Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Paşinyan iki ağaya qulluq etmək istəyir: alınırmı?

Paşinyan iki ağaya qulluq etmək istəyir: alınırmı?


Bu gün, 13:02
Paşinyan iki ağaya qulluq etmək istəyir: alınırmı?
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi məsələsi hələ də Cənubi Qafqazda əsas müzakirə mövzularından biri olaraq qalır. Uzun illər davam edən danışıqlara baxmayaraq, müqavilənin iki əsas maddəsi hələ də həll edilməmişdir: qarşılıqlı olaraq məhkəmə iddialarından imtina və münaqişə zonasında üçüncü tərəflərin iştirakı qadağasının təmin edilməsi. Azərbaycan Prezidenti İlham Əliyev bu maddələri prioritet olaraq müəyyənləşdirib. Lakin onların razılaşdırılması Ermənistanda daxili siyasi problemlər və ölkənin Rusiya və Qərb kimi xarici oyunçulardan asılılığı səbəbindən çətinləşir.

Danışıqlar çərçivəsində Azərbaycan əlavə iki şərt irəli sürüb: Ermənistan Konstitusiyasına dəyişikliklərin edilməsi və ATƏT-in Minsk Qrupunun tamamilə buraxılması. Bu tələblər Azərbaycanın beynəlxalq vasitəçilərin təsirini minimuma endirmək və əldə edilmiş nəticələrin yalnız ikitərəfli razılaşmalar çərçivəsində möhkəmləndirilməsi məqsədini əks etdirir. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyevin qeyd etdiyi kimi, əgər Ermənistan prosesi uzatmağa davam edərsə, Azərbaycan Ermənistanın silahsızlaşdırılması və ya onun silahlı qüvvələrinin sayının məhdudlaşdırılması məsələsini gündəmə gətirə bilər.

Bununla yanaşı, danışıqların gündəliyinə Zəngəzur dəhlizi də daxil edilib. Bu məsələ sülh müqaviləsinin layihəsində birbaşa qeyd olunmasa da, onun imzalanması üçün mühüm şərtlərdən biri olaraq qalır. Azərbaycan və Türkiyə dəhlizin yaradılması ideyasını fəal şəkildə irəli sürür, bu isə marşrutlar, sərhədlərin keçilməsi rejimi və infrastrukturun fəaliyyəti ilə bağlı məsələlərin həllini tələb edir. Xüsusilə Türkiyə artıq Naxçıvandan Qarsa dəmir yolu tikintisinə başlayıb və hər iki tərəf İran ərazisi vasitəsilə alternativ marşrutları nəzərdən keçirir, burada avtomobil körpüsünün tikintisi ilə bağlı praktik işlər aparılır.

Bu proseslərdə Rusiyanın mövqeyi mürəkkəb olaraq qalır. Moskva baş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qrupunun çərçivəsində əldə olunmuş razılaşmaları dəstəkləyir. Bu razılaşmalar Ermənistanın suverenliyini nəzərə alaraq optimal variant ola bilərdi.

Son dövrlərdə Ermənistan siyasi və hərbi əlaqələrini zəiflətməyə çalışır, KTMT-ni tənqid edir, lakin Aİİ-də iştirakını davam etdirir.

Belə ikili yanaşma Rusiya ilə bütün istiqamətlərdə münasibətlərin pisləşməsinə səbəb ola bilər, çünki siyasi və iqtisadi sahələr bir-biri ilə sıx bağlıdır.

Ermənistan həmçinin özünü xarici əlaqələrini şaxələndirə bilən dövlət kimi təqdim etməyə çalışır. Lakin təhlükəsizlik sahəsində Rusiyadan imtina etməyə yönəlmiş addımlar daxili böhranlar və müttəfiqlər tərəfindən etibar səviyyəsinin azalması ilə müşayiət olunur. Buna misal olaraq, siyasi qərarların şərhi və Qərbin artan təsiri ilə bağlı gərginlikləri göstərmək olar.

