Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Azərbaycanla münasibətlərdə Tramp üçün geri dönüşü çətin olacaq vəziyyət yaratmaq istəyirlər
Azərbaycanla münasibətlərdə Tramp üçün geri dönüşü çətin olacaq vəziyyət yaratmaq istəyirlərDünən, 08:50 |
ABŞ səfirliyi “Həftə” proqramının müəllifinə yenidən cavab verib. Vaşinqtonun anti-Azərbaycan siyasətdə ittiham edilməsi yenə diplomatik korpusun etirazına səbəb olub: “Son vaxtlar uydurma ABŞ xoxanlarına qarşı məktəb həyətindəki dalaşqanlara xas sözlər işlədilir. Bu ayın "ən məşhur"ları AzTV-nin “Həftə” verilişinin “açıq şantaj” və “namərdlik” sözləri oldu. Yaxşı cəhddir, ancaq bu, diqqəti Azərbaycanda 300 nəfərdən artıq siyasi məhbusun əsassız ittihamlarla həbsdə olmasından və onların bayramlarını ailələrindən uzaqda keçirmələrindən yayındıra bilməyəcəkdir", - səfirliyin Facebook hesabındakı məlumatda deyilir. “ABŞ-ın indiki administrasiyası bütün vasitələrlə Azərbaycanla münasibətlərinə xələl gətirmək məqsədini güdür”. Bu barədə isə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin ABŞ səfirliyinə cavabında deyilir. O bildirib ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin bütün bunları və əvvəlki təxribat xarakterli şərhlərini ifadə etmək üçün, özünü ifadə azadlığının müdafiəçisi kimi təqdim edən ABŞ tərəfinin media azadlığına qarşı dözümsüzlüyü heyrət doğurur. “Görünür, ABŞ-ın indiki administrasiyası bütün vasitələrlə xarici əlaqələrinə, xüsusən də Azərbaycanla münasibətlərinə xələl gətirmək məqsədini güdür, xəyali və mifik iddialar üzərində dayanır”, - A.Hacızadə əlavə edib. Yada salaq ki, bir həftə əvvəl də AzTV dövlət telekanalında ABŞ-ın Azərbaycana qarşı “zərərli” fəaliyyəti barədə süjet göstərilib. Süjetdə bildirilib ki, son günlərini yaşayan Bayden administrasiyası “qorxaqlıq” nümayiş etdirərək Azərbaycana hücum etmək üçün insan hüquqları amilindən istifadə edir. Bu ittihamlarla əlaqədar ABŞ-ın Bakıdakı səfirliyi öz səhifəsində cavab dərc edib: “Hökumətin azad mediaya və vətəndaş cəmiyyətinə təzyiqləri ilə bağlı beynəlxalq tənqidlər bir səbəbdən irəli gəlir: hökumətin göstərdiyi təzyiqlər. 2023-cü ilin noyabrından bəri 30-dan çox jurnalist və blogerin həbs edilməsi artıq bir faktdır. Bunun səbəbini soruşmaq "namərdlik" sayılır? Yoxsa əsl “namərdlik” Azərbaycan ictimaiyyətini bu faktlardan yayındırmaq cəhdidir?" Yeri gəlmişkən, istefa verən səfir Mark Libbi ABŞ-ın Azərbaycana dost olduğunu, Vaşinqtona qarşı ittihamlar səsləndiyini bəyan edib, hətta irəli gedərək “Amerika olmasaydı, "Əsrin müqaviləsi" də olmazdı" deyib. Səfir Bakıda Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbirdə bildirmişdi ki, “insan hüquqları və söz azadlığı uğrunda mübarizə aparanların bir çoxu bugünkü tədbirdə iştirak edə bilmir”. XİN rəsmisinin də dediyi kimi, Bayden administrasiyasının ömrünə sayılı günlər qalmış isə Bakı-Vaşinqton münasibətlərində gərgin atmosfer getdikcə yüksəlir. Artıq gərginlik media resursları ilə ABŞ səfirliyi arasındakı müstəviyə keçib. Görünür, Ağ Evin hazırkı sahibləri son günə qədər Azərbaycana təzyiqləri davam etdirmək hədəfindədirlər. Politoloq Oktay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Bayden administrasiyası fəaliyyətə başlayandan Azərbaycana qarşı siyasəti ilə seçilib və bu siyasəti sona qədər davam etdirməkdə qərarlı görünür: “Co Bayden administrasiyasının ilk günlərindən verilən proqnozlar özünü doğrultdu. İlk günlərdən bəyan edilirdi ki, bu administrasiya ABŞ tarixinin ən ermənipərəst hakimiyyətlərindən bəlkə də birincisi olacaq və Azərbaycana qarşı bütün addımları atmağa çalışacaqlar. Belə də oldu. 4 il ərzində Bayden hakimiyyəti Ermənistanın qatı müdafiəçisi oldu və Azərbaycana qarşı kəskin qərəzli mövqeyi ilə fərqləndi. Xüsusilə son dövrlər Baydenin hakimiyyəti təhvil verməsinə