Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Bakı və İrəvan üçün KRİTİK İL

Bakı və İrəvan üçün KRİTİK İL


Dünən, 09:18
Bakı və İrəvan üçün KRİTİK İL
Bu il Qazax istiqamətində sərhədin demarkasiyası və 4 kəndin geri qaytarılması, özəlliklə rus hərbi kontigentinin Qarabağdan vaxtından tez gedişi reallaşdı - bəs gələn ildən nələr gözləyək?

Başa çatmaqda olan il Azərbaycan-Ermənistan danışıqları kontekstində nə qədər nəticəsiz olsa da, pozitiv nəticələr də yox deyil. Bu da sözsüz ki, ən əvvəl rəsmi Bakının sərgilədiyi prinsipial mövqe və diplomatik həmlələri sayəsində mümkün oldu. O sırada bu il tərəflər arasında ciddi hərbi toqquşma qeydə alınmadı, ilk dəfə olaraq Qazax istiqamətində sərhədin demarkasiyası və 4 kəndimizin geri qaytarılması reallaşdı.

Təbii ki, ilin ən əlamətdar hadisəsi Rusiya və Azərbaycanın ali rəhbərlərinin razılaşması nəticəsində rus hərbi kontigentinin Qarabağdan vaxtından tez getməsi oldu. Bunlar öz yerində, ilsonu (12 dekabr) XİN başçısı Ceyhun Bayramov danışıqlar fonunda ilk dəfə belə bir açıqlama verdi: “Sülh müqaviləsi layihəsi preambuladan və 17 maddədən ibarətdir. Preambula və 15 maddə üzrə mətnlər tam razılaşdırılıb. İki maddə üzrə isə açıq suallarımız var”. Həmin iki maddəni (bəndi) isə təxminən bir həftə sonra - dekabrın 18-də İlham Əliyev rusiyalı tanınmış jurnalist və teleaparıcı Dmitri Kiselyova müsahibəsində ilk dəfə açıqladı: 1. Tərəflərin bir-birinə qarşı beynəlxalq iddialardan imtinası. 2. Üçüncü ölkələrin nümayəndələrinin sərhəddə yerləşdirilməməsi.

Prezident həmçinin sülh müqaviləsi mətninə aidiyyəti olmayan iki mühüm məsələdən danışdı. Daha doğrusu, Bakının əsas şərtlərini təkrarladı: 1. Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiası ilə bağlı müddəanın çıxarılması; 2. ATƏT-in Minsk Qrupunun ləğvi (Çünki ləğv məsələsi konsensus tələb edir, ən azı, hər iki tərəf razılıq verməlidir).

Lakin Ermənistanın baş naziri Nikol Paşinyanın qoyulan məsələlərə reaksiyası ilk baxışda pozitiv görünsə də, əslində əsla qaneedici sayılmaz. Çünki Paşinyan yenə özünə xas tərzdə və hiyləgərcəsinə “nala-mıxa” vurdu, az qala Bakı ilə sanki qalib tərəf kimi, şərt dilində danışmağa cəhdlər etdi. Üstəgəl, “Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası yoxdur” deyə həyasızlıq etdi. Bunlar nəyin anonsudur? Bütövlükdə 2025-ci ildə 2024-də əldə olunan müsbət nəticələrin davamı gələcəkmi, hansısa çərçivə sənədi imzalanacaqmı, yoxsa Ermənistanın destruktiv hərəkətləri nisbi uğurları da sıfırlayacaq və təzə il daha çox (lokal) hərbi toqquşmalarla keçəcək? Sülh danışıqları harada, hansı şəhərdə davam etdirilə bilər?

Azad Vətən Partiyasının sədri Akif Nağının “Yeni Müsavat”a bildirdiyinə görə, Ermənistan sülh müqaviləsindən qaçır: “Çünki bu saziş revanş şanslarını öldürür. Ona görə də prosesi uzatmağa çalışırlar. Azərbaycan 2024-cü ildə addım-addım hədəflərinə çatdı, bu prosesi yekunlaşdırmaq üçün davam edirik. Ancaq Ermənistan başqa duyğularla yaşayır. Onlar regionda şəraitin dəyişməsini gözləyirlər ki, fürsətdən istifadə etsinlər. Bunun üçün Qərbə yaxınlaşırlar, maliyyə alırlar. Artıq ABŞ və Fransa Ermənistanda yerləşiblər və İrəvanın Moskvaya tərəf getməsinə imkan vermirlər”, - deyə partiya sədri bildirib.

Onun fikrincə, Azərbaycan əvvəlki deyil: “Hətta Rusiya ilə Ermənistan birgə hərəkət etsələr belə, bizə qarşı ciddi addım ata bilməzlər. Azərbaycan suverenliyini bərpa edib. İndi yekun sülh sənədini özünün tələbləri çərçivəsində imzalamağa çağırır. Əslində sülh ermənilərə daha çox lazımdır, özləri bunu dəyərləndirməlidirlər. Sadəcə, gələn il Ermənistan üçün siyasi təlatümlərlə yadda qala bilər: həm seçkilər yaxınlaşır, həm referenduma hazırlıq istisna deyil. Bu mənada, Ermənistan üçün çətin olacaq. Belə mürəkkəb vəziyyətdə isə İrəvanın sülh sənədini imzalayacağına inanmıram”.

Siyasi icmalçı Aqşin Kərimov hesab edir ki, Azərbaycan-Ermənistan sülh gündəmində gəlinən nöqtə çox əhəmiyyətlidir, lakin regionda təhlükəsizliyə xarici oyunçuların mandat vermək üçün ambisiyaları prosesləri tormozlayır: “Misal üçün, regionda Qərb ölkələrindən xüsusilə Fransa, şərq cinahından Hindistan regional təhlükəsizliyə və sülhə təhdid yaradan bölücü xətlər yaratmağa şirniklənirlər. Ermənistan isə onların bu ambisiyalarını cilovlamaq əvəzinə silahlanma indeksini yüksəldir. Bu isə onu deməyə əsas verir ki, regionda Azərbaycanın formalaşdırdığı reallıqları devirmək üçün sövdələşmə və açıq əməkdaşlıq kanallarının yaradılmasına təşəbbüslər göstərilir”.

Geri qayıt