Əsas Səhifə > Ana xəbərlər, Güney Press > ABŞ yeni səfiri Bakıya bu tarixdə göndərəcək: Yeri 2 aydır boşdur...
ABŞ yeni səfiri Bakıya bu tarixdə göndərəcək: Yeri 2 aydır boşdur...Bu gün, 09:34 |
![]() ABŞ-nin Bakıdakı sonuncu səfiri Mark Libbinin öz postunu vaxtından əvvəl tərk edib ölkəsinə qayıtmasından (17 yanvar) bir ay yarım ötür. Hazırda onu müvəqqəti işlər vəkili Hüqo Qevara əvəzləyir. Rəsmi məlumata görə, Libbi səhhətindəki ciddi problemlə əlaqədar ölkəmizdən gedib. “Yeni Müsavat” qeyd edir ki, səfir vəzifəsində o, bir ildən bir az artıq işləyib (dekabr 2023 - yanvar 2025). Bu da faktdır ki, Mark Libbi uzun fasilədən sonra Azərbaycana fövqəladə və səlahiyyətli səfir təyin olunmuşdu. Səbəb də Bayden administrasiyası dönəmində iki ölkə münasibətlərində yaşanmış soyuqluq və erməni lobbisinin yaratdığı əngəllər idi. Ancaq sələflərindən fərqli olaraq, öz postunda çox az qalsa da, Libbi ölkəmizdəki ilk Amerika baş diplomatı kimi Şuşaya getməyə (may 2024) macal tapmışdı. Bəs Mark Libbinin xələfinin gəlişi onun özünün səfir təyinatı kimi uzun sürməyəcək ki? Amerika erməni diasporu nə dərəcədə təyinata əngəllər yarada bilər? Siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov “Yeni Müsavata”a açıqlamasında Trampın Azərbaycana münasibətinin tam fərqli olduğunu söylədi: “Bayden hakimiyyətdə olduğu 4 il ərzində Azərbaycanla Birləşmiş Ştatlar arasındakı münasibətlər gərgin idi. Azərbaycana səfir təyinatının da xeyli gecikdirilməsi buradan qaynaqlanırdı. Trampın birinci prezidentliyi dövründə baş vermiş 44 günlük savaşda Amerika administrasiyası Azərbaycanın haqq işinə müdaxilə etmədi. Lakin Bayden hökuməti dörd il ərzində 30 il torpaqlarımızı işğal altında saxlamış ermənilərin yaxın dəstəkçisi kimi davrandı, Azərbaycanı Ermənistanla ədalətsiz sülh müqaviləsi bağlamağa məcbur etmək uğrunda çarpışdı. Bu qoca, ağlını itirmiş adam başa düşmək istəmədi ki, Azərbaycan bu müharibədə qalib ölkədir və bu qələbə ilə o, yalnız öz halal torpaqlarını işğaldan azad edib. Belə olan halda Ermənistanın konstitusiyasında və digər hüquqi aktlarında Azərbaycan torpaqlarına təhdid varsa, Azərbaycan bu ölkə ilə hansı əsaslarla sülh müqaviləsi bağlaya bilərdi?”. F.Yusifov vurğuladı ki, belə bir yanaşma Bayden və onun komandasının siyasi sərsəmliyindən qaynaqlanırdı: “Azərbaycan hökuməti təbii ki, belə baxışa qətiyyətli münasibətini ortaya qoydu və Bayden komandasına ”yox" dedi. Trampın Azərbaycana münasibəti isə fərqlidir. Hesab edirəm ki, yaxın günlərdə o, Azərbaycana yeni səfir təyin edəcək və bir qədər sonra iki ölkə arasında münasibətlərdə qarşılıqlı anlaşmanın və yaxınlaşmanın necə baş verəcəyinin şahidi olacağıq. Tramp ağıllı siyasətçi və iqtisadçıdır. O, Cənubi Qafqazda kimin kim olduğunu çox yaxşı dəyərləndirməyi bacarır. Odur ki, münasibətlərin əvvəlki axarına düşməsi qaçılmazdır". Siyasi təhlilçi Sona Əliyeva isə hesab edir ki, 6 aydan gec olmayaraq, yeni ABŞ səfiri Bakıda görünəcək: “Düşünürəm ki, Tramp administrasiyası uyğun vaxtda Azərbaycana yeni səfir göndərəcək. Yeni səfir təyinetmə prosesi Birləşmiş Ştatlarda bir az vaxt alan prosesdir. Ən azı yeni səfirin seçimi, onun uyğun olub-olmaması barədə müzakirələr, səsvermə prosesi azı bir neçə müddət vaxt alır. Hesab edirəm ki, ən geci altı ay ərzində Tramp administrasiyası Bakıya yeni səfir təyin edəcək. Bu məsələdə erməni lobbisinin təsir imkanlarına ABŞ-ın yeni prezidenti imkan verməyəcək. Fikrimcə, Azərbaycan dövləti ilə əməkdaşlıq ABŞ-ni Cənubi Qafqaz siyasətinin əsas prioritetlərindəndir. Vaşinqtondakı yeni siyasi elita Bakı ilə meqa layihələr işləmək əzmindədir. Eyni zamanda, təhlükəsizlik sahəsində də əməkdaşlığımız yeni mərhələyə qədəm qoymalıdır. Bu, zamanın tələbidir”. S.Əliyevanın sözlərinə görə, bütün bu işlər səfir olmadan çox ləng gerçəkləşə bilər: “Düşünürəm ki, Baydendən fərqli olaraq, Tramp Azərbaycanla əməkdaşlığa xüsusi önəm verəcək. Çünki Birləşmiş Ştatların yeni rəhbərliyi bütün dividentləri iqtisadi müstəvidə gözdən keçirir. Bu baxımdan, erməni lobbisi Azərbaycana hər hansı təsir göstərə bilməyəcək. ABŞ Orta Asiya ilə bağlı yeni siyasətini də məhz Azərbaycan üzərindən qurmağı düşünür”. “Yeni Müsavat” Geri qayıt |