çox az vaxt qaldığı bir dönəmdə davranışları və verilən qərarlar onu göstərir ki, bu administrasiya özünün son resurslarından istifadə edərək Azərbaycana qarşı müəyyən addımlar atmağa çalışır. Dünyanın başqa nöqtələrində də Bayden administrasiyası son "patronlarını" atmaqdadır. Həm Rusiya-Ukrayna müharibəsi ilə bağlı, eyni zamanda Amerika daxilindəki bəzi qərarlarla bağlı biz bunun şahidi oluruq. Administrasiyanın mövqeyi isə təbii ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin də siyasətinə təsir göstərir. Bu gərginliyin əsas səbəbi həmçinin bir çox məqamlarda ABŞ səfirliyinin lüzumsuz addımları, Azərbaycanın daxili işlərinə qarışmasıdır. Son dövrlər müəyyən həbslərlə bağlı ABŞ səfirliyinin və Amerikanın dəstəklədiyi QHT-lərin hesabatları, açıqlamaları münasibətləri daha da gərginləşdirir. Son il yarımda birbaşa ABŞ Dövlət Departamenti tərəfindən verilən təlimatlar əsasında Azərbaycana qarşı sifarişli hesabatlar hazırlanır. Bu da münasibətlərə təsir edən amillərdir. Bununla bağlı Azərbaycan Prezidenti də açıq mətnlə öz fikirlərini ifadə eləyib. ABŞ və Azərbaycan arasında münasibətləri gərginləşdirən əsas amil Amerikanın beynəlxalq hüquqa əhəmiyyət vermədən işğalçı Ermənistanı müdafiə etməsi, onun işğalçılığına uzun müddət haqq qazandırması və Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa etdikdən sonra da ABŞ-ın bu reallığı qəbul etməməsidir". Politoloq qeyd etdi ki, ABŞ-Azərbaycan münasibətlərində hazırkı gərginliyin Bayden administrasiyasından sonrakı dövrdə davam edib-etməyəcəyi barədə dəqiq fikir söyləmək hələ tez olsa da qarşıdakı dövrdə də Azərbaycana müəyyən təzyiqlər etməyə çalışacaqlar: “Bayden administrasiyasının ən ermənipərəst administrasiya olmasını nəzərə almaqla bərabər Amerikanın dünya hegemonluğu iddiasını sürdürmək üçün siyasətini davam etdirəcəyini də unutmaq olmaz. Demokratiya, söz azadlığı kimi ümumbəşəri dəyərlərdən sui-istifadə etməklə ölkələrə təzyiq göstərməyə çalışacaqlar. Gələcək administrasiyanın da fəaliyyətində bunu zaman-zaman görəcəyik”. Siyasi şərhçi Aydın Quliyev isə bildirdi ki, yaranmış vəziyyət təəssüf doğuran haldır. Amerikanın Bakıdakı səfirliyinin atdığı müəyyən addımların Azərbaycanla yaratdığı gərginlik üzərində düşünülməli mənzərədir. Bu addımlar, hər halda, Bayden administrasiyasını təmsil edən səfirlik tərəfindən atılsa da, bütünlüklə Birləşmiş Ştatların aktivinə yazılan hadisədir: “Sözsüz ki, bu, Azərbaycanla münasibətləri onsuz da yaxşı olmadığı bir mərhələdə daha da gərginləşdirir. Ehtimal etmək olar ki, Bayden administrasiyası gedən ərəfədə Bakıda Donald Tramp administrasiyası üçün pis və ağır miras qoyub getmək fikrindədir. Hər halda, əgər Bayden administrasiyasının son həftələrində belə bir gərginlik yaradan addımlar atılırsa, bunun başqa adı yoxdur. Bakı ilə münasibətlərdə Trampa ağır və aradan qaldırılması o qədər asan olmayacaq miras qoyub getmək cəhdi ortadadır. Bu addım Azərbaycanın daxili işlərinə qarışacaq bir addım kimi yozulduğu üçün onun aradan qaldırılması da o qədər asan olmaya bilər. Ancaq Tramp administrasiyası dövründə vəziyyətin necə olacağını indidən proqnozlaşdırmaq çətindir. İstisna etmirəm ki, Bayden administrasiyası münasibətləri belə gərginləşdirici addımlar atmaqla Tramp üçün geri dönüşü çətin olan bir vəziyyət yaratmağı da düşünə bilər. Necə ki Ukraynada vəziyyəti daha da ağırlaşdırmaqla, Ukraynaya yardımları artırmaqla Tramp administrasiyasını Ukrayna məsələsində geri dönüşü çətin olan bir tunelə soxmağa çalışırlar, eynnilə də Bakı ilə münasibətlərdə Tramp üçün geri dönüşü çətin olacaq bir vəziyyət yaratmaq istəyirlər. Ancaq Trampın qətiyyətli addımlar atmaq cürətində olan siyasətçi olduğunu bildiyimiz üçün vəziyyəti dəyişmək üçün gərəkən addımları atacağını da istisna etmirəm”. Geri qayıt |