Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Sülh sazişinin imzalanmasını tezləşdirmək lazımdır

Sülh sazişinin imzalanmasını tezləşdirmək lazımdır


Bu gün, 06:52
Sülh sazişinin imzalanmasını tezləşdirmək lazımdır
Ermənistan Baş naziri Nikol Paşinyan son müzakirələrlə bağlı sosial şəbəkə hesabında paylaşım edib. Baş nazir deyib ki, Ermənistanın regionda uzunmüddətli sabitlik və sülhün bərqərar olması üçün təklifləri bəllidir. Paşinyan bildirib ki, artıq 90 faizi hazır olan sülh sazişinin müddəalarının tam və səmərəli həyata keçirilməsi üzərində işləmək lazımdır.

Bununla yanaşı, baş nazir hesab edir ki, şərti sərhədlərdə atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün birgə mexanizm tətbiq etmək zəruridir. Həmçinin, silahlara qarşılıqlı nəzarət, kvotalar və onlardan istifadəyə məhdudiyyətlər barədə danışıqların aparılması mexanizmi də formalaşdırılmalıdır. Paşinyana görə, hər iki ölkədən olan qaçqınlarla bağlı sülhün bərqərar olmasından sonra birgə peşəkar ekspert komitəsi yaratmaq lazım gələcək. Baş nazir ATƏT-in Minsk qrupunun buraxılmasının mümkünlüyündən də danışıb. İki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasına gəlincə, Paşinyan bununla bağlı özünün irəli sürdüyü “Sülh qovşağı” layihəsinə istinad edib. Xatırladaq ki, bundan öncə Paşinyan sülh müqaviləsinin razılaşdırılmamış iki maddəsi üzrə Bakıya təkliflər göndərdiklərini açıqlamışdı. Qeyd edək ki, yaxın vaxtlarda Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə hökumətlərarası komissiyasının iclası keçiriləcək, lakin dəqiq tarix məlum deyil.

Azərbaycan-Ermənistan sülh prosesi ətrafında cərəyan edən hadisələrlə bağlı "Şərq"in budəfəki müsahibi "Turan" İnformasiya Agentliyinin rəhbəri, siyasi şərhçi Mehman Əliyevdir. Son günlər yaşanan prosesləri şərh edən baş redaktor tərəflər arasında gərginliyin müşahidə olunduğunu və sülhün uzandığını söyləyib...

- Mehman müəllim, uzun fasilədən sonra Ermənistan tərəfi yenidən silahları işə saldı və 2025-ci ilə təxribatla başladı. Laçın yönündə mövqelərimizin davamlı atəşə tutulması nəyə hesablanmışdı?

- Maraqlıdır ki, bir müddətdir Ermənistan tərəfində, sərhədlərimizə yaxın yerləşdirilmiş Avropa İttifaqının "xüsusi missiyası" atəşkəs pozuntusu haqqında heç bir informasiya yaymadı. Aİ-nin missiyası tərəfindən təsdiq, ya təkzib eşitmədim. Azərbaycan Müdafiə Nazirliyi təxribatla bağlı məlumat yayırsa, bu, o deməkdir ki, son günlər gərginlik var. Hətta ehtimal olunur ki, gərginlik arta və genişmiqyaslı ciddi problemə çevrilə bilər. Açıqlamanı mən belə görürəm. Azərbaycan tərəfi sülh sazişinin tezliklə imzalanmasında maraqlıdır. Düzdür, Qərbin bəzi ölkələri və İrəvan iddia edir ki, guya Bakı sülh istəmir və s. Təbii ki, bu, həqiqət deyil. Azərbaycan Ermənistan üzərində qələbə çalıb və ortada qələbənin nəticələri var. Bunları möhkəmləndirmək və məsələni birdəfəlik bitirmək üçün sülh sazişi lazımdır. Əslində, 30 il ərzində də biz müharibəni yox, döyüşü uduzan tərəf idik. Prezident İlham Əliyev dəfələrlə Ermənistana revanşizmlə bağlı xəbərdarlığını bildirib. Hazırda Ermənistanda revanşizmlə yaşayırlar. Ölkənin silahlandırılması prosesi gedir, ordu quruculuğu həyata keçirilir. İrəvan hökuməti hesablayır ki, gələcəkdə hansısa geosiyasi vəziyyət dəyişikliyi baş verə bilər. Yəni Ukrayna ilə müharibədən sonra Rusiyanın mövqeyi dəyişər, başqa kənar güclər prosesə qoşular və bununla Ermənistan təzədən nəsə edər. Sülh prosesinin uzanmasında, sazişin bağlanmamasında əsas maraqlı tərəf Ermənistandır. Rəsmi Bakı sülhün əldə olunmasını və məsələnin bitməsini istəyir. Amma reallıq odur ki, proses uzanır və nəticədə zaman-zaman atəşkəs pozuntusu kimi təxribatlar baş verir. Bunun özü də göstərir ki, sazişin imzalanmasını mümkün qədər tezləşdirmək lazımdır. Məsələ ondadır ki, sülh olmasa, saziş imzalanmasa, münaqişəli vəziyyət, gərginlik və qeyri-müəyyənlik beləcə davam edəcək.

- Paşinyanın təklifləri arasında "Minsk qrupunun ləğvi" də yer alıb. İrəvan hökuməti Bakının bununla bağlı tələbini tezliklə icra edəcəkmi?

- Əslində, inandırıcı görünmür. Çünki bütün məsələlər sülh sazişindən asılıdır. Əgər tərəflər arasında konkret müqavilə imzalanmazsa, Minsk qrupu da qalacaq, digər problemlər də. Həmçinin, sərhədlərin delimitasiya və demarkasiya prosesi zəif gedəcək. Kommunikasiyaların açılması yubanacaq. Bir çox məsələ problemli olacaq. Yenə deyirəm, hazırda ən vacib məsələ konkret sülh sazişinə imza atılmasıdır. Saziş imzalansa, sonrakı məsələləri yoluna qoymaq mümkün hala gələcək. Nəzərə alaq ki, indiki dönəmdə Minsk qrupu fəaliyyətsizdir və sülh sazişinin imzalanması yönündə tərəflərə hansısa problem yaratmaları, müdaxilə etmələri qeyri-mümkündür. Faktiki olaraq 4 ildir Minsk qrupu ölü vəziyyətdədir. Qrupun aktivliyindən, hər hansı bəyanatından söhbət belə getmir. O baxımdan müqavilədən sonra Minsk qrupu da avtomatik olaraq buraxılmış sayılacaq.

- Baş nazir Nikol Paşinyan "real Ermənistan" konsepsiyasını gündəmə gətirir, "erməni tarixi" kitabı ilə ictimaiyyətə çağırış edir. Sizcə, Paşinyan bununla erməni toplumunu sülhə hazırlayır, yoxsa cəmiyyətin nəbzini yoxlayır?

- Paşinyan real geosiyasi vəziyyəti görür, nəzərə alır və sırf bu səbəbdən qeyd etdiyiniz addımları atır, tez-tez ictimaiyyət önündə çıxışlar edir. Dövrün reallıqları, tələbləri, tendensiyaları, yaxın strateji perspektivləri ortadadır. İrəvan hökuməti mövcud vəziyyəti ölçüb-biçir və başa düşür ki, Azərbaycan və Türkiyə ilə gec-tez normal münasibətlər qurulmalıdır. Başqa ağlabatan və təhlükəsiz çıxış yolu yoxdur. Əks halda Ermənistan dövləti və ermənilər üçün ciddi fəsadlar üzə çıxacaq. Paşinyan dərk edir ki, sülhün və qonşularla normal əməkdaşlığın olmasının qarşısını alan məhz "böyük Ermənistan", "dənizdən dənizə Ermənistan" xülyasıdır. Bu mif ermənilərin beyninə onillər ərzində yerləşdirilib və bədbəxt millət illər boyu bu xülya ilə yaşayıb. Həmin virus hələ də ermənilərin bir qismində qalmaqdadır və onun müalicəsi çox çətindir, uzun zaman tələb edir.

- Erməni cəmiyyətində revanşizm hissləri azalmaqdadırmı? Xəstə toplumun sağalma ehtimalı varmı?

- Ermənistanda müəyyən təbəqə real mənzərəni görür və dərk edir ki, zərərli ideologiyalarla, düşmənçilik duyğuları ilə normal yaşamaq mümkünsüzdür, problematikdir. Bu gedişlə ermənilər Ermənistanı da itirə bilərlər. Xüsusən, 44 günlük müharibə və nəticələri xeyli erməninin gözünü açdı və həqiqətləri göstərdi. 1987-ci ildən Azərbaycana qarşı açıq şəkildə başlayan və 1994-cü ilədək davam edən müharibə dönəmində ermənilərin əhvali-ruhiyyəsi tamam fərqli idi. Artıq dövr və zaman dəyişib. Ermənilər Qarabağ iddiası ilə həyatlarını sürdürmək istəmirlər. Zərərli ideyalardan qaçmaq istəyirlər. Çoxları bu məsələdən bezdikləri üçün artıq başqa ölkələrə gediblər. Yorulmuş, bezmiş bir erməni cəmiyyəti var. Onlara isə kimsə doğru yolu, çıxışı göstərməlidir. Paşinyan da bu missiyanı öz üzərinə götürüb. Ancaq bir daha vurğulayıram ki, Paşinyanın bu missiyanı icra etməsi onun daxili-mənəvi istəyindən daha çox real siyasətin gətirdiyi zərurətdən asılıdır. Baş nazir də fərqindədir ki, fərqli seçimin nəticələri heç də arzuolunan olmayacaq.

- Zəngəzur dəhlizi məsələsi də gündəmdədir. Ötən gün Prezident İlham Əliyev birmənalı vurğuladı ki, "Zəngəzur dəhlizi mütləq açılmalıdır və açılacaq". Bu məsələ nə qədər yubana bilər? İrəvanı və Tehranı narahat edən məqamlar nədir?

- Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı açıqlamaları, "sülh kəsişməsi" layihəsi, Mehri dəmiryolu və s. daxili auditoriyaya hesablanıb. Yəni məqsəd daxili auditoriyanı buna hazırlamaqdır. Bir-iki il əvvəl ümumiyyətlə, Zəngəzurdan dəhliz keçməyəcəyini, belə bir yolun açılmayacağını birmənalı deyirdilər. İndi yanaşma nisbətən dəyişib, yumşalıb. Artıq bu məsələlərlə bağlı Ermənistan daxilində diskusiyalar, polemikalar gedir. Nəticədə dəhliz fikrini cəmiyyətin beyninə yeridirlər ki, bununla razılaşmaq lazımdır. Paşinyan erməni cəmiyyətindən dəstək istəyir. Baş nazir yaxşı bilir ki, indi cəmiyyətin dəstəyini, razılığını ala bilməzsə, qarşıdakı seçkidə yetərli səs toplaya bilməz və hakimiyyət dəyişər. Görünən odur ki, getdikcə erməni toplumu Zəngəzur dəhlizi fikrinə alışır. Digər mühüm məqam odur ki, üçtərəfli bəyanata görə, dəhlizə rus sərhədçiləri nəzarət etməlidir. Nə Qərb, nə Ermənistan, nə İran, nə Türkiyə, nə də Azərbaycan rusların dəhlizə nəzarət etməsində maraqlıdır. Zəngəzur dəhlizi şimaldan-cənuba, şərqdən-qərbə böyük bazarları birləşdirəcək. Yanvarın 1-dən ruslar İran sərhədlərindən çıxıb, yəni məlumata görə, İran-Ermənistan sərhədinin mühafizəsi ermənilərə verilib. Ən azından keçid məntəqəsinin ermənilərə verilməsi faktdır. Erməni tərəfi birmənalı olaraq rusların sərhədlərində qalmasını istəmir. Rusların çıxması prosesi gedir və bu səbəbdən məsələ uzanır. İran da əslində belə bir dəhlizin olmasında maraqlıdır. Çünki bu yol İranı böyük məkana - Avrasiyaya bağlayır. Düzdür, hələlik Rusiya-Ukrayna müharibəsinə görə vəziyyət Avropa ilə sərhədlər bağlıdır. Ancaq bu, müvəqqəti vəziyyətdir, savaşdan sonra sərhəd açılacaq. İran Azərbaycan və Rusiya vasitəsilə Avropa bazarına çıxacaq. Ona görə də daxildə dəmiryollarını bərpa edir, infrastrukturlar qurur, portları modernləşdirir. Məncə, İranın pozuculuq etməsinin də səbəbi Rusiya, daha doğrusu, rusların dəhlizə nəzarət etməsidir. İran üzərindən alternativ yolun açılması gündəmdədir. Lakin istənilən halda paralel ikinci marşrutun olması daha məqsədəuyğun və vacibdir. Ümumən, Zəngəzur dəhlizi çox strateji yoldur və ona görə də bir çox ölkə bunda maraqlıdır. Amma həmin ölkələrin demək olar ki, hamısını narahat edən məsələ Rusiyanın dəhlizə nəzarət etməsidir.

- Sizcə, Zəngəzur dəhlizinə nəzarət funksiyası necə, hansı formada və hansı dövlətdə olmalıdır?

- Fikrimcə, dəhlizə beynəlxalq konsorsiumun nəzarət etməsi daha düzgün olar. Məsələn, Bakı-Tbilisi-Ceyhan neft kəmərini tikəndə "BP"nin rəhbərliyi ilə beynəlxalq konsorsium yaradıldı və kəmərin mühafizəsi xarici təşkilatlara həvalə olundu. Bu, böyük qarantiya verirdi ki, kəmər problemsiz işləyəcək, heç kim müdaxilə etməyəcək. Müharibə vaxtı erməni tərəfi kəməri hədəf almaqla bizi hədələyirdi. Əgər sırf bizə məxsus olsaydı, bəlkə də vurardılar. Amma Ermənistan da fərqində idi ki, beynəlxalq səviyyədə qorunan kəmərin vurulmasının cavabı beynəlxalq olacaqdı. Ona görə heç nə edə bilmədilər. Mən ermənilərlə görüşlərdə demişəm ki, ən münasibi dəhlizdə beynəlxalq konsorsiumun olmasıdır. Bu, həm də Ermənistan üçün qarantiya deməkdir. İndi Ermənistan tərəfindən də ara-sıra dəhlizə beynəlxalq nəzarət təklifləri gündəmə gəlməkdədir. Burada ciddi problem yoxdur.
Geri qayıt