Ermənistanın çoxşaxəli yanaşması nəticəsində Cənubi Qafqazdakı vəziyyət daha da gərginləşir. Bir tərəfdən, İrəvandakı hakimiyyət orqanları Qərblə əlaqələrin gücləndirilməsinin zəruriliyini bəyan edir, digər tərəfdən isə Rusiya ilə iqtisadi əlaqələr həyati əhəmiyyətini qoruyur. Təcrübə göstərir ki, iqtisadi mənfəət naminə siyasi aspektləri nəzərə almamaq cəhdləri çox vaxt strateji səhvlərə gətirib çıxarır. Bununla yanaşı, Azərbaycan praqmatik siyasət, nəqliyyat dəhlizlərinin inteqrasiyası və Türkiyə ilə əlaqələrin möhkəmləndirilməsi hesabına mövqelərini gücləndirir.

Beləliklə, Azərbaycanla Ermənistan arasında münaqişənin sülh yolu ilə həlli tərəflərin daxili ziddiyyətləri aradan qaldırmaq bacarığından, həmçinin Rusiya, Türkiyə və Qərb kimi xarici qüvvələrin öz maraqlarında tarazlıq tapıb-tapmayacağından asılı olacaq. Aydındır ki, regionun gələcəyi nəqliyyat, siyasi və hərbi məsələlərin həllinə bağlıdır və burada Azərbaycan açar oyunçu rolunda çıxış edir.

Azərbaycanın Ermənistan qarşısında sülh müqaviləsinin bağlanması, erməni Konstitusiyasıqa dəyişikliklərin edilməsi, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı irəli sürdüyü tələblər həm məntiqi, həm də beynəlxalq hüquqa əsaslanır. 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra, tərəflər atəşkəsin təmin edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə davamlı sülh istiqamətində irəliləmək öhdəliyini götürmüşdü. Amma Ermənistan öz öhdəliklərini yerinə yetirmək əvəzinə, normallaşma prosesini ləngidən addımlar atır.

Bakının tələb etdiyi formatdakı sülh müqaviləsi beynəlxalq hüquq çərçivəsində tanınan sərhədlərin dəyişməzliyini təsbit etməlidir. Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımasını haqlı olaraq tələb edir ki, bu da sovet dövrünə aid xəritələr əsasında sərhədlərin delimitasiyası və demarkasiyasını nəzərdə tutur. Bu, uzun illər davam edən ərazi mübahisələrinə son qoymağa yönəlmiş məntiqli bir addımdır.

Azərbaycanın Ermənistan konstitusiyasına dəyişikliklər edilməsi tələbi də eyni dərəcədə vacibdir. Bu dəyişikliklər İrəvanın qonşu ölkələrə qarşı ərazi iddialarını istisna edəcək şəkildə edilməlidir. Rəsmi İrəvan uzun illər ərzində öz əsas qanununda yer alan milli-şovinist maddələrdən istifadə edərək Qarabağa və ətraf ərazilərə qanunsuz iddialarını əsaslandırıb. Bu konstitusiya maneələrinin aradan qaldırılması davamlı sülhün əsasını təşkil edəcəkdir.

Hazırda İrəvan Qərblə Rusiya arasında geosiyasi piyada rolunu oynayır. ABŞ Ermənistanı müxtəlif layihələrə fəal şəkildə cəlb edərək, onu Rusiya və Türkiyəyə təzyiq göstərmək üçün bir platforma kimi istifadə edir. Eyni zamanda, Moskva Cənubi Qafqazda öz təsirini qorumaq üçün Ermənistanı nəzarət zonasında saxlamağa çalışır.

