Əsas Səhifə > Manşet, Siyasət > Naxçıvanda `Xan` gedib... `Canişin` gəlib...
Naxçıvanda `Xan` gedib... `Canişin` gəlib...1-10-2024, 09:42 |
"Naxçıvanda “xan” dövründə Facebookda Elçibəyin şəklini bəyəndiyinə görə Bənəniyar kəndinin sakinindən 15 min manat rüşvət alıb azadlığa buraxmışdılar..." diaaz.space xəbər verir ki, bunu öz sosial şəbəkə hesabında tanınmış jurnalist Heydər Oğuz bildirib. Naxçıvan Muxtar Respublikasında Fuad Nəcəflinin də eynən Vasif Talıbovun dövründəkinə bənzər idarəetməyə üstünlük verməsinə etiraz edən H.Oğuz daha sonra bildirir: "“Xan” getdi, “canişin” gəldi. Düşünmək olardı ki, bundan sonra sosial şəbəkələrdə kiminsə yazısını bəyənmək və ya paylaşmaq qadağası ləğv ediləcək. Təəssüf ki, bu baş vermədi. İndi hətta Naxçıvanın yeni “xan”ları peyda olub. “Canişin” barədə nə yazırsan yaz, “gözünün üstündə qaşın var” deyən yoxdur. Amma nəbadə Naxçıvan TMİB-in icraçı direktoru Vüsal Məmmədov barəsində başqasının çəkdiyi videonu bəyənəsən, yaxud paylaşasan, dərhal səni məhkəmə ilə susdurar. Bunu Vüsal Məmmədovun özü rəsmən mənim üzümə deyib, bununla da kifayətlənməyib hələ fikirlərini ifadə edən rəsmi açıqlama da göndərib. Və üstəlik, məndən tələb etdiyi də Media qanunvericiliyə uyğun olmayıb. Çünki bu qanunvericilikdə hansısa yazını silmək yox, uzaqbaşı təkzib etmək tələb olunur. Özü də onu yazandan, paylaşandan yox. Bütün bu biabırçılıq onu göstərir ki, Naxçıvanda “xan” rejimindən daha despot bir sistem qurulur. Hətta qurulmaqda olan bu yeni despot rejimində “xan”ın belə ağlına gəlmədiyi metodlar sınaqdan keçirilir. Məsələn, bütün xəstəxana işçilərinin müddətsiz əmək müqaviləsini ləğv edib, onlara zorla müddətli əmək müqaviləsi imzalatdırırlar. Eynilə Roma quldarlığında olduğu kimi. Məqsəd nədir? Təbii ki, həkim və tibb bacılarını kölə vəziyyətinə salmaq, onları işdən atılmaqla təhdid etmək. Bir sözlə, Naxçıvanda yeni köləlik rejimi qurulur. Adı da “canişin”istan rejimi. Mən Naxçıvan MR Prokurorluğunu və məhkəmə sistemini yeni irticaçı rejim quruculuğuna qarşı mübarizəyə çağırıram. Artıq bu cür cəngəllik qanunlarına son verilməli, özünü qanunlardan üstün görən istənilən məmur layiqli cəzasını almalıdır. Şəxsən mən bu cəngəllik krallarının peşini buraxmayacağam..." Geri qayıt |