Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ermənistan dövləti başını qaldırmamış payını almalıdır
Ermənistan dövləti başını qaldırmamış payını almalıdırBu gün, 14:00 |
Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanması Cənubi Qafqaz regionunda sabitliyə xidmət etmir. Heç şübhəsiz, Bayden administrasiyasının belə addımları rəsmi Vaşinqtonun bu regionla bağlı siyasətinə zərbə vurur. Hakimiyyətdən getmək ərəfəsində olan bu administrasiyanın yanlış siyasəti ABŞ üçün yaxşı heç nə vəd etmir. Sazişdə Azərbaycanın milli maraqlarına zidd olan məqamlar var. Sənəddə “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi qəbuledilməzdir. Çünki belə bir inzibati ərazi vahidi yoxdur. Azərbaycan 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkən zaman ABŞ işğalçı Ermənistana qarşı heç bir addım atmadı. Hansı ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri idi. Həmin dövrdə ABŞ və digər həmsədrlər təcavüzkarı heç vaxt öz adı ilə çağırmayıblar, əksinə verdikləri bəyanatlarda işğalçı Ermənistanın maraqlarına uyğun olub. Özünü dünyada beynəlxalq hüququn, insan haqlarının əsas qoruyucusu kimi təqdim edən ABŞ işğaldan əziyyət çəkən Azərbaycana heç vaxt ciddi dəstək nümayiş etdirməyib. Əksinə, Konqres tərəfindən qəbul olunmuş 907-ci düzəliş ölkəmizə qarşı ədalətsizliyin bariz nümunəsidir. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Bayden administrasiyası daim ölkəmizə qərəzli mövqe sərgiləyib. Dövlət katibi Blinken isə özünü “sülh göyərçini” kimi təqdim etmək istəyirdi. Buna baxmayaraq, Dövlət Departamenti dəfələrlə Azərbaycana qarşı qərəzli bəyanatlar səsləndirib. Ona görə də, rəsmi Bakı Blinken tərəfindən son vaxtlarda irəli sürülən vasitəçilik təkliflərini qəbul etməyib. Çünki Ermənistanın tərəfini saxlayan Bayden-Blinken cütlüyü heç vaxt ədalətli sülhün tərəfdarı ola bilməz. Artıq bir neçə günə öz postunu tərk edəcək Antoni Blinken son anda belə öz dövlətinə və Vaşinqtonun dünyanın müxtəlif bölgələrində maraq və mənafelərinə zərbə vurmaqdan, iqtidara gəlmiş Donald Tramp komandası üçün minalanmış sahələrin coğrafiyasını daha da genişləndirməkdən çəkinmir. Bayden administrasiyası Yaxın Şərq, Afrika, Latın Amerikası, Avropa – bir sözlə dünyanın bütün bölgələrində qanlı qarşıdurmaların, üsyanların, qətliamların, milyonlarla insanın qaçqına çevrilməsinin və öz yurd-yuvasından didərgin düşməsinin, siyasi və iqtisadi sistemlərin çökməsinin, bütöv ölkələrin parçalanıb dağılmasının, onların xalqlarının faciələr yaşamasının səbəbkarıdır. Bu bəlaların əsas müəllifi yaşı səbəbindən anlaqsız duruma düşmüş prezident Co Baydendən daha çox özünü dünyaya sülhpərvər, mələk qiyafəsində təqdim edən, əslində isə yalançılıq, xəyanət, riyakarlıq və bu kimi mənfi keyfiyyətlərin daşıyıcısı olan Antoni Blinkendir. Beləliklə, Bayden administrasiyası Amerika xalqı üçün mənfi siyasi miras qoyaraq hakimiyyətdən gedir. Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər doktoru Zaur Məmmədov "Sherg.az"a açıqlamasında deyib ki, ABŞ və Ermənistan arasında imzalanmış strateji tərəfdaşlıq xartiyası Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına birbaşa zərbədir. Ekspertin sözlərinə görə, əgər ABŞ dövlət katibi E.Blinken doğrudan da, Qafqazda sülh istəsəydi, Bakı və İrəvan arasında sənədin imzalanmasını gözləyər, daha sonra haylarla nə istəsələr edərdilər: "Bayden administrasiyası ötən ilin sonuna qədər yarımçıq sülh müqaviləsinin imzalanmasını israrla istəyirdi. Niyəsi məlumdur. Ermənistan silahlı qüvvələrinin təlimlərinin və hərbi texniki imkanlarının artırılmasına yardım da Vaşinqtonun üzərinə götürdüyü funksiyalardan biridir. Eyni zamanda, Ermənistanda güc strukturlarına ABŞ tərəfindən təlimlərin keçirilməsi də ciddi məsələdir. Belə tərəfdaşlıq hərbi və iqtisadi islahatlarda ABŞ-dən maliyə yardımı almağı nəzərdə tutur. Bu, mümkün hər hansı münaqişəyə Amerika ordusunun birbaşa müdaxiləsi demək deyil. Lakin Ermənistanın dünyanın iqtisadi, siyasi və hərbi imkanlarına görə nəhəng dövləti ABŞ ilə strateji tərəfdaşlıq haqqında sənədi imzalamasının siyasi-mənəvi statusu əhəmiyyətlidir. Beləcə, hələ 1919-cu ildə ABŞ üçün xüsusi maraq kəsb etməyə başlayan Qərbi Zəngəzur torpaqlarının təhlükəsizliyinin qorunması, oradakı kommunikasiya - nəqliyyat xətlərinin gələcək aqibəti Vaşinqtonun birbaşa çətiri altına keçə bilər. Ümumiyyətlə isə, Ermənistan və PKK, YPG, PYD arasında əlaqələrin möhkəmləndirilməsi, sərhədlərdə ABŞ və NATO hərbçilərinin yerləşdirilməsi, kibertəhlükəsizlik, sputnik və kəşviyyat texnologiyaları ilə haylara yardım və s. kimi hallar Türkiyə və Azərbaycan da daxil olmaqla bütün region dövlətləri üçün təhdiddir". Analitikə görə, Rusiya və İran üçün ciddi çağırış olan bu saziş fonunda ölkəmizi dəfələrlə təhdid edən cənub qonşumuzun İranın reaksiyası məsələlərlə bağlı Tehranın mövqeyini açıq-aşkar göstərmiş olacaq: "Sözsüz, əgər bu reaksiya sərt olmasa, Azərbaycan ictimaiyyətində ciddi gülüş obyektinə çevriləcək. Öz növbəsində, əminəm ki, qonşuların dişsizliyi, ABŞ və Ermənistanın isə çevik davranışları fonunda, Azərbaycan regional sabitlik və ilk növbədə dövlət təhlükəsizliyinin qorunması üçün Zəngəzur mövzusunu özü həll edəcək. Bu, ABŞ və Rusiya ilə dialoqdan tutmuş, digər resursların işə salınmasına qədər bütün versiyaların nəzərdən keçirilməsi ilə nəticələnə bilər. Top Donald Trampdadır. Görək, buradakı məsələlərə onun reaksiyası necə olacaq. Risklər isə bunlardır. Ermənistan arxasında Qərbin monitotinq missiyasının olmasından və ABŞ ilə məlum sazişin olmasınından istifadə edərək şərti sərhədlərdə təxribat törədərək Azərbaycandan revanş almaq üçün hərəkətə keçə bilər. Mümkün müharibədə Ermənistana hərbi - texniki dəstək, maliyə yardımı edilə bilinər. Eyni zamanda, digər bütün yardımlar. ABŞ Tramp dövründə olmasa belə, gələcəkdə erməni diasporasının təsiri və öz milli maraqlarını əsas gətirərək Cənubi Qafqazda Ermənistanın genişləndirilməsi üçün bütün variantlara əl ata bilər. Bütün bunların baş verməməsi üçün Ermənistan dövləti başını qaldırmamış payını almalıdır. Hər bir halda, baş verənlər bütün Cənubi Qafqaz üçün risk və imkanlar yaradır. Risklərin bizim üçün yeni imkanlara çevrilməsi həllini tapmalı olan birinci dərəcəli məsələ olacaq". Geri qayıt |