Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Bakıya qarşı Zəngəzur təxribatı: Erməniləri təşvişə salan xəbər yayıldı

Bakıya qarşı Zəngəzur təxribatı: Erməniləri təşvişə salan xəbər yayıldı


Bu gün, 09:32
Bakıya qarşı Zəngəzur təxribatı: Erməniləri təşvişə salan xəbər yayıldı
Son günlər Azərbaycan ictimaiyyətində ən çox müzakirə olunan mövzulardan biri də Zəngəzurda müharibənin baş verməsi ehtimalı ilə bağlıdır.

Prosesə dair fərqli ölkə rəsmilərindən səsləndirilən açıqlamalar və Ermənistan rəhbərliyinin Bakıya qarşı ritorikası cəmiyyətdə dəhliz məsələsində eskalasiya riskinin artması kimi dəyərləndirilir.

Bəzi ekspertlər bu ehtimalın real göründüyünü, bəziləri isə heç bir gərginliyin olmayacağını bildirir.

Mövcud situasiyada Zəngəzurda qarşıdurmanın olması gözləniləndirmi?

Globalinfo.az-a danışan politoloq Murad Sadəddinov deyib ki, bu iddialar Azərbaycana qarşı təxribatların bir hissəsidir:

“Sözügedən fikirlər bəzi güclər tərəfindən ortaya atılıb. Bir sıra beynəlxalq dairələr Ermənistana müşahidəçi adı altında öz qüvvələrini yerləşdirməyə çalışır və İrəvanı müxtəlif silahlarla təmin edirlər. Bütün bunların fonunda isə Azərbaycanın Zəngəzur uğrunda müharibəyə başlayacağı haqda iddiaları yayılır.

Səsləndirilən fikirlər erməni cəmiyyətində narahatlıq yaradır. Beynəlxalq ictimaiyyətdə Azərbaycanın guya Ermənistan ərazilərini işğal edəcəyinə dair düşüncənin formalaşdırılmasına çalışır.

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə elan edib ki, bizim əsas məqsədimiz ölkənin ərazi bütövlüyünü bərpa etmək idi, buna da nail olmuşuq”.

Politoloq bildirib ki, Zəngəzur Azərbaycanın tarixi torpağıdır:

“Soydaşlarımız bu ərazidən zorla qovulub. Onların çıxarıldığı kəndlər hələ də boşdur. Qərbi azərbaycanlılar öz ata-baba yurdlarında yaşamalıdır. Amma bu, Azərbaycanın həmin əraziləri işğal edəcəyi mənasına gəlmir. Biz soydaşlarımızın beynəlxalq hüquq əsasında ata-baba yurdlarına qayıdıb yaşamasını fikrini dəstəkləyirik”.

Geri qayıt