Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir

Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir


Dünən, 09:16
Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir
"Azərbaycan tərəfindən irəli sürülmüş və beynəlxalq leksikona daxil olmuş Zəngəzur dəhlizi layihəsi regionun nəqliyyat şəbəkəsinin inkişafında yeni mərhələdir. Bu layihə dövlətimizin təkcə iqtisadi yox, həm də siyasi iradəsinin təzahürüdür".

Bu barədə millət vəkili Mahir Süleymanlı deyib. Deputat bildirib ki, Zəngəzur dəhlizi Azərbaycanı Naxçıvanla birləşdirərək regionda yeni logistik marşrutların yaradılmasını təmin edəcək:

"İkinci Qarabağ müharibəsindəki tarixi Qələbədən sonra beynəlxalq gündəlikdə yer alan bu layihə artıq tanınmış bir termindir və onun reallaşdırılması Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərdən biridir. Ermənistanın 4 ildən artıqdır qeyri-konstruktiv mövqeyi və 10 noyabr Bəyanatında götürdüyü öhdəlikləri yerinə yetirməməsi bu layihənin irəliləməsini ləngidir. Ermənistan müxtəlif əsassız layihələrlə beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa çalışsa da, Azərbaycan dəfələrlə bəyan edib ki, bu cür təşəbbüslər Azərbaycanla razılaşdırılmadıqca real nəticə verməyəcək. Bu mənada Ermənistanın “Sülh kəsişməsi” layihələri regionun iqtisadi inkişafına töhfə vermək əvəzinə, sadəcə, manipulyasiya vasitəsidir. Ermənistanın tranzit ölkəyə çevrilmə arzusu reallaşmayacaq. Zəngilan və Naxçıvanda inşa edilən yeni körpülər Ermənistanın tranzit imkanlarını məhdudlaşdıraraq, onu regionda “dalan ölkə” statusunda saxlayacaq. Bu, Ermənistanın iqtisadi perspektivlərinə mənfi təsir göstərməklə yanaşı, Azərbaycanın regional nəqliyyat şəbəkəsindəki üstün mövqeyini daha da möhkəmləndirir".

Parlament üzvü qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı nəqliyyat layihələri çərçivəsində 3400 kilometrdən çox avtomobil yolu inşa edilib və ya tikinti mərhələsindədir:

"Bundan əlavə, 45 tunel, 447 körpü və 16 viadukun tikintisi planlaşdırılıb ki, bunların böyük hissəsi artıq tamamlanıb. Horadiz-Ağbənd və Bərdə-Ağdam dəmir yolları layihələri də bu prosesin əsasını təşkil edir. Bu dəmir yolları regionun iqtisadiyyatını canlandıraraq, işğaldan azad edilmiş ərazilərin sürətli inteqrasiyasını təmin edir. Son 20 ildə Azərbaycanda səkkiz beynəlxalq hava limanı inşa edilib. Bakı, Naxçıvan, Gəncə və Lənkəran hava limanlarının yenidən qurulması ilə yanaşı, Qəbələ, Zaqatala, Füzuli və Zəngilan hava limanları sıfırdan inşa edilib. 2025-ci ildə Laçında istifadəyə veriləcək doqquzuncu beynəlxalq hava limanı isə həmin sahədə Azərbaycanın uğurlarının davamı olacaq. Bu hava limanları yalnız daxili əlaqələrin inkişafına deyil, həm də beynəlxalq yükdaşıma və turizm imkanlarının genişlənməsinə şərait yaradır. Nəqliyyat layihələri Azərbaycanın regionda lider dövlət mövqeyini daha da gücləndirir. Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq, regionda reallıqları diktə etməklə iqtisadi inteqrasiyanın əsas təşəbbüskarı rolunda çıxış edir. Ermənistanın qeyri-konstruktiv yanaşması isə onu regional proseslərdən daha da kənarda qoyur.
İrimiqyaslı nəqliyyat layihələri Azərbaycanın iqtisadi və siyasi iradəsinin təcəssümüdür. Ermənistanın bu proseslərdə destruktiv mövqe tutması, ilk növbədə, onun öz iqtisadi gələcəyini təhlükə altına alır. Dövlətimiz isə öz strateji planlarını ardıcıl və qətiyyətlə həyata keçirməkdə davam edir. Bu layihələr regionun iqtisadi və nəqliyyat infrastrukturunda dönüş nöqtəsi yaratmaqla yanaşı, Azərbaycanın beynəlxalq arenadakı mövqeyini daha da gücləndirir".

Geri qayıt