Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Azərbaycan USAİD-i niyə istəmir?

Azərbaycan USAİD-i niyə istəmir?


Dünən, 17:01
Azərbaycan USAİD-i niyə istəmir?
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycandakı fəaliyyətinə aydınlıq gətirib. XİN rəhbəri bildirib ki, USAİD-in 2024-cü il 1 iyul tarixindən Azərbaycanda fəaliyyət göstərməsi de-yure mümkün deyil.
Nazir əlavə edib ki, USAİD-in fəaliyyətinin dayandırılmasının vaxtı yetişmişdi:
"Çünki biz danışıqlar zamanı gördük ki, ABŞ Azərbaycanın maraqlarını nəzərə almır və diqtə ilə öz maraqlarından çıxış etməyə çalışır. USAİD-in Azərbaycanda mövcudluğunun və təmsilçiliyinin davam etdirilməsinə ehtiyac yoxdur və fəaliyyətinin tam dayandırılmasının vaxtı yetişib".

Politoloq Tural İsmayılov bildirib ki, bu gün USAİD-in Azərbaycandakı fəaliyyətinə rəvac verəcək situasiya yoxdur:
"USAİD fəaliyyət göstərdiyi hər yerdə ABŞ-ın imperial maraqlarını həyata keçirən bir təşkilatdır. Təbii ki, belə bir təşkilatın fəaliyyətinə Azərbaycanda ehtiyac yoxdur. USAİD-in rəhbəri Samanta Pauer Azərbaycan əleyhinə açıqlama verməklə məşğuldur. Pauer Ermənistanı qızışdırmaq və bizim maraqlarımıza zidd olan açıqlamalar verməklə məşğuldur".

Onun sözlərinə görə, USAİD ötən il Ermənistana yardımlarını birdən-birə 2 dəfədən çox artırıb və yardımların həcmi 250 milyon dollara çatdırılıb:
"Azərbaycanın anti-terror əməliyyatından sonra beynəlxalq hüququ təmin edərək Xankəndidə bayrağını sancması USAİD-in Azərbaycana qarşı fəaliyyətini kəskinləşdirdi. Təbii olaraq bu, rəsmi Bakıda ciddi narazılıqlar yaradırdı. Bütövlükdə hesab edirəm ki, USAİD ancaq rəngli inqilabları yetişdirən, xalqların, dövlətlərin milli identikliyinə sayğı ilə yanaşmayan bir təşkilatdır. ABŞ-ın bu cür təşkilatlarının başqa ölkələrin ərazisində öz istədikləri kimi davranmaq haqları yoxdur. Azərbaycanın USAİD-in fəaliyyətini istəməməsi bu baxımdan anlaşılandır".

Millət vəkili Elman Nəsirov deyir ki, ABŞ-da fəaliyyəti başa çatmaqda olan Co Bayden administrasiyası əslində öz fəaliyyətində sorosçuların müəyyən etdiyi xətti icra edirdi:
"Sorosun strategiyasında ayrı-ayrı ölkələrin daxilində inqilabi şərait yaratmaq, hakimiyyətləri zəbt etmək, bununla həmin ölkələrin daxilində çaxnaşmalar salmaq, xüsusilə gəncləri öz tərəfinə çəkmək və onları dövlət əleyhinə formalaşdırmaq xətti üstünlük təşkil edirdi. Məhz Sorosun əli ilə Gürcüstanda, Qırğızıstanda, Yaxın Şərqdə inqilabi proseslər qızışdırıldı. Bütün bu inqilablar həmin xalqlara böyük fəlakətlər gətirdi. Həmin dövlətlər hələ də özünə gələ bilmir".

Elman Nəsirov bildirir ki, sorosçuların dağıdıcı fəaliyyəti həyata keçirmək üçün bir sıra mexanizmlər formalaşdırılıb və onlardan biri də USAİD-dir:
"USAİD ABŞ-ın sivil görünür, lakin dağıdıcı, imperialist maraqlarını təmsil edir və hər yerdə bunu həyata keçirməyə çalışır. Onlar bu prosesi mərhələ-mərhələ icra edirlər. Nəticədə dövlətləri böyük sınaq qarşısında qoyurlar. Ona görə də, Azərbaycan dövləti dəfələrlə USAİD-in ermənipərəst mövqeyinə iradlar bildirib. USAİD-in bir çox hallarda Azərbaycanda insan hüquqlarının təmin edilməsi və demokratiya ilə bağlı yalan məlumatlar yayması, Azərbaycan dövlətçiliyi əleyhinə fəaliyyət göstərən mətbu orqanlara dəstək verməsi barədə faktlar qeydə alınıb".
"İndiki reallıqda bu təşkilatın Azərbaycandakı fəaliyyəti ilə bağlı məsələ aktuallaşıb. Azərbaycan öz maraqlarından çıxış edərək beynəlxalq təşkilatlarla münasibətlərini tənzimləyir. Hazırda USAİD-in fəaliyyətinin çox saylı neqativ tərəflərinin olmasını nəzərə aldıqda onunla əməkdaşlığa yenidən baxılması aktullaşıb. Bu kimi təşkilatlar, o cümlədən USAİD olduğuı yerə sülh, əminəmanlıq, inkişaf deyil, toqquşmalar, gərginliklər gətirir", - millət vəkili qeyd edib.

Xatırladaq ki, daha əvvəl Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında Samanta Paueri tənqid etmişdi. Hikmət Hacıyev "Maskaları çıxarın! Azərbaycanda artıq USAID-in fəaliyyətinə yer yoxdur!" qeyd etmişdi.

Geri qayıt