Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “MTN işi” üzrə zərərçəkənlər etiraz edir
“MTN işi” üzrə zərərçəkənlər etiraz edirDünən, 15:38 |
Sabah, yanvarın 22-də Bakı Apellyasiya Məhkəməsində “MTN işi” üzrə zərərçəkənlərdən bir qrupunun şikayətinə baxılacaq. Musavat.com xəbər verir ki, məhkəmə ərəfəsində zərərçəkənlər apellyasiya instansiyasının qarşısına toplaşaraq şikayətlərinə baxılarkən qanunsuzluqlara yol veriləcəyindən narahatlıqlarını ifadə ediblər. Bildiriblər ki, Nərimanov Rayon Məhkəməsində çıxarılmış qanunsuz və əsassız qərarın apellyasiya instansiyasında da heç bir əsas olmadan qüvvədə saxlanılacağı barədə qarşı tərəfdən məlumat alıblar. Zərərçəkənlərdən Hüseyn Səfərov, Əfsəl Həsənəliyev, Akif Qurbanov və digəriləri çıxış edərək Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovun qanunsuzluqlara şərait yaratmasına etiraz etdiklərini, bununla bağlı ölkə rəhbərliyinə, Ali Məhkəmə sədrinə və digər səlahiyyət sahiblərinə yazılı müraciət edərək tədbir görülməsini xahiş etdiklərini açıqlayıblar. Həmin şikayətlərində yazırlar ki, Bakı Apellyasiya Məhkəməsində baş verən qanunsuzluqlar, məhkəmə sədrinin prosesə qanunsuz müdaxiləsi onları intihar həddinə gətirib. Şikayət ərizəsinin mahiyyəti budur ki, zərərçəkənlər sosial şəbəkədə Nərimanov Rayon Məhkəməsində üzləşdikləri qanunsuzluq barədə çıxışlar etdikdən sonra məhkəmə sədrinin köməkçisi Emin telefonla Hüseyn Səfərovla əlaqə saxlayıb. Ona “burada qəbul edilmiş qərarın üzərində dayanacağam və nə qədər lazımdırsa, pul verib apellyasiyada da qərarı qüvvədə saxlayacağam” deyib. Zərərçəkənlər qeyd edirlər ki, şikayətləri üzrə Bakı Apellyasiya Məhkəməsində keçirilən proseslərdə Nərimanov Məhkəmə sədrinin köməkçisinin sözlərinin həyata keçəcəyini müşahidə ediblər. Bakı Apellyasiya Məhkəməsində keçirilən məhkəmə prosesinin obyektivliyinə və şəffaflığına ciddi şübhələr yarandığından sədr Mübariz Əkbərova yazılı müraciət etməklə qanunsuzluqların önlənməsini xahiş ediblər. “Hazırda mən Nərimanov Rayon Məhkəməsinin qanunsuz qərarından apellyasiya şikayəti vermişəm. Lakin aldığım məlumata görə, Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov bu işə qanunsuz müdaxilə edir və qərarın qüvvədə saxlanılmasında maraqlıdır” - deyə şikayət məktubunda zərərçəkən Hüseyn Səfərov qeyd edir. Hüseyn Səfəropv deyir ki, Mövlam Şıxəliyev və digərilərinin işi üzrə 2023-cü ilin mart ayında Bakı Hərbi Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinin qərarları qanuni qüvvəsini alıb. Bundan sonra qərar üzrə icra sənədi Nərimanov Rayon İcra Şöbəsinə təqdim edilib. Lakin bu qərarın icrası məqsədli şəkildə ləngidilib, icra məmurları şəxsi maraqlarına uyğun hərəkət edib və qərarların qanunsuz şəkildə dəyişdirilməsi üçün müdaxilələrə yol veriblər. Buna görə də Nərimanov Məhkəməsinə müraciət etməklə icra məmurlarının qanunsuzluğuna son verilməsi tələbi ilə çıxış ediblər. Nərimanov Məhkəməsi şikayətlərini təmin etməyib. “Dəfələrlə Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovdan qəbul üçün müraciət etmişəm, lakin heç bir nəticə əldə edə bilməmişəm. Onun məni qəbuldan imtina etməsi və işə qanunsuz müdaxilə etdiyi barədə məlumatlar məni narahat edir. Bu hallar bizlərə qarşı qərəzlilik olduğunu təsdiqləyir. Ona görə də ölkə rəhbərliyindən xahiş edirik ki, bu işin şəffaf və qanuni qaydada araşdırılması təmin olunsun. Bakı Apellyasiya Məhkəməsindəki qanunsuz müdaxilələrə son qoyulması üçün göstəriş verilsin. Məhkəmə sədrinin fəaliyyətini və davranışlarını obyektiv şəkildə araşdırmaq üçün tədbirlər görülsün. Bu prosesin hüquqi çərçivədə və