, digər tərəfdən burada rüşvətin “taskı”sının qalxmayacağına kimsə zəmanət verə bilməz. Odur ki, vətəndaşlara layiqli tibbi xidmət göstərmək üçün bərbəzəkli xəstəxanalar tikmək əvəzinə, mövcüd olan potensialdan daha səmərəli faydalanmaq, ən əsası isə pasiyentlərə insan kimi yanaşmaq lazımdır. Bu olmayacağı təqdirdə, xəstəxanaların təmirinə, yenilərinin tikintisinə milyonlarla manat ayırmaq mənasızdır.

Hurriyyet.az


Geri qayıt