Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ermənistan qonşuluğumuzda DİNC DAYANACAQMI?
Ermənistan qonşuluğumuzda DİNC DAYANACAQMI?Dünən, 10:08 |
"Nikol Paşinyan "Facebook" səhifəsində Ermənistanın sabiq prezidentlərini keçmiş Qarabağ münaqişəsi ilə bağlı danışıqlara dair açıq ictimai debata dəvət etmişdi. Lakin vaxtilə Qarabağın işğalında birbaşa rol oynamış, iştirak etmiş Ermənistanın keçmiş quldur prezidentləri - Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyan bu təklifi rədd ediblər". Bu barədə siyasi şərhçi Bəybala Mirzəyev deyib. Ekspert bildirib ki, bu, gözlənilən idi: "Paşinyanla debata çıxmaq təklifindən qaçan eks-prezidentlər deyiblər ki, onunla müzakirə edəcəkləri heç nə yoxdur. Hazırkı Ermənistan iqtidarına yaxın "Armtimes" nəşri yazıb ki, "müxtəlif dövrlərdə ölkə istibdadının sükanı arxasına keçən, indiki hökumət başçısını müxtəlif platformalardan Qarabağı təhvil verməkdə və ərazi itkilərində ittiham edən bu şəxslər canlı yayımda Baş nazirə qarşı ittihamlarını əsaslandırmalarına şərait yaradacaq debatdan imtina ediblər". Paşinyanın onunla debatdan çəkinən sələflərinə tövsiyəsi isə kifayət qədər öldürücü sarkazm üslubunda alınıb. Paşinyan onlara deyib ki, “müzakirə edəcək bir şeyiniz yoxdursa, o zaman gedin pensiyanızı alın". Paşinyanın onları bu şəkildə ələ salması, əslində, Ermənistanın eks-prezidentlərinin (daha doğrusu, "siyasi meyit"lərinin) tabutuna vurulan sonuncu mismar anlamına gəlir. Başqa sözlə desək, Paşinyan belə bir çevik siyasi kombinasiyası ilə keçmiş "Qarabağ klanı"nın liderləri sayılan bu hərbi caniləri tam olaraq bitirmiş oldu. Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyanın debatdan yayınmaları həm də onu göstərir ki, onların, həqiqətən də, hazırkı Ermənistan ictimaiyyətinə deyiləcək heç bir sözü qalmayıb. Bu adamlar Ermənistanın ən yeni tarixinin çevrilmiş səhifəsi sayılır. Orta statistik ermənilər bu ünsürlərdən yorulublar". B.Mirzəyevə görə, Qarabağ mövzusu da artıq Ermənistan ictimaiyyəti üçün əvvəlki qədər maraqlı deyil: "Paşinyan 44 günlük müharibədən və 23 saatlıq antiterror əməliyyatından sonrakı dövrdə erməni ictimai fikrində kifayət qədər dəyişiklik və dönüş yaratmağı bacarıb. İndi ermənilər "Qarabağ klanı"nı da, Qarabağ mövzusunu da mümkün qədər tez unutmağa və başqa məsələlərə konsentrə olmağa çalışırlar. Köçəryan və Sərkisyanın pərdə arxasından dəstək verdiyi (Paşinyanı hakimiyyətdən salmaq şüarı ilə ortaya atılmış) Ermənistanın Tavuş vilayətinin arxiyepiskopu Baqrat Galstanyanın bir atımlıq barıt kimi tez alışıb sönməsi və onun sıravi ermənilər arasında geniş, kütləvi rəğbət qazana bilməməsi də onu göstərir ki, hazırkı erməni ictimaiyyəti artıq reallıq hissinə qayıtmağa və aşırı millətçiliyin, türkəfobiyanın onlara uğur gətirmədiyini, kilsənin və sabiq prezidentlərin təhriki ilə Azərbaycana qarşı ərazi iddialarının isə Ermənistanı fəlakətə sürüklədiyini gec də olsa, yavaş-yavaş dərk etməyə başlayırlar. Əlbəttə, ermənilərin tam olaraq ağıllandığını və revanşizmdən əl çəkdiklərini düşünmək üçün hələ tezdir. Bunun üçün hələ bir xeyli zamana ehtiyac var. Lakin əsas odur ki, bu proses artıq başlayıb. Dəmir yumruğumuz öz işini görüb, ermənilər haqq yoluna gəlməyə başlayıblar". Geri qayıt |