Əsas Səhifə > Manşet, Siyasət > İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...

İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...


25-11-2024, 10:47
İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
Azərbaycanda sürücüləri cərimələyən qurumların tayı-bərabəri yoxdur. Onlar dünya üçün analoqu olmayan nümunədirlər. Eyni zamanda, ilbəil ya cərimə yazan strukturların sayı artır, ya da dəyişir. Əvəzində isə keyfiyyət dəyişmir, xidmət yoxdur və sadəcə, narazılıq yaradırlar. Elə narazılıq çoxaldığına görə də struktur dəyişiklikləri edilir ki, bəlkə əvvəlki qanunsuzluqlar unudula. Məsələn, indi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi var. Hazırda bu qurumun əməkdaşları zəli olub sürücülərin canına yapışıb. Bu qurumun əməkdaşlarının əksəriyyəti axşam saatlarında, "dərə xəlvət, tülkü bəy" vaxtı gəlib cərimə yazıb qaçırlar. Üstəlik, bir çoxu həddən artiq qorxaqdırlar. Sözlərini sürücülərə deməyə cəsarətləri yoxdur. Ona görə də gizli gəlib cərimə yazıb aradan çıxırlar. Sürücü də bilmir ki, hansı ərazidə çəkilib. Sadəcə, cərimə olunması haqda ümumi mesaj alır. Əvvəllər bu işi Bakı Nəqliyyat Agentliyi adından edərdilər. Sonra BNA AYNA-nın tabeliyinə verildi. Pah, çox böyük islahat olubmuş... Camaat heç bilmir ki, BNA nə işlə məşğuldur, AYNA hansı fəaliyyəti yerinə yetirir. Sadəcə, büdcəyə yük olan strukturların sayı artırılıb, ofislərdə işləyənlər dövlətdən maaş alır, yollarda olan müffətişlər də keçmiş nazir Ziya Məmmədovun "qoçu"ları kimi düşüblər küçələrin canına, sürücüləri cərimələyirlər. Bu mesajlar gah, AYNA, gah BNA adından göndərilir. Onsuz da bir-birinə bağlı olduğuna görə kimin cərimələməsi də əhəmiyyətsizdir. İntəhası, AYNA İdarə Heyətinin sədri Anar Rzayev özünü islahatçı kimi piar edir. Amma fakt budur ki, xalqa qarşı açılan AYNA-lı böyük narazılıq doğurur. Axı cərimələmək çıxış yolu deyil. Heç bir inkişaf etmiş ölkə siyasətini cərimə üzərində qurmayıb, çünki bunun effektiv olmadığını qəbul ediblər. Yalnız bizim kimi büdcəni talayıb, xalqı isə soyanların təfəkküründə bu yanaşma var ki, bacardıqca çox cərimə yazaq. İkincisi, bu cərimələr bir çox hallarda əsassız yazılır, dayanma - durma qadağası olmayan yerlərdə belə gizli şəkildə gəlib sürücüyə cərimə yazıb qaçırlar. Halbuki həmin əməkdaş avtomobilin yanında dayanmalı, sürücüyə xəbərdarlıq və izah etməlidir ki, nəyə görə burada saxlamaq olmaz. Heç bir izahat yox, maariflənmə yox, ucdantutma cərimələmək var. Bu, sadəcə, ayıbdır və biabırçılıqdır. Necə ki BNA və onun sədri Vüsal Kərimli dövlətin, xalqın, prezidentin gözündən düşdüsə, bu gedişlə AYNA və onun rəhbərliyinin də oxşar aqibəti yaşaması istisna deyil. Biz Ziya Məmmədovların, Vüsal Kərimlilərin taleyini də görmüşük. Prezident yeni qurumlar yaradılarkən demir ki, gedib xalqı soyun, harda tutduz cərimələyin. Əksinə, problemlərin həllini tapşırır, strategiya, konsepsiya tələb edir. Amma bizdə hər yeni yaranan qurumun ağlı ancaq onu kəsir ki, cərimələyək, vəssalam. AYNA əməkdaşları da ağac dalında gizlənib cərimə yazmaqla çox qabağa gedə bilməyəcəklər.
Fakt budur - Azparkinq əməkdaşları geyinib bir uniforma, düşüblər şəhərin canına. Şəhər nədir, məhəllələrdə, tinlərdə cərimə yazırlar. Təsəvvür edirsinizmi, bir sürücünü cərimələmək istəyən neçə qurum var? Gərək partizan olasan ki, bu situasiyadan çıxasan. Bir tərəfdən avtobus xəttinə girmək olmaz, o tərəfdən dayanma-durma qaydası pozulmamalıdır, başqa yandan parklanmaya riayət edilməlidir... Sürücülər ancaq və ancaq cərimə edilməmək haqda fikirləşirlər. Belə avtomobil idarə etmək mümkün deyil.
O da deyilməlidir ki, Bakı Nəqliyyat Agentliyi ləğv edilsə də protokolun əvvəlinə BNA yazılması doğru deyil və BNA da ləğv edildiyi üçün AYNA düzgün iş görmür. Bir sözlə, daha bir qurumdan qurtuluş lazımdır və dövlət bu məsələyə baxmalıdır...

Azər Talıbov
Anaxeber.info

Geri qayıt