Baş nazir Nikol Paşinyanın addımları hətta müttəfiqləri arasında da şübhə doğurur. Bir tərəfdən o, Avropa İttifaqı və NATO ilə razılaşmalar imzalayaraq Qərb dəyərlərinə bağlılığını bəyan edir. Digər tərəfdən, Ermənistan hələ də Rusiya rəhbərliyində olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqının üzvüdür.

2020-ci ildəki 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Ermənistan mürəkkəb geosiyasi vəziyyətdə qaldı. Nikol Paşinyan daxili təzyiqlər və xarici çağırışlarla üzləşərək, Moskva ilə Vaşinqton arasında balanslaşdırma strategiyasını seçdi. İki supergüc arasında maraqların balanslaşdırılmasına yönəlmiş bu taktika bölgədə sabitliyi daha da pozur və Ermənistanın təhlükəsizliyi və iqtisadi vəziyyəti ilə bağlı uzunmüddətli nəticələrə dair suallar doğurur.

İrəvan ənənəvi olaraq Rusiyaya əsas təhlükəsizlik təminatçısı kimi etibar edib. KTMT çərçivəsində Rusiya Ermənistanda hərbi iştirakını təmin edir, Gümrüdəki 102-ci hərbi bazası və üstün şərtlərlə silah tədarükü buna misaldır. Lakin 2020-ci ildən sonra iki ölkə arasındakı münasibətlər soyumağa başladı. Paşinyan dəfələrlə KTMT-nin əsas anlarda fəaliyyətsizliyindən narazılığını ifadə edib. Xüsusilə, 2022 və 2023-cü illərdə Ermənistan-Azərbaycan sərhədində baş verən eskalasiyalar zamanı bunu açıq şəkildə bildirdi.

Eyni zamanda, Ermənistan ÜDM-nin 30%-dən çoxu Rusiya kapitalı ilə bağlıdır, ixracının böyük hissəsi də Rusiyaya gedir. Enerji sektorunda isə "Qazprom Ermənistan" və Metsamor atom-elektrik stansiyası kimi mühüm obyektlər Rusiyanın nəzarətindədir. Onu da unutmayaq ki, Rusiyada 2 milyona yaxın erməni miqrant çalışır və 2022-ci ildə Ermənistana 1,5 milyard dollardan çox pul köçürüblər. Moskvadan uzaqlaşmaq cəhdi bu vəsait axınına ciddi zərbə vura bilər. Ən nəhayət, Paşinyan Rusiyadan təxminən 400 milyon dollar dəyərində silah alınması üçün müqavilələr imzalayıb.

Digər tərəfdən, ABŞ və müttəfiqləri bölgəyə fəal şəkildə daxil olur, Ermənistanı öz təsir platformasına çevirir.

Belə ki, 2023-cü ilin sentyabrında ABŞ Ermənistan ordusu ilə birgə təlimlər keçirdi və Azərbaycanla sərhədə müşahidə missiyası göndərdi.

Birləşmiş Ştatlar 2020-ci ildən bəri Ermənistana infrastruktur, islahatların dəstəklənməsi və humanitar proqramlar üçün təxminən 140 milyon dollar ayırıb. Avropa İttifaqı isə iqtisadiyyatın bərpasına dəstək üçün əlavə 1,6 milyard avro təqdim edib. Paşinyan demokratik islahatların əhəmiyyətini vurğulayaraq, Qərblə əlaqələri dərinləşdirməyə hazır olduğunu bildirib. 2023-cü ildə Ermənistan ABŞ-ın təşkil etdiyi "Demokratiya Sammiti" çərçivəsində "Demokratiya Bəyannaməsinə" qoşulub.

Xatırladaq ki, ABŞ-dakı erməni diasporası aktiv şəkildə İrəvanın maraqlarını lobbiləşdirir və Türkiyə ilə Azərbaycana qarşı qətnamələri irəlilətməklə yanaşı, Ermənistana maliyyə yardımı üçün təşəbbüslər göstərir.

