Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Petrosyanın açıq etirafları...
Petrosyanın açıq etirafları...6-01-2025, 11:37 |
Ermənistan Respublikasının ilk prezidenti Levon Ter-Petrosyan (1991–1998) və həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində yaradılmış qondarma qurumun hərbi-siyasi liderlərlərindən olan Robert Koçaryan və Serj Sarkisyan azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmədə əsas rol oynayan şəxslər sırasındadırlar. Onların göstərişi və birbaşa iştirakı ilə azərbaycanlılara qarşı çoxsaylı cinayətlər törədilib, həmvətənlərimiz qeyri-insani rəftara məruz qalıb. Etnik təmizləmə siyasətinin növbəti mərhələsi kimi Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsi və ətraf yeddi rayon işğal edilib. Bunu İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib. Deputat bildirib ki, 1992-ci il Xocalı soyqırımı bu dövrdə törədilmiş ən dəhşətli hadisələrdən biridir: “Xocalıda 613 dinc sakin (o cümlədən 106 qadın və 63 uşaq) qətlə yetirildi, yüzlərlə insan yaralandı və əsir götürüldü. Ümumilikdə, bir milyondan çox azərbaycanlı doğma torpaqlarından məcburi köçkünə çevrildi. Ter-Petrosyanın hakimiyyəti dövründə etnik təmizləmə siyasəti sistematik şəkildə həyata keçirildi və bu, beynəlxalq hüquq normalarına zidd olaraq mülki əhalinin məcburi köçürülməsi, mülklərinin talan edilməsi və mədəni irsin məhv edilməsi ilə müşayiət olundu. İnsanlıq əleyhinə törədilmiş bu cinayətləri dünya ictimaiyyətinə artıq Petrosyanın öz dilindən etiraf etdiyi kadrlar da nümayiş etdirdi. 1987-ci ildən başlayaraq, Ermənistandakı azərbaycanlı əhali kütləvi şəkildə zorakılığa məruz qaldı və öz evlərini tərk etməyə məcbur edildi. Ermənistan monoetnik dövlətə çevrildi və azərbaycanlı əhali faktiki olaraq bu ərazilərdən tamamilə çıxarıldı. İşğal edilmiş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələr, qəbiristanlıqlar, məscidlər və muzeylər dağıdılmış və ya təhqir edilmişdi. Ermənilər işğal olunmuş ərazilərdə azərbaycanlıların izlərini silmək üçün mədəniyyət abidələrini özününküləşdirməyə, tarixi saxtalaşdırmağa və ya irsi məhv etməyə çalışıblar. Bu proseslərdə yüzlərlə azərbaycanlı öldürüldü, yüz minlərlə insan, o cümlədən 300 mindən çox Qərbi azərbaycanlı ağır şərtlərdə köçkün vəziyyətinə düşdü, 4 minə yaxın insan itkin düşüb və hələ onlar barəsində heç bir məlumat yoxdur. Müharibə zamanı şəhid olmuş, itkin düşmüş hərbçiləri kütləvi şəkildə basdırdıqları məzarlıqların yerləri isə hələ də müəmmadır. Ən azı 30 ildən sonra işğaldan azad olunmuş ərazilərdə aşkar edilən kütləvi məzarlıqlardan tapılan sümüklərin kimə aid olduğunu tapmaq üçün ailələrin yaşadığı travma, hüzn – bütün bunların kompensasiyası ödənilməlidir. Müqayisə üçün deyim ki, Belçikanın Ruandanı müstəmləkə altında saxladığı dövrdə dünyaya gələn metislər ailələrindən qoparılır, Belçikaya gətirilərək ya uşaq müəssisələrinə verilir ya da övladlıq verilirdi. Belə uşaqlardan olmuş hazırda 70-80 yaşlı bir neçə şəxs ötən ilin dekabr ayında Belçika hökumətini külli miqdarda təzminat ödəməyə məcbur edib. Sələflərinin törətdiyi qırğınlara görə indiki hökumətlərin bunu etməkdən başqa çarəsi yoxdur. İnsanlıq əleyhinə törədilmiş cinayətlərə görə hətta əsrlər sonra belə kompensasiya ödənilməsi