ədalətli şəkildə həll olunacağına ümid edirəm. Qanunsuzluq edəcəklərsə, həyatımdan bezmişəm, intihar həddindəyəm, sabah məhkəmə binası qarşısından intihar edəcəyəm. Baş verənlərin məsuliyyəti birbaşa Mübariz Əkbərovun üzərinə düşəcəkdir” - deyə zərərçəkən Hüseyn Səfərov bildirib. Qeyd edək ki, Mövlam Şıxəliyev MTN İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə şöbə rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədov, şöbə rəisinin müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunurlar. İttihamda bildirilib ki, Mövlam Şıxəliyev mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edərək alıb, həmçinin səlahiyyət həddini aşmasında və sübutların saxtalaşdırmasında da təqsirli bilinib. 21 sentyabr 2022-ci ildə, iş üzrə Bakı Hərbi Məhkəməsində çıxarılıb. 2023-cü ilin aprelində isə Mövlam Şıxəliyev general-mayor, digərləri polkovnik rütbələrindən məhrum edilməklə əsgər rütbəsinə endiriliblər. Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən keçmiş şöbə rəislərindən Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum ediliblər. Bakı Apellyasiya Məhkəməsi 2023-cü ilin sentyabrında Mövlam Şixəliyev və nazirliyin istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovla bağlı hökmdən verilmiş protest və şikayətlər üzrə qərar vermişdi. Qərara əsasən Bakı Hərbi Məhkəməsinin hökmü qüvvədə saxlanılıb. Hakim İlqar Murquzovun səsləndirdiyi qərara əsasən prokurorun verdiyi protest və tərəflərin şikayətləri əsassız hesab olunaraq rədd olunmuşdu. Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti təqdim edən Mövlam Şıxəliyevlə suç ortaqları bəraət istəyirdilər. Bundan başqa, Mövlam Şıxəliyevin ailə üzvləri də, prokuror da, iş üzrə zərərçəkənlər də apellyasiya instansiyasına şikayətlərini təqdim etmişdilər. Mövlam Şıxəliyevlə tabeliyində işləmiş, onunla birgə mühakimə olunan şöbə rəislərinin, dövlət ittihamçısının, zərərçəkənlərin narazı qaldığı qərardan Ali Məhkəməyə kassasiya şikayəti vermişdilər. İş üzrə ibtidai istintaq zamanı Mövlam Şıxəliyev və ailə üzvlərinin - həyat yoldaşı Aybəniz Şıxəliyeva, oğlu Elgün Şıxəliyev, qızı Samirə Əliyevanın adına olan, 7 milyon manatdan çox dəyəri olan əmlakların üzərinə həbs qoyulmuşdu. Bakı Hərbi Məhkəməsində çıxarılan hökmlə Mövlam Şıxəliyevin ailə üzvlərinə məxsus əmlaklar geri qaytarılıb. Bu isə təxminən 3 milyon 500 min manatlıq əmlak deməkdir. Şıxəliyevin ailə üzvlərinə qaytarılan əmlaklar arasında Bakının mərkəzində - “Sahil” metrostansiyasının üstündəki binada 8 mənzil, Fəvvarələr meydanında, Nizami küçəsində, Ağdaşda evlər, obyektlər, Novxanıda bağ evi və başqa əmlaklar var. Bakı Hərbi Məhkəməsinin hökmündən zərərçəkmişləri narazı salan əsas məqam da məhz bu idi. Onlar Mövlam Şıxəliyevin ailə üzvlərinin adına olan, üzərinə həbs qoyulmuş əmlakların əhəmiyyətli bir hissəsinin geri qaytarılmasından narazı idilər. Baş Prokurorluq da bu qərardan narazı idi, cinayət yolu ilə əldə olunan əmlakların müsadirəsi tələb olunurdu. Zərərçəkənlər vaxtilə MTN-də onlardan və yaxınlarından hədə-qorxu ilə alınmış pulların geri qaytarılması tələbi ilə Bakı Hərbi Məhkəməsində baş tutan prosesin əvvəlində mülki iddialar qaldırmışdılar. Bununla yanaşı, Mövlam Şıxəliyevin ailə üzvlərinin də cinayət yolu ilə əldə olunmuş əmlakların leqallaşmasında iştirak etdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunmaları üçün vəsatətlə çıxış etmişdilər. Məhkəmə vəsatətləri baxılmamış saxlasa da, zərərçəkənlərdən mülki iddia qaldırmış 16 nəfərinin iddiasını təmin edib. Lakin iş üzrə zərərçəkənlərə vurulmuş ziyan bu gün də ödənməyib. Geri qayıt |