Əsas Səhifə > Manşet, Gündəm > Keçmiş deputatın oğlu camaatı BOĞAZA YIĞIB...
Keçmiş deputatın oğlu camaatı BOĞAZA YIĞIB...4-12-2024, 08:53 |
Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsi 21 və Süleyman Rüstəm küçəsi 66 ünvanında yaşayan sakinlər - Qurbanov Nazir Canəli oğlu, Əmirova Gülgəz Şamil qızı, Alıyev Oruc Əlrza oğlu, Cəfərov Rasim Əhməd oğlu, Qurbanova İpək Xucu qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. “GRAND PLAZA” MMC-dən şikayət edən sakinlərin məktubunu olduğu kimi dərc edirik: “2016-cı ildən yaşadığımız Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsi 21 və Süleyman Rüstəm küçəsi 66 ünvanında keçmiş deputat Əsabil Qasımov və oğlu Taleh Qasımova aid olan “GRAND PLAZA” MMC tərəfindən yaşayış evlərimiz alınaraq, sökülməyə başlamışdır. Yaşayış olmasına baxmayaraq, evlər sökülərək həyətyanı sahə xarabalığa çevrilmişdir. Belə ki, 39 ailədən 23 ailə köçürülmüş, razılıq alınmayan evlərə bitişik mənzillər isə qəsdən qəzalı vəziyyətə salınmışdır. Beləliklə, 8 ildir yaşadığımız mənzillər qəzalı vəziyyətə salınmış və biz sakinlər demək olar ki, bütün dövlət orqanlarına yazılı müraciət etməyimizə baxmayaraq, heç bir dövlət orqanı problemlə bağlı maraqlanmamışdır. “GRAND PLAZA” MMC-nin sahibi Əsabil Qasımov sakinləri bezdirmək məqsədi ilə illərdir onları xarabalıq vəziyyətdə yaşamağa məcbur etməkdədir. Hazırda həmin ünvana yaxın ərazidə, Əsabil Qasımova məxsus binada mənzilin təmirsiz 1 kv.metrinin qiyməti 3500-4000 manat, qeyri-yaşayış sahəsinin kv.metri 12 min və 13 min manatdır. Qalan sakinlərə isə təklif etdikləri məbləğ bu qiymətlərin yarısı belə deyil. Sakinləri bu vəziyyətdə saxlamalarının əsas məqsədi insanların bezərək, onların təklif etdikləri məbləğlə razılaşmalarıdır”. Redaksiyadan qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |