Əsas Səhifə > Ana xəbərlər, Güney Press > "Mənə deyildi ki, 180 manat qoysan 1000 manat götürəcəksən"

"Mənə deyildi ki, 180 manat qoysan 1000 manat götürəcəksən"


Dünən, 10:47
"Mənə deyildi ki, 180 manat qoysan 1000 manat götürəcəksən"
"Yardımlaşma kampaniyası” adı altında vətəndaşları aldadaraq onların külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Tənzilə Kərimovanın cinayət işi üzrə məhkəmədə zərərçəkmişlər dindirilib.

Lent.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Sevinc Şamilova ifadə verib.

O, ifadəsində bildirib ki, ona məktəbdə Könül adında valideyn deyib ki, bir lotereya var - müəyyən miqdarda pul qoyub sonra xeyrinə pul götürürsən:

"O, Tənzilə xanımla danışandan sonra məni bu qrupa əlavə etdi. Əvvəlcə az miqdarda 250 manat qoydum. Həmin oyundan birinci dəfə 951 manat, ikinci dəfə isə 700 manat götürdüm. Mənə ümumilikdə dəyən ziyan isə 7 min 110 manatdır".

Zərərçəkmiş Nuranə Əlipənahova bildirib ki, gözəllik salonunda işləyir və bu qrup haqda məlumatı elə salonda deyilib:

"May ayında ilk dəfə bu qrupa 180 manat qoydum. Mənə deyildi ki, 180 manat qoysan 1000 manat xeyir götürəcəksən. Sonra ardıcıl 3 dəfə min manat qoydum, lakin mənə çatacaq olan xeyiri götürmədim. Hətta bir dəfə Tənzilə xanımdan 100 manat istədim, onu da tez bir zamanda özünə qaytardım. Mənə dəymiş ümumi ziyan isə 4 min 870 manatdır".

Zərərçəkmiş Yeganə Babacanovanın sözlərinə görə, belə bir lotereyanın mövcudluğunu və müəyyən qədər pul qoyub iki qatını götürəcəyini eşidib:

"Qardaşımla danışanda dedi ki sən hələ qoşul yaxşı olsa bizdə qoşularıq. Mən bir neçə dəfə 1000 manat qoydum. Tənzilə bizə şirnikləndirici səslər atırdı. Şirnikləndirici səsdə deyilirdi ki, əziz xanımlar, ərlərinizdən nə vaxta qədər asılı olacaqsız, biznes qurmaq vaxtıdı. Mənə ümumi dəymiş ziyan 10 min manata yaxındır. Bütün çeklər əlindədi. Bizim qrup rəhbəri Aygün Abbasova idi".

Məhkmənin növbəti iclası yanvarın 22-nə təyin edilib.

Qeyd edək ki, Tənzilə Kərimova 11 "WhatsApp” qrupu yaradıb. O, bu qruplar vasitəsi ilə vətəndaşları aldadaraq onların külli miqdarda pullarını ələ keçirib. Belə ki, o vətəndaşlara qarşı 1 milyon 232 min 559 manat ziyan vurub.

Cinayət işi üzrə 81 nəfər zərərçəkmiş var.

Tənzilə Kərimovanın barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Geri qayıt