Əsas Səhifə > Ana xəbərlər, Güney Press > İcra hakimiyyətlərinin dövrü çoxdan bitib
İcra hakimiyyətlərinin dövrü çoxdan bitibBu gün, 09:50 |
Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında uzun müddətdir ictimaiyyətdə müzakirə edilən məsələ - icra hakimiyyətlərinin ləğvi gündəmə gətirilib. Komitənin sədri, millət vəkili Zahid Oruc işğaldan azad edilmiş ərazilərdə, həmçinin Naxçıvanda xüsusi nümayəndəlik institutunun - Prezidentin təyin etdiyi xüsusi nümayəndənin fəaliyyət göstərdiyini vurğulamaqla icra hakimiyyəti sisteminin ləğvinin labüd hal aldığına eyham vurub. Z.Oruc bildirib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində müxtəlif yerli və beynəlxalq təşkilatlarla ardıcıl görüşlər keçiriləcək və müzakirələr təşkil ediləcək. Artıq prosesə start verilib. Zahid Oruc yeni referendumun keçirilməsi və Zəfər Konstitusiyasının qəbuluna hazırlıq getdiyi fikrini də önə çəkib. Görünən budur ki, idarəetmə formasında dəyişiklik edilməsi məqsədilə bu il böyük ehtimalla referendum keçiriləcək, yeni Konstitusiya qəbul ediləcək. İcra hakimiyyəti institutunun ləğvi Prezidentin xüsusi nümayəndəlikləri institutunun təsis edilməsindən öncə də müzakirə predmeti idi. Bələdiyyə institutlarının yaranmasıyla faktiki, idarəetmədə ikihakimiyyətlilik hökm sürməyə başladı və hələ də belə davam etməkdədir. Bələdiyyələr yerli özünüidarəetmə institut olduqları halda, icra hakimiyyətlərinin yedək şöbəsi kimi fəaliyyət göstərirlər. Bələdiyyələrin işi torpaq, əmlak vergilərini toplayıb icra hakimiyyətlərinə təslim etməkdən o yana keçmir. Sakinlərin hər hansı şikayəti, tələbi, istəyi, hətta xahişini də bələdiyyə sədri və üzvləri “icra hakimiyyətinə müraciət edin”, deyə yönləndirirlər. Bələdiyyələr yerlərdə icra hakimiyyətlərinin iş icraçısına çevrilib. İcra hakimiyyətləri arasında isə son illərdə korrupsiya, yeyinti, dövlət büdcəsinə ziyan vurduqlarına görə cənab Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilən, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan, məhkəmə qərarları ilə azadlıqdan məhrum edilən icra başçıları da olub. İdarəetmənin icra hakimiyyəti formasının özünü doğrultmadığı aydın görünür. Ölkədə idarəetmənin daha modern, daha şəffaf və daha faydalı modelinə keçid labüd xarakter alıb. Böyük ehtimalla məhz bu amil nəzərə alınaraq Konstitusiyaya dəyişiklik edilməsi və icra hakimiyyəti strukturunun ləğvi gündəmə gəlib. Həm də Prezidentin xüsusi nümayəndəliyi institutunun müsbət təcrübəsi var artıq ölkədə. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvandakı modelə uyğun olaraq, Azərbaycanın 14 iqtisadi rayonunda Prezidentin xüsusi nümayəndəliklərinin yaradılacağı, nəticədə onlarla İH-lərin ləğv ediləcəyi, yerli özünüidarəetmə strukturunun inkişafı nəzərdə tutulur. Qeyd edilir ki, icra hakimiyyətləri struktur olaraq Konstitusiyada nəzərdə tutulduğundan, idarəetmə formasının dəyişməsi üçün konstitusional islahata ehtiyac var. Milli Məclisin Hüquq komitəsinin müavini Qüdrət Həsənquliyev də bundan öncəki açıqlamasında İH-lərin ləğvi və yeni idarəetmə forması üçün yeni Konstitusiyaya ehtiyac olduğunu bildirmişdi. Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev "Sherg.az"a açıqlamasında qeyd etdi ki, icra hakimiyyəti institutunun ləğvi üçün Konstitusiyada dəyişikliyə ehtiyac var, çünki hazırkı Konstitusiyamızda icra hakimiyyəti idarəetmə forması kimi təsbit edilib: - Azərbaycan Konstitusiyasında dövlət hakimiyyəti qanunverici, icraedici və məhkəmə hakimiyyəti bölgüsü əsasında həyata keçirilir. İcra hakimiyyətləri də yerlərdə idarəetmə orqanı statusuna malikdir. Lakin bəllidir ki, icra hakimiyyəti institutu heç də hər zaman və hər yerdə özünü doğrultmur. Strukturda dəyişiklik olmalıdır. İdarəetmə formasında geniş islahatlara ehtiyac yaranıb. Çünki hazırda paralellik var. Bir tərəfdə icra hakimiyyəti, bir tərəfdə bələdiyyələr. İcra hakimiyyətləri bələdiyyələri faktiki sıxışdıraraq, fəaliyyətsiz hala gətirib. Bütün maliyyə resurslarını öz əllərində cəmləyiblər, söz və əmr sahibidirlər. İndiyədək icra hakimiyyətlərində dəfələrlə korrupsiya əməlləri ifşa olunub, dövlət büdcəsinin təyinatdan kənar xərcləndiyi müəyyənləşib. Bunlar göstərir ki, icra hakimiyyəti strukturu artıq özünü doğrultmur, idarəetməni şəxsi maraqlar, şəxsi ambisiyalar üzərində qururlar. Hesab edirəm ki, yerlərdə idarəetmənin digər formalarını təcrübədən keçirmək olar. Məsələn, Prezidentin xüsusi nümayəndəliyi institutu var, bundan başqa, vilayət idarəetmə forması var. Deyilə bilər ki, Prezidentin xüsusi nümayəndəliyi xüsusi, əlahiddə hallar üçün uyğundur. İşğaldan azad edilmiş ərazilərdə tikinti-quruculuq, bərpa işləri, məskunlaşma aparıldığından buna ehtiyac vardı. Lakin uzun illərdir sosial-iqtisadi inkişaf mərhələsi keçən rayonlarımız var. Hesab edirəm ki, yerlərdə icra hakimiyyətlərindən narazılıqlar nəzərə alınaraq bu idarəetmə formasının dəyişdirilməsinə, vətəndaşların fəal iştirak edə biləcəyi idarəetmə forması tətbiq edilməlidir. Bu baxımdan dövlət strukturları yanında ictimai şuraların fəaliyyət təcrübəsindən bəhrələnmək olar. Həmçinin yerli bələdiyyələrin səlahiyyətləri mütləq artırılmalı, müstəqil fəaliyyət göstərmələrinə şərait yaradılmalıdır. İcra hakimiyyətləri idarəetmədə çevikliyə mane olur, eyni zamanda büdcənin izafi yüklənməsinə şərait yaradırlar. Bu da yerli özünüidarəetmə strukturlarının – bələdiyyələrin fəaliyyətinə böyük maneədir və “ikihakimiyyətliliyə” səbəb olur. Daha çevik, şəffaf və vətəndaş nəzarətinə söykənən idarəetmə forması olmalıdır... Geri qayıt |