Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Sədri dəyişən metropolitendə nə dəyişəcək?
Sədri dəyişən metropolitendə nə dəyişəcək?Dünən, 16:30 |
Bir neçə gün əvvəl Bakı metrosunun rəhbər işdən azad edildi. Və ağıllarda bir fikir yarandı ki, “metronun problemi bununla da bitəcək”... Etiraf edək ki, bitmir və təəssüf ki, bitməyəcək. Məsələn, “Azəriqaz”-dan danışaq. Rəhbəri dəyişiləndə problemlər sonlanırmı? Xeyr! AAYDA-ya vəsait ayrılır ki, Bakı kəndlərinin yolları salınsın, bərpa edilsin. Bəs nəticəsi nə olur? Yolu çəkən kimi, başqa bir qurum gəlib sökür... Azərbaycanda əksər dövlət qurumları koordinasiya olmadan fəaliyyət göstərir. Ya da ki, elə olan koordinasiya siyasəti budur. Elə metroda da, dəmiryollarında da eyni vəziyyətdir. Rəhbər dəyişsə nə olacaq? Digər qurumlar da eyni aqibəti yaşayır... Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, metronun əsas problemi maliyyənin stabil ayrılmamasıdır. “Şəhər daha sürətlə inkişaf edib, metronun tikinti sürəti o qədər sürətli olmayıb. Ciddi maliyyə ayrılmalıdır və stabil maliyyələşmə ilə tikinti sürəti təmin olunmalıdır. Mövcud 57 yaşlı metronun müəyyən xətləri tikilməlidir. Bu, “Dərnəgül” stansiyası ilə “Koroğlu” stansiyası arasında olan əlaqədir. Sonra “Xətai-Həzi Aslanov” stansiyaları arasında əlaqədir. Xətlərin ayrılması da həyata keçirilməlidir. “28 may” stansiyasında yaşıl və qırmızı xətt ayrılmalıdır. İçərişəhərdən Badamdar qəsəbəsinə kimi xəttin tikilməsi və bənövşəyi xəttin şəhər mərkəzi “Ağ şəhər”ə kimi gətirilməsi doğru seçim olar. 3 xəttimiz varsa, onların ayrılıqda fəaliyyəti təmin olunmalıdır. Hərəsinin ayrılıqda deposu olmalıdır. İndiki halda 3 xəttimiz və iki depomuz var. “Dərnəgül” deposunun tikilməsi də mütləqdir. Qırmızı xətt 2 dəqiqə, yaşıl xətt 4 dəqiqə və bənövşəyi xətt 7 dəqiqəlik intervalla hərəkət edir. Bu xətlər tam tikildikdən sonra 1-2 dəqiqəlik intervalla hərəkəti təmin etmək mümkün olacaq”-deyən ekspert qeyd edib ki, COP29-dövründə “Avropa İnvestisiya” Bankı ilə bağlanmış ilkin memorandum yeni stansiyaların tikilməsi məsələsində ümidləndirir. “Bunlar tikildiyi təqdirdə sərnişin axını parçalanacaq. Şəhər nəqliyyatına əlavə fayda qatmaqla yanaşı, həmçinin yerin üstünün də yükü götürülmüş olacaq. Yeni stansiyalar öz xətti boyu həmin ərazilərə yeni bir inkişaf da gətirəcək”-deyə Rauf Ağamirzəyev əlavə edib. Geri qayıt |