Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Saxta həkimləri tanımaq üçün ən asan yol...

Saxta həkimləri tanımaq üçün ən asan yol...


Dünən, 16:11
Saxta həkimləri tanımaq üçün ən asan yol...
Son günlər aktual olan mövzulardan biri də uğursuz plastik əməliyyatlarla bağlıdır.

Xüsusilə də qadınların üstünlük verdiyi plastik əməliyyatlar heç də hər zaman müsbət nəticələnmir.

Xatırladaq ki, bugünlərdə 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Mansurlu Nəzrin Aydın qızının müalicə aldığı xəstəxanada ölməsi faktı qeydə alınıb.

İlkin araşdırma zamanı Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində rinoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib. Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır, artıq Nəzrini əməliyyat edən həkim saxlanılıb.

Qeyd edək ki, hazırda xəstəxanalarda çalışan həkimlərin bəzilərinin tibbi təhsili olmadığı iddiaları var. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Rüstəmova Səidə Nurəddin qızının qabaqcadan əlbir olduğu əvvəllər həmin Nazirliyin İctimai Səhiyyə və islahatlar Mərkəzinin akkreditasiya şöbəsinin müdiri vəzifəsində işləmiş Cabbarova Lətafət Kərim qızı və korrupsiya şəbəkəsinin digər üzvləri ilə birgə qanunsuz olaraq həkimlərin ixtisaslarının dəyişdirilməsi, onların tibbi və ya əczaçılıq fəaliyyəti ilə, o cümlədən plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olma hüququ verən sertifikasiya imtahanlarına buraxılmasına icazələrin verilməsi, saxta məqbul qiymətləndirmə ilə müvafiq sertifikatlarla təmin olunması və digər bu kimi sui-istifadə hallarına yol verməsi müqabilində çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə bir sıra vəzifəli şəxslərin xidməti otaqlarında aparılmış axtarışlarla iş üçün əhəmiyyət kəsb edən sübutlar əldə edilərək götürülüb. Həmin faktlarla bağlı Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdar rüşvət alma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Toplanmış sübutlar əsasında Səidə Rüstəmova və Lətafət Cabbarovaya Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barələrində ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilməklə qanunsuz əməllərin törədilməsində iştirak edən digər şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək. Onu da vurğulayaq ki, səhiyyə nazirinin müvafiq əmri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.

Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər.

Mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaq.

Hazırda vətəndaşlar plastik əməliyyat və yaxud digər xəstəliklə bağlı müraciət edəcəkləri həkim barədə məlumat almaq üçün nə edəcəyini bilmir. Həkimlərlə bağlı məlumatlara əsasən televiziyalarda, sosial şəbəkələrdəki reklam xarakterli paylaşımlarda rast gəlinir. Bu səbəbdən də çox zaman pasiyentlər həkimi xəstəxanadan yox, məhz sosial şəbəkələrdən seçirlər. Buna görə də həkimlərin vahid reyestrinin olub-olmaması sual doğurur.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda həkimlərin reyestri var:

“Əgər vətəndaş müraciət edəcəyi həkimlə bağlı məlumat almaq istəyirsə bu, rəsmi qaydada yazılmalıdır. Vətəndaş müraciət edir və ona rəsmi cavab verilir. Bunun üçün vətəndaşlar “[email protected] “ ünvanına müraciət etməlidirlər. Vətəndaş həkimin ad, soyad, atasının adı və lazım olan məlumatı yazacaq, məktub müvafiq şöbəyə yönləndiriləcək və cavablandırılacaq”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Geri qayıt