Əsas Səhifə > Manşet, Gündəm > AMEA GERÇƏKLİYİ: Su üzərində sabun köpüyü...

AMEA GERÇƏKLİYİ: Su üzərində sabun köpüyü...


29-11-2024, 09:32
AMEA GERÇƏKLİYİ: Su üzərində sabun köpüyü...
"İsa Həbibbəyli deyib ki, "2022-ci ildən etibarən Yeniləşən Akademiyanın qurulması istiqamətində mühüm islahatlara başlanılıb". Dünyanın ortabab mütərəqqi xalqına desən ki, biz iclaslarda inkişaf edirik, ciddi qəbul etməzlər... “AMEA-nın 2025-2030-cu illər üçün İnkişaf Konsepsiyası və Yol Xəritəsi” ibarəsini vaxtaşırı təkrarlamaqla, sadəni mürəkkəbləşdirməklə kimisə qurumda mövcud olmayan inkişaf və yeniləşməyə inandırmaq olmayacaq. Akademşəbəkənin zərərli fəaliyyəti daxil, hər şey ortadadır. Su üzərində sabun köpüyü... Halbuki inkişafın düsturu çox sadədir. Vicdanla işləyirsən, vəssalam..." "DİA-AZ" xəbər verir ki, bunu öz etirazında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru İdris Abbasov ifadə edib.

O daha sonra davam edir: "İş görmək lazımdır, İsa müəllim! Akademiyaya "İnkişaf et!", "Yeniləş!" deyib iclas keçirməklə nə inkişaf olur, nə də yeniləşmə. Buna gözə kül üfürmə deyirlər. İstəsəniz, sizin redaktorluğunuzla dövlətin puluna çap olunub reklam edilən kitabın zərərlərini, ya da sizin AMEA-ya prezident gələndən bu yana hansı elmi maxinasiyaların, saxtakarlıqların baş verdiyini sübut edərəm.Təkrar-təkrar deyirsiniz ki, guya siz prezident olandan sonra akademiya başlayıb yeniləşməyə və inkişaf etməyə. Hanı? Daha bu qədər də yox da.
Elmi deyil, elmsizliyi, dostbazlığı və digər mürtəce yaxınlıq bağlarını dəyərləndirirsinizsə, fədakar alimə paxıllıq və nifrət edirsinizsə, rüşvətə boyun əyməyən, yaltaqlıq, məddahlıq etməyən, elmi saxtakarlıqla dövlətə və xalqa vurulan ziyanları ifşa edib kürkünüzə birə salan səmimi alim həmkarınızın ağır maddi durumuna baxıb sevinirsinizsə, sizin bu performanslarınıza hansı ağıllı adam inanar?!
Siz elmi inkişafın, ümumiyyətlə, Vətən övladlarının sözün həqiqi mənasında əsl savad, elm, mərifət qazanmasının rağibi deyilsiniz, İsa müəllim! İstəsəniz, bunu da isbatlamağa hazıram. Diplomu demirəm, təbii ki. Məhz savad, elm, mərifət qazanılmasını deyirəm!.."

Geri qayıt