Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Konstitusiya, referendum və icra başçıları: Mötəbər mənbələr nə deyir?
Konstitusiya, referendum və icra başçıları: Mötəbər mənbələr nə deyir?27-01-2025, 12:19 |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan olunub. Artıq neçə ildir ki, Azərbaycanda belə bir ənənə var. Hər yeni ilin əvvəlində o il üçün xüsusi ad müəyyənləşdirilir və rəsmi elan edilir. Məsələn, “Şuşa İli”, “Yaşıl dünya naminə həmrəylik ili” və s. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması insanlarda bu il referendumun keçiriləcəyi, konstitusiyanın dəyişdiriləcəyinə dair təəssürat yarandı. Bunu şərh edənlər, uzağagedən nəticələr çıxaranlar da oldu. Bu mövzuda daha detallı və sensasion fikirlər, iddialar isə Milli Məclisin komitə sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Orucdan gəldi. O, çıxışlarında bu il Azərbaycanda referendumun keçiriləcəyi və konstitusiyaya ciddi dəyişikliklərin olacağını bildirdi. Hətta yerli icra hakimiyyəti orqanlarının prezident nümayəndəlikləri ilə əvəz olunacağına dair maraqlı fikir səsləndirdi. Bir çox onlayn media resursları deputatın açıqlamasına əsasən təhlil yazıları və müxtəlif materiallar yayımladılar. Bu yazılarda əsas vurğu isə idarəçilik sistemində islahatların aparılacağı ilə bağlı idi. Sonradan hökumətdəki mötəbər mənbələr iddiaları təkzib etdi. Belə bir planın olmadığına dair mətbuata məlumat sızdırıldı. Qəti şəkildə bildirilirdi ki, dövlətin nə referendum keçirmək, konstitusiyada dəyişikliklər etmək kimi planı, məqsədi yoxdur. Bu açıqlamalardan az sonra Zahid Orucun Haqqın.az saytına daha detallı və ətraflı açıqlaması diqqət çəkdi. Deputat növbəti prezident və parlament seçkilərinin qeyri-müəyyən müddətə təxirə salınması ilə bağlı təklif səsləndirdi. Bu təklifdə parlament seçkilərinin 5 ildən, prezident seçkilərinin isə 7 ildən bir deyil, uyğun bilindiyi zamanda keçirilməsi qeyd olunur. Z.Orucun bu açıqlaması da təkzib olundu. APA İnformasiya Agentliyinə hökumətdəki mənbələrdən məlumat sızdırıldı. “Gündəlikdə Konstitusiya ilə bağlı dəyişiklik müzakirəsi yoxdur. Belə bir dəyişikliyə hazırlaşmırıq. Bəzi deputatlar səviyyəsində aparılan müzakirələrin hansı məqsəd daşıdığı, bu informasiyaların hansı zərurətdən yarandığı da bizə məlum deyil” – mənbənin açıqlamasında qeyd olunur. Göründüyü kimi, hökumət üçün bu il və yaxın gələcəkdə referendumun keçirilməsi, eləcə də konstitusiya islahatnın aparılması prioritet deyil. Çünki sözügedən iki addımın atılması ölkədə yeni seçkilərin keçirilməsini labüd edəcək. Bu isə mövcud situasiyada Azərbaycan dövlətinin planlaşdırmadığı bir işdir. Belə çıxır ki, hakimiyyət status-kvonu saxlayacaq, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması isə sadəcə rəmzi xarakter daşıyır. İcra hakimiyyətlərinin ləğvi də dövlət üçün prioritet sayıla bilməz. Hər nə qədər icra başçıları haqda cəmiyyətdə neqativ rəy formalaşsa da yerlik əhali ilə işləmək, narazılıqları müəyyən qədər önləmək üçün icra hakimiyyəti institutunun rolu danılmazdır. İndiki həssas dönəmdə neçə illik sistemi söküb, yerində yenisini yaratmaq, eksperiment aparmaq ağlabatan görünmür. Şərqi Zəngəzurda və Naxçıvanda prezidentin nümayəndəliklərinin yaradılmasına gəlincə. Ora tamam başqa spesifikaya məxsus olduğu üçün, ölkə başçısı bu modeli seçməli oldu. Bunun səbəbləri haqda indiyə kimi çox yazılıb. Globalinfo.az Geri qayıt |