Əsas Səhifə > Manşet, Hadisə > Din tayfası da Nəcəflidən GİLEY EDİR

Din tayfası da Nəcəflidən GİLEY EDİR


27-11-2024, 08:11
Din tayfası da Nəcəflidən GİLEY EDİR
"7-ci əsrdən indiyə qədər bütün İslam dünyasında siyasi hakimiyyətlərin legitimliyini məscidlərdə oxunan xütbələr müəyyənləşdirirdi. İslam xəlifəsi bir regiona vali və ya xan təyin edəndə axundlara fərman göndərirdi ki, bundan sonra xütbələrinizi filakəsin nəfinə oxuyacaqsınız. Bir çox hallarda valilər işdən qovulduqlarını və yerlərinə başqasının təyin olunduğunu məsciddə oxunan xütbələrdən anlayırdı. Hətta zaman-zaman xütbələrdən narazı qalan idarəçilərin qoşunlarını toplayıb xilafət mərkəzinə hücum etdikləri də tarixə həkk olunub..." "DİA-AZ" xəbər verir ki, bunu öz açıqlamasında tanınmış jurnalist Heydər Oğuz qeyd edib.
O daha sonra əlavə edib: "Düzdür, Azərbaycanda və Orta Asiyada sovet hakimiyyəti qurulduqdan sonra bu ənənə də ortadan qalxdı. Bunun bir səbəbi coğrafiyamızda ateist dövlətlərin qurulması idisə, digər səbəbi də xilafətin ləğv olunması idi. Bununla belə, məscid və camilərdə dövrün “padşah” və valilərin xilafına fikir bildirilməməsi ənənəsi sovet hakimiyyəti illərində də özünü qoruyurdu. Görünür, ateizmə sarılan sovet hakimiyyəti belə, tarixən formalaşmış məşruiyyət anlayışını təhtəlşüurlarda yaşatmağa üstünlük verirdi. Bu da səbəbsiz deyil. Legitimliyin bir əsası qanunilikdirsə, digəri müqəddəslikdən nəşət tapırdı.
Məscid və camilərdə kimlərəsə lənətlərin oxunması isə fövqəladə hadisə hesab olunurdu. Məsələn, sovet hakimiyyəti illərində insanlığın ən böyük düşməni sayılam faşizmə və Hitlerə lənət oxunub. Necə ki, meyxanalarda belə bu lənət oxunuşu çox populyar idi. Bir sözlə, sovet hakimiyyəti belə, mədəniyyət sahəsi hesab etdiyi bütün sektorlarda bu ənənəyə sadiq qalmışdı.
Müstəqillik dövrümüzdə isə mollaların və axundların lənətlədiyi bir ünvan vardı – erməni separatizmi və vəhşiliyi.
Son zamanlar Naxçıvanın din xadimləri lənətlənmişlər siyahısına birini də əlavə ediblər. Sizcə, bu “seçilmiş” şəxs kim olsa yaxşıdır? – Bəli, düz tapdınız, əlbəttə ki, “canişin” əfəndi.
Bəs, “canişin” əfəndini lənətliklər siyahısına əlavə edilməsinin səbəbi nədir?
Naxçıvan mollalarından birinin redaksiyamıza ünvanladığı məktubda bu suala aydınlıq gətirilib. Sən demə, bütün bəd əməllərinə baxmayaraq, lənətullahlar siyahısına salınmayan Vasif “xan”ın dövründə ildə 4 dəfə mollalara mükafatlar verilirmiş. Bundan əlavə, Naxçıvan mollaları Qurban bayramından əvvəl ət, digər bayramlarda isə qutu-qutu ərzaq alırmışlar. “Canişin” həzrətləri Naxçıvanda peyda olandan bunlar da kəsilib. Binəva mollaların maaşları da müxtəlif bəhanələrlə kəsilir və onların normal işləməsinə izn verilmirmiş. Ən qəribəsi isə odur ki, mollalara göndərilən yeni şifahi təlimatda “canişin” əfəndi məclislərə girərkən hamısının bir nəfər kimi farağat durması əmr olunub.
Molla və axundlar da sonunda özlərinin ən güclü silahlarına – bəd-dua və qarğışlara əl atıblar. İddialara inansaq, indi hər gün Naxçıvan məscidlərində “canişin” həzrətlərinə bir pors lənət oxunurmuş. Eynilə, Abbasilər xilafətində Əməvi böyüklərinə, o cümlədən Yezid İbn Müaviyəyə lənət oxunan kimi.
Dərd burasındadır ki, bayramdan-bayrama mükafatı kəsilən təkcə mollalar deyilmiş. Mədəniyyət xadimləri də eyni dərddən müztəriblərmiş. Onların da mükafatları və digər ödənişləri kəsilib. Amma onların əlində mollalar kimi "lənətullah" strateji silahı olmadığına görə, sadəcə gileylənməklə mübarizələrini tamamlayırlar..."

Din tayfası da Nəcəflidən GİLEY EDİR

Geri qayıt