Əsas Səhifə > Ana xəbərlər, Güney Press > 2025-ci ildə yeni sülh pəncərəsi açılacaq
2025-ci ildə yeni sülh pəncərəsi açılacaqDünən, 09:22 |
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada almaniyalı həmkarı Annalena Berbokla görüşüb. Tərəflər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər. Hakan Fidan deyib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün tarixi fürsət yaranıb. O bildirib ki, üçüncü tərəflər ədalətli və tərəfsiz şəkildə bu prosesə dəstək verməlidirlər. Nazirlər həmçinin Suriya və Ukraynadakı vəziyyəti də müzakirə ediblər. Fidan söyləyib ki, Qəzzada daimi atəşkəsin təmin olunması və humanitar yardımların çatdırılması üçün beynəlxalq ictimaiyyət ümumi səy göstərməlidir. Onun sözlərinə görə, Türkiyə Ukrayna ilə Rusiya arasında davam edən müharibənin ən qısa zamanda başa çatması üçün danışıqlar prosesini dəstəkləyir. Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, türkiyəli nazirin indiki məqamda səsləndirdiyi fikirlər mühüm əhəmiyyət kəsb edir. Məsələ ondadır ki, Ermənistanla Azərbaycan arasında sülh prosesi davam edir: "Ciddi uğurlar əldə edilsə də, 2024-cü ilin sonlarına yaxın prosesdə müəyyən səngimə hiss olunur. Xüsusilə İrəvanın xaricdən silah tədarükünü artırması, Avropa İttifaqı, Fransanın humanitar yardım adı altında Ermənistana maliyyə yardımı ayırması prosesi uzatdığı kimi eskalasiya riskini də artırır. Əslində, Azərbaycanın prosesə yanaşması daha çox Ermənistanla ikili danışıqların davam etməsi yönündədir. Lakin Türkiyə istisna ölkə ola bilər. Ankaranın bu prosesə marağı və üçüncü tərəf kimi sülhdə iştirakı mümkündür. Belə ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşma prosesi də birbaşa Bakı-İrəvan sülhündən asılıdır". Analitik vurğulayıb ki, 2025-ci ildə Türkiyənin vasitəçiliyi ilə prosesin həllinə dair ümidlər var: "Əslində, Türkiyənin prosesdəki varlığı Fransa kimi destruktiv mövqeli ölkələrin geri addım atması baxımından vacibdir. Bakı Parisi bloklamaq üçün Ankaranın prosesdəki varlığından məmnundur. Digər tərəfdən, Türkiyə də tərəflərin ikitərəfli danışıqlar aparmasından maraqlıdır. Yəni Hakan Fidanın səsləndirdiyi təkliflər zərurət yaranarsa, həyata keçirilə bilər". Geri qayıt |