Bütün bunları nəzərə alsaq, Paşinyanın iki cəbhədə oynama cəhdləri Ermənistan üçün bir çox risklər yaradır: Kreml artıq İrəvanın siyasətindən narazılığını ifadə edir. 2023-cü ilin sentyabrında Rusiya Ermənistandakı hərbi mövcudluğunu yenidən nəzərdən keçirəcəyini açıqladı. ABŞ və Avropa Ermənistana dəstək verir, lakin bu yardım Rusiyadan asılılığı kompensasiya edə bilmir. KTMT öhdəliklərinin yerinə yetirilməməsi Ermənistanı artan gərginlik fonunda təhlükəsizlik zəmanətlərindən məhrum edə bilər. Bu da var ki, Müxalifət Paşinyanı "milli maraqlara xəyanətdə" ittiham edir. 2024-cü ildə Gallup International tərəfindən keçirilmiş sorğuya görə, əhalinin 60%-dən çoxu Paşinyanın siyasətini Ermənistanı zəiflədir kimi qiymətləndirir.

Paşinyan Moskva ilə Vaşinqton arasında tarazlıq siyasəti yürüdərək, ölkəsinin gələcəyini risk altına qoyur. Ermənistan əsas müttəfiqlərdən məhrum olmaq və təhlükəsizliklə yanaşı, iqtisadi sahədə ciddi problemlərlə üzləşmək təhlükəsi ilə qarşı-qarşıyadır. Bu ikiqat oyun siyasəti, xüsusən də Ermənistana dəstəyin ən çox lazım olduğu dövrdə, onun təcrid olunmasına səbəb ola bilər.

Bəllidir ki, Qərb İrəvandan Rusiya və Azərbaycanın təsirini məhdudlaşdırmaq üçün bir vasitə kimi istifadə edir. Ancaq Ermənistan nə resurslara, nə də qonşularına qarşı müstəqil müqavimət göstərmək üçün strateji dərinliyə malikdir. Azərbaycan isə beynəlxalq hüquq çərçivəsində mövqeyini qoruyaraq, əldə edilmiş razılaşmaların yerinə yetirilməsində israr etməklə soyuqqanlı və qətiyyətli davranış nümayiş etdirir.

Nikol Paşinyansa həm Moskvanın, həm də Vaşinqtonun dəstəyini itirmək riski ilə üz-üzədir. Kreml dəfələrlə İrəvana qarşı səbir və tolerantlığın hüdudsuz olmadığını vurğulayıb. Qərb isə Ermənistanın idarəetmədəki səmərəsizliyini nəzərə alaraq, regionda təzyiq mexanizmlərini dəyişdirmək ehtimalını gündəmə gətirə bilər.

... Azərbaycan beynəlxalq hüququn normalarına tam uyğun şəkildə sülh müqaviləsinin imzalanmasını, sərhədlərin delimitasiya və demarkasiyasını, eləcə də Ermənistanın milli-şovinist iddialardan imtina etməsini tələb edir. Bu mövqeyi ilə Bakı həm regional sabitlik, həm də davamlı sülh üçün yol xəritəsi təklif edir.

Eyni zamanda, Ermənistan böyük güclərin əlində bir alətə çevrilərək, təhlükəli oyuna davam edir. İrəvanın həm Moskvanı, həm də Qərbi məmnun etməyə çalışması daxili böhranı dərinləşdirir və regional təhlükəsizliyi risk altına qoyur.

Cənubi Qafqazda sabitliyin təmin olunması və davamlı sülhün əldə olunması üçün Ermənistan özünün ikitərəfli oyun strategiyasının perspektivsizliyini qəbul etməli və Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Bu, yalnız Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına deyil, həm də siyasi təcrid təhlükəsi ilə üzləşən Ermənistan üçün xilas yolu ola bilər.

Paşinyan çox gec olmamış, bunları dərk etməlidir.

Elçin Alıoğlu - TREND

Geri qayıt