nümunələri var. Bəs Ermənistan nə vaxt dünya ictimaiyyəti tərəfindən mühakimə ediləcək? Nə vaxt kompensasiya ödəyəcək? İkili standartları ilə Qərb dövlətləri və beynəlxalq təşkilatlar mövzu Azərbaycan olunca, tarixi faktları görməzdən gəlir”. P.Vəliyeva vurğulayıb ki, Ermənistanın etnik təmizləmə siyasəti beynəlxalq hüquq normalarına ziddir və müharibə cinayətləri kateqoriyasına aiddir: “Bu siyasət həm regional sabitlik, həm də humanitar prinsiplərin pozulması baxımından ciddi nəticələr doğurub. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamədə (822, 853, 874, 884) Ermənistanın işğalçı kimi tanınması və Azərbaycan ərazilərindən çıxarılması tələb olunub. Lakin bu qətnamələr 30 ilə yaxın müddətdə yerinə yetirilməyib. Etnik təmizləmə insanlıq əleyhinə cinayətdir və bu, beynəlxalq hüquqda ciddi cinayət sayılır. Bu cür hərəkətlər, əhalinin müəyyən bir etnik, dini və ya milli qrupa mənsubluğuna görə məcburi şəkildə köçürülməsi, qətl, işgəncə, təcavüz, mədəniyyət irsinin məhv edilməsi və digər insan hüquqlarının pozulmasını əhatə edir. BMT-nin 1998-ci il tarixli Roma Statutuna (Beynəlxalq Cinayət Məhkəməsinin əsas sənədi) görə, "insan əleyhinə cinayətlər" əhalinin müəyyən bir hissəsinə qarşı genişmiqyaslı və ya sistematik şəkildə törədilən hərəkətləri əhatə edir. Etnik təmizləmə bu kontekstdə, xüsusilə qətllər, deportasiyalar və digər qeyri-insani əməllərlə insan əleyhinə cinayətlərə daxil ola bilər. Etnik təmizləmə müəyyən hallarda soyqırımı cinayətləri kimi də təsnif edilə bilər. BMT-nin 1948-ci il Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Konvensiyasına əsasən, müəyyən bir milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə törədilən hərəkətlər soyqırımı hesab edilir. Silahlı münaqişələr zamanı etnik təmizləmə əhalinin qanunsuz məcburi köçürülməsi, mülki əhalinin hədəf alınması və digər hərəkətlərlə müharibə cinayətlərinə də aid edilə bilər. Azərbaycan dəfələrlə Ermənistan tərəfindən törədilən cinayətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb və Ermənistanın yüksək vəzifəli şəxslərinin məsuliyyətə cəlb olunmasını tələb edib. Beynəlxalq Cinayət Məhkəməsi (BCM) bu cinayətləri araşdırmalı və məsuliyyət daşıyan şəxsləri mühakimə etməlidir. Petrosyanın məlum çıxışında açıq etirafları da məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır. Levon Ter-Petrosyanın etirafları həm də ona görə önəmlidir ki, Azərbaycanı qondarma “etnik təmizləmə”də ittiham edən bəzi dairələr bu videonun yayılmasından sonra yəqin ki, çətin vəziyyətə düşəcəklər. Çünki Petrosyan əsas erməni ideologiyasına əsaslanaraq azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirilməsinin Ermənistan üçün bir nömrəli tapşırıq olduğunu etiraf edir. Əvvəl azərbaycanlıları öz doğma yurdlarından zorla qovmaq, sonra isə işğalçı müharibəyə başlamaq erməni ideologiyasının əsasını təşkil edib. Vətən müharibəsi nəinki 30 illik işğala son qoydu, eləcə də digər məkrli planların gerçəkləşməsinə imkan vermədi. Şanlı Azərbaycan ordusu müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan xalqına qarşı törədilə biləcək daha təhlükəli cinayətlərin qarşısını aldı. Azərbaycan öz tarixi yaddaşını, Ermənistanın işğalçılıq siyasətinin nəticələrini heç vaxt unutmayacaq”. Geri qayıt |