Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Rusiyaya ayıb olsun ki, öz vətəndaşlarını da öldürdükləri hadisədə belə mövqe tutur”

“Rusiyaya ayıb olsun ki, öz vətəndaşlarını da öldürdükləri hadisədə belə mövqe tutur”


Dünən, 08:55
“Rusiyaya ayıb olsun ki, öz vətəndaşlarını da öldürdükləri hadisədə belə mövqe tutur”
Azərbaycan təyyarəsinin Qroznı səmasında hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmasından sonra Bakının hadisə ilə bağlı Moskvaya qarşı haqlı tələbləri, dövlət televiziyasında və ümumilikdə mediada əsaslı tənqidlərin səslənməsi Rusiyanın xoşuna gəlməyib. Rəsmi Moskva qabaqdangəlmişlik edərək Azərbaycan mətbuatını Rusiyanın ünvanına əsassız ittihamlar irəli sürməkdə günahlandırıb.

Hərgah, xeyli vaxtdır ki, Kremlin nəzarətində olan KİV-lər Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparır, təyyarənin vurulması ilə bağlı həqiqət ortada olduğu halda, gah “quş sürüsü”, gah pilotun Aktauya uçmaqla bağlı müstəqil qərar verdiyi kimi absurd versiyaları hələ də tirajlayırlar. Lakin bu informasiyalara Azərbaycan narazılıq bildirməli ikən, yanvarın 27-də Moskvadakı səfirimiz Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinə dəvət olunub və onu nazir müavini Mixail Qaluzin qəbul edib. Görüş zamanı nazir müavini Azərbaycan mətbuatında Rusiyaya qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirib. “Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasına görə, son günlər Azərbaycan mətbuatında Rusiyaya qarşı yayımlanan yazılar, eləcə də Bakıda fəaliyyət göstərən “Rus Evi”nə qarşı aparılan kampaniyalar narahatlıq doğurub. Nazirlik bu yazıları dezinformasiya adlandıraraq, ittihamların heç bir əsasının olmadığını qeyd edib.

Görüş zamanı həmçinin Azərbaycan Hava Yollarına məxsus təyyarənin 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması məsələsi müzakirə edilib. Nazir müavini Mixail Qaluzin, faciənin bütün hallarının aydınlaşdırılması üçün rəsmi araşdırmanın başa çatdırılmasının və nəticələrin açıqlanmasının zəruri olduğunu vurğulayıb. Musavat.com səfirimizin nazirliyə çağırılması faktına şərhində qeyd edir ki, təyyarəmizi raketlə vurub, sıradan çıxardan və öz səhvini etiraf etməyən Rusiya Azərbaycan mətbuatında yayımlanan tənqidi yazılardan narahat olubmuş. Azərbaycanın narahatlıqları isə daha ciddi məsələlərdən qaynaqlanır. Xüsusilə Rusiyanın Qroznı səmasında AZAL-ın mülki təyyarəsini vurması nəticəsində 38 dinc vətəndaşın həlak olması faktı və Rusiyanın bu məsələdə inadla susması Azərbaycanın əsas narahatlıq mövzusudur. Azərbaycan həmçinin Rusiya rəhbərlərinin bu hadisəyə obyektiv münasibət göstərməməsindən və rus mediasının Azərbaycana qarşı qərəzli kampaniyalar aparmasından narazıdır. Rusiya Azərbaycanla münasibətlərə azacıq da olsa önəm verirsə, azərbaycanlıların gözündə “palçığa” düşməməsini istəyirsə, öz səhvlərini qəbul etməli, qəzaya səbəb olan təyyarə insidenti ilə bağlı üzr istəməli və zərərçəkmiş ailələrə kompensasiya ödəməlidir.

Ancaq Rusiya XİN-in Azərbaycan səfirini çağırması, ona faktiki olaraq nota verməsi bu ölkənin münasibətlərdə qeyri-konstruktiv mövqeyinin və inadkar həyasızlığının göstəricisidir. Azərbaycan mətbuatının bu məsələyə sərt reaksiya verməsi haqlıdır, bundan sonra daha da sərt münasibət sərgilənəcək. Kreml faktiki olaraq 38 dinc insanın qanını batırır. Və biz buna dözməyəcəyik. Narahat olanlar daha da narahat olsunlar. Sadəcə, strateji müttəfiq belə rəftar etmir. Rusiya dost və müttəfiq kimi davranmır. Azərbaycan hər zaman münasibətlərdə səmimidir. Ukrayna konflikti Rusiyanı sanksiyalara məruz qoyub, lakin Bakı heç zaman koalisiyaya qoşulmayıb. Buna baxmayaraq, təyyarəmizi vuranları cəzalandırmamaq, zərərçəkənlərə təzminat verməmək, bu azmış kimi, müştəbehlik edərək səfirimizi çağırıb hansısa “irad”lar bildirmək qətiyyən müttəfiqliyin ruhuna uyğun deyil.

