"Xəyanət, satqınlıq bu xain zümrənin daxili və xarici etiketidir..." - ETİRAZ
"Bu 30 ildə, yəni ölkədəki sabitlik dönəmində özünə alim-akademik, ziyalı və s. deyən kəslər Vətənimiz üçün çox işlər görə bilərdilər, amma görmədilər. Əksinə, alimliklərini unudub cinayət yolu ilə qəfil varlanmaq yolunu seçdilər və varlandılar. Var-dövlət o qədər şirin gəldi ki, uşaqlarını da həvəslə qanlı cinayətlərin ağuşuna atdılar, onları da özləri kimi etdilər". "DİA-AZ" xəbər verir ki, bunu öz etirazında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru İdris Abbasov ifadə edib. O daha sonra davam edir: "Dədə-bala sökdükcə sökdülər, amma doymadılar, neçə-neçə ailənin, körpənin sağlamlığına, ölümünə səbəb oldular, qan içdilər, haqqa girdilər, yenə də doymadılar. Dəyəri milyonlara, ən pis halda yüz minlərlə ölçülən mülk topladılar, fəqət doymadılar! Gözünü qan örtmüş bu əzazillər bir gerçəyi unutdular ki, insan nəfsi doyumsuzdır, intəhasızdır, vəhşidir, dəhşətdir, dağıdıcıdır. Bu mənada nəfsinin nəzarətdən çıxmasına imkan verən istənilən insan istənilən vəhşi heyvandan qat-qat daha yırtıcıdır. Heyvanın istismar etmək qabiliyyəti yoxdur, çünki onun nə ağlı, nə də nitqi var. Bu vəhşilər isə yüz hiylə işlədib qarşıdakının həyasını istismar edir, yaltaqlanır, mədhiyyələr deyir, kəf gəlir, həyasızlıq edib qarşıdakını utandırır və məqsədlərinə çatırlar. Bu məqamda xalqın avamlığı, ağı qaradan seçə bilməməyi onların işlərinə yarayır. Guya hər şeyi edən "yuxarılar"dır. Onların qəbih və alçaq əməlləri, davranışları ilə inadırmağa çalışırlar ki, günahkar ölkənin rəhbəridir. Halbuki dünya tarixində xalqının xoş güzəranını istəməyən ölkə başçısı yoxdur. Bu mənzərənin yaranmasını, sadəcə cəmiyyətdə şəxsi çıxarlarını pislik vasitəsilə təmin edən tüfeyli bir sosial zümrə istəyir. Çünki onlar xalqın bir nümayəndəsi kimi halal yaşamaq yox, cinayət yolu ifrat varlanmaq istəyirlər. Vicdansızlıq, laqeydlik, tamahkarlıq, məsuliyyətsizlik, xəyanət, satqınlıq bu xain zümrənin daxili və xarici etiketidir. Alim donunda mikrofonu əlinə alıb həyasızlıq edən şarlatanlar daha təhlükəlidirlər. Ölkənin sosial-mənəvi, elmi və siaysi mühitini darmadağın edən, "alim", "akademik" adlı bu nəfsəklər Heydər Əliyev ideallarını əməllərində deyil, riyakarcasına mədhiyyələrdə "gerçəkləşdirirlər". Qaldıran kimi altlarından milyonlar, xəyanətlər, övladlarının dədələrinin haram pullarından yoğrulmuş qanlı biznes şəbəkələri və s. ortaya çıxır. Bu zaman mənasız mədhiyyələrə, yaltaqlıqlara pul xərcləmənin əsl səbəbi məlum olur. Dövlətin, mətbuat daxil, resurslarından dövlətin, xalqın və rəhbərin özünə qarşı istifadə edilməsi bir başqa fəlakətdir. Milli kin, nifrət və narazılığın əsl mənbəyi olan akademik kələkbazlar, məsuliyyətsizlər və vicdansızlar, təəssüf ki, cənnət Vətəni cəhənnəmə çevrməkdə israrlıdırlar..."
|