Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Moskvadan Bakı və İrəvana “sürpriz” təklif

Moskvadan Bakı və İrəvana “sürpriz” təklif


Dünən, 09:46
Moskvadan Bakı və İrəvana “sürpriz” təklif
“Minsk Qrupunun amerikalı və fransalı həmsədrləri rusiyalı həmsədrlə 2022-ci ilin fevralından təmasları kəsib”. “Yeni Müsavat” xatırladır ki, bunu dekabrın 25-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

“2022-ci il oktyabrın 6-da Praqada keçirilən Azərbaycan, Ermənistan, Fransa və Avropa Birliyinin sammitinin nəticələrinə əsasən, Ermənistanın Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıması, 2023-cü ilin sentyabrında yerdə vəziyyətin kardinal şəkildə dəyişməsi ATƏT-in Minsk Qrupunun mandatının aktuallığını itirməsi ilə nəticələnib”, - Zaxarova vurğulayıb. Onun sözlərinə görə, Minsk konfransının bütün strukturları - Minsk Qrupu, yüksək səviyyəli planlaşdırma qrupu, ATƏT-in fəaliyyətdə olan sədrinin Qarabağ məsələsinin həlli üzrə şəxsi nümayəndəsi vəzifəsi ləğv edilməlidir: “Rusiya tərəfi hesab edir ki, bununla bağlı müvafiq qərarların qəbul edilməsinin optimal yolu Bakı və İrəvanın müvafiq qurumların ləğvi ilə bağlı birgə müraciətidir”.

Sirr deyil ki, Ermənistandakı radikal-revanşist kəsim hələ də ATƏT-in üzdəniraq Minsk Qrupunun (MQ) nə vaxtsa təzədən “diriləcəyinə” və onun sayəsində keçmiş Dağlıq Qarabağ probleminin dünya gündəminə qayıdacağına ümid edir. Təəssüf ki, bu ümiddə olanlar Nikol Paşinyan komandasında da var. Əks halda, Paşinyan rəsmi Bakının MQ-nin ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət təklifini çoxdan qəbul edər, bu yöndə real addım atardı. Artıq məlumdur ki, Azərbaycan Prezidenti İlham Əliyev həmin təklifi dekabrın 18-də Bakıda rusiyalı telejurnalist Dmitri Kiselyova müsahibəsində bir daha təkrarlayıb. Eyni zamanda, İrəvanla sülh müqaviləsinin imzalanması üçün 2 şərtdən biri kimi təqdim edib (digəri Ermənistan Konstitusiyası ilə bağlı məlum tələbdir).

Yəni bu iki şərt reallaşmayınca geniş anlamda sülh müqaviləsi, iki ölkə arasında diplomatik əlaqələrin qurulması mümkün olmayacaq. Ermənistan rəhbərliyi isə əksinə, MQ-nin ləğvinə sülh müqaviləsindən sonra razılıq verəcəyini bildirir. Yəni “atı arabanın arxasına qoşmaq” məsələsi. Paralel surətdə xüsusən də erməni radikal-revanşist düşərgəsində iddialar səslənir ki, MQ-nin üç həmsədrindən heç biri (Rusiya, ABŞ, Fransa) indiyədək qurumun rəsmi ləğvinin vacibliyini bəyan etməyib. Amma və lakin...Yəni rəsmi Moskva Bakının təklifini dəstəkləyib. Bəs ABŞ və Fransadan da analoji təklifi eşidəcəyikmi?

Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev Minsk Qrupunun arxivə qovuşduğunu düşünür. Onun fikrincə, həmsədr ölkələr sülh prosesinə də töhfə verə bilmirlər: “Onların kənardan seyirçi qalması məsləhətdir. Nə qədər ki qarışmırlar, bir o qədər danışıqlarda irəliləyiş əldə olunur. Hazırda Azərbaycanla Ermənistan arasında etimad mühiti yaranıb. Tərəflər vasitəçisiz təmas qura, danışıqlar apara, sülh mətnini birgə razılaşdıra bilirlər. Geridə qalan dövr ərzində ikitərəfli danışıqların uğuru olaraq 15 bənd razılaşdırılıb. Bu, kiçik nəticə deyil, xeyli yol qət edilib. Sadəcə, iki bəndi razılaşdırmaq qalıb. İnanıram ki, bu da danışıqlar zamanı həlli tapacaq. Minsk Qrupu belə bir şəraitdə heç kimə lazım deyil. Ermənistan siyasi iradə ortaya qoyaraq bu formatdan imtina etməlidir. Sadəcə, edə bilmir. Çünki iki həmsədr ölkədən - ABŞ və Fransadan asılı vəziyyətdədir. Onlar diqtə edirlər ki, bu formatdan əl çəkmə, regionda siyasi şərait dəyişə bilər”.

Partiya funksionerinin sözlərinə görə, Paşinyanın mövqeyi cığaldır: “Deyir ki, sülh sənədindən sonra Minsk Qrupu de-yure ləğv olunsun. İndi ləğv ediləndə nə problem olacaq ki? Sadəcə, sülh müqaviləsinin imzalanmaması üçün vaxt uzadır, əlavə problemlər yaradır. Ermənistanın yaratdığı əngəllər yalnız özlərinə zərər vurur. Paşinyan erməni xalqına xitab edir ki, Türkiyə ilə sərhədləri açmalıyıq, qonşularımıza münasibəti dəyişməliyik, iqtisadi dirçəlişimiz bundan asılıdır. Deməli, sülhün alternativi olmadığını dərk edir. Bunu qavrayan siyasətçi tələsməlidir ki, ayaq altında olan daşlar yığışdırılsın, yekun sülh müqaviləsi imzalansın. Əfsular olsun ki, Ermənistan ürəkbulandırıcı bəhanələrlə prosesi ləngidir. Onlardan biri də Minsk Qrupudur. Rusiyanın bundan qabaq da mövqeyi olub, Lavrov bildirib ki, bu institut dağılıb. İndi də Zaxarova sonuncu möhürü vurdu ki, Minsk Qrupu olmayacaq, ləğv edilməlidir”.

Siyasi ekspert Fuad Əliyev Rusiyanın təklifinə Azərbaycanın dünəndən razı olduğunu deyərək, Ermənistanın reaksiyasını gözləməyi vacib bilir. Onun sözlərinə görə, İrəvan Moskvadan gələn təklifə müsbət rəy verməyə bilər: “Əgər Makron, ya da Bayden ona bunu əmr etsəydilər, ikiəlli razılaşmışdı. Paşinyan Qərbin əlində oyuncağa çevrilib, heç bir müstəqil siyasəti yoxdur, onu dirijor çubuğu ilə idarə edirlər. Həmin dövlətlər Ermənistana təkid edirlər ki, Minsk Qrupunun ləğvinə razılaşma. Bu da ciddi problemin olduğunu ortaya qoyur. Bu dövlətlər Ermənistan hakimiyyətini idarə etdikləri üçün Minsk Qrupunun ləğvinə nail olmaq çətin görünür. Azərbaycan yeni ildən diplomatik təzyiqləri artırmalıdır”.

“Yeni Müsavat”

Geri qayıt