AzTV-nin İctimai-Siyasi Proqramlar üzrə Departamentinin rəhbəri, politoloq Tofiq Abbasov “Yeni Müsavat”a bildirdi ki, Rusiya mətbuatında Kremlin tapşırıqlarını icra edən resurslar var və bunu Qaluzin çox yaxşı bilir: “Əvvəla, mediada aparılan kampaniyalara gəldikdə, məsələyə Qaluzin səviyyəsində məmur yox, Lavrova cavab versin ki, heç öz mətbuatınıza baxırsınızmı? Əgər Lavrov, ya onun köməkçisi Zaxarova desə ki, yox, bizdə azad media var, bu yalandır. Çünki Rusiyada rəsmi tapşırıqla oturub-duran mətbu orqanlar var”. T.Abbasov qeyd etdi ki, rus mediasında Qarabağdan könüllü gedən ermənilərlə bağlı Azərbaycana qarşı ittihamlar hələ də yağdırılır: “Biz deyəndə ki, ərazilərimizdə separatizm olub, işğalçılıq var idi, buna susurlar, amma hələ də Rusiya mətbuatı yazır ki, guya Qarabağda etnik təmizləmə aparmışıq. Bu prosesdə Rusiyadakı qərbpərəst qüvvələr də iştirak edirlər. Əslində onlar qondarma demokratlardır. Onlar ermənilərin cinayətlərini demirlər, amma Azərbaycanın Qarabağda etmədiklərini yazırlar. Orada muzdlu mətbu orqanlar və təşkilatlar var. Misal üçün, biri Ara Abramyannın "bayquş yuvası"dır. Oradan mətbuata sifarişlər verilir. Bu da Rusiyada Azərbaycana qarşı mütəşəkkil şəkildə işləyən media resurslarının olmasını sübut edir".

Politoloq Rusiyada həmin qüvvələrin ermənilərin ruporu olmaqdan yorulmadıqlarını əlavə etdi: “Xaricdə oturanları da var, Azərbaycan haqda feyk məlumatlar yayırlar. Bəs biz nə etməliyik? Demirlər ki, mətbuatımız azaddır, onda bizim media da azaddır. Biz hansısa qəzetə, yaxud sayta deyə bilmərik ki, bunu niyə yazırsınız?! Ona görə də təbii hiddətdir. Əslində Qorbaçovun dövründən ikili standartlara yol verilirdi. O zaman bizim səsimizi boğurdular, ermənilərə yer verirdilər. İndi Solovyov kimi mənfur adamları götürək. Bu adam türkofob və islamofobdur. Və saxta məlumatları Rusiyanın dövlət kanalına çıxıb danışırlar. Bunu Qaluzin görmür, eşitmir? Odur ki, sözümüzü deyəcəyik, susmayacağıq”.

T.Abbasov təəssüf edir ki, Rusiyanın rəsmi dairələrində olan bəzi “siyasi dəllalar” bu addımları ilə erməni sevdası ilə yaşadıqlarını gizlətmirlə: “Elə onların ucbatından ermənilər torpaqlarımıza yerləşdirildi. Sonra da başımıza bəla açdılar, hələ bir indi danışırlar da. Rusiya bilməlidir ki, Azərbaycan xalqı təyyarə hadisəsini ağrı ilə yaşadı. Əksinə, Rusiyaya ayıb olmalıdır ki, öz vətəndaşlarının da həlak olduğu, daha doğrusu, öldürdükləri bu hadisədə belə mövqe tuturlar. İndi biz nə etməliyik, susmalıyıq? Bir sözlə, Rusiyadan olan iddialar yersizdir. Sadəcə, onlar hər iki tərəfin mətbuatına baxsınlar, nəticə çıxarsınlar: sizin cəmiyyətin bizə münasibəti necədir, bizimkilərin onlara necə... Bizdə heç zaman Rusiya cəmiyyətinə nifrət olmayıb”.

Həmsöhbətimiz xatırlatdı ki, Azərbaycan dövlətinin başçısı hər şeyi açıq deyib: “Bir var "örtülü bazar" prinsipi ola, bir də var olduğu kimi aydın şəkildə danışmaq. Dövlət başçısı sözünü çatdırıb. Burada əlavə şərhlərə ehtiyac yoxdur. Biz Rusiyanı hadisəni qəsdən törətməkdə ittiham etmirik. Üstəlik, Rusiya vətəndaşları həlak olub. Sadəcə, təyyarəmizi vurublarsa, zərərçəkənlərin təzminatını ödəməlidirlər. Axı onların ailələri də cavab gözləyir. Yəni siz humanistliyin nə olduğunu bilmirsiniz? (!) Ona görə də məsələni ört-basdır etməklə heç nə dəyişmir. Rusiya Naxçıvan istiqamətində helikopterin vurulmasını və Qarabağda sülhməramlıların həlak olmasını cavab olaraq yada salır. Əvvəla, biz üzr istədik, üstəgəl, müharibə şəraitində hər şey olur. Ona qalsa, sülhməramlı komandanlar da Vardanyanla işbirliyi qurmuşdular. İndi bu məsələlərə yenidən qayıtmalıyıq? Ona görə də Rusiyanın təyyarə hadisəsində məsuliyyəti var və bundan qaçmaq olmaz".

Geri qayıt