Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Avropa Parlamentindən Bakıya növbəti hücum

Avropa Parlamentindən Bakıya növbəti hücum


Bu gün, 09:44
Avropa Parlamentindən Bakıya növbəti hücum
Qərb vaxtaşırı bu və ya digər ölkələrə qarşı sanksiya şantajından istifadə edir. Hazırda Azərbaycanla qarşıdurma yaşayan Qərb quruluşları rəsmi Bakını sanksiya ilə hədələyir. Bəzi məmurlara qarşı cəza metoduna əl atmağa həvəslənir.

Xatırladaq ki, bu ilin aprel ayında ABŞ tərəfindən bir neçə məmurun sanksiyalara məruz qalacağına dair siyahı təqdim olunmuşdu. Eyni ssenari ilə bu gün Avropa Parlamenti çıxış edir. Bəzi ekspertlər bunu Azərbaycanın Qərbə qarşı duruşunun nəticəsi kimi qiymətləndirir. Bildiyimiz kimi xeyli müddətdir ki, Avropa təsisastları və ABŞ-dan Azərbaycana qarşı təzyiqlər var.

Prezident İlham Əliyev də bir neçə dəfə bunun səbəbini açıqlayıb. Bildirib ki, Azərbaycanın Qarabağ zəfərini Qərb dairələri qəbul edə bilmir. Onlar bu nəticəni Azərbaycana bağışlamırlar.

Müharibədən sonra sülh müqaviləsinin imzalanması istiqamətində rəsmi Bakının atdığı addımlar da Qərbi narahat edir. Çünki həmin qüvvələr Ermənistanın məğlubiyyətini heç cür qəbul edə bilmirlər. Bu oyuncaq dövlətdən Azərbaycana, ümumilikdə türk dünyasına qarşı sipər kimi istifadə etməyə çalışırlar.

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Mustafayev deyib ki, Avropa Parlamenti ilə Azərbaycanın münasibətləri xeyli müddətdir korlanıb:

“Bunun bir neçə səbəbi var. Əvvəlcə Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qalibiyyəti, torpaqlarımızın azad edilməsi bir sıra dövlətlərdən bu qurumda təmsil olunan deputatları məmnun etmədi. Fransa və Ermənistanın digər tərəfdaşlarını da xüsusilə qeyd etmək lazımdır. Xristian həmrəyliyi, erməni simpatiyası Aİ-də hər zaman özünü göstərib”.

Siyasi şərhçinin sözlərinə görə, parlamentin qərarı tövsiyə xarakterlidir, hüquqi qüvvə daşımır:

“Avropa Komissiyası isə Azərbaycanla xüsusilə də neft sahəsində əməkdaşlıq edir. Ona görə də bəzən bu qurumların ölkəmizə yanaşması üst-üstə düşmür. Parlamentin qərarı da havadan asılı qalacaq. Müəyyən mənada bu kimi addımlar ölkə imicinə təsir edir, siyasi xarakter daşıyır.

Məsələlərdən biri Güney Qafqazda Azərbaycan-Ermənistan münasibətləri ilə bağlıdır. Digəri isə Orta Dəhlizin açılmasında Aİ ölkələrinin maraqlarının təmin edilməməsi məsələsidir. Fransa bu Orta Yoldan özünə pay istəyir. Azərbaycan da buna razılıq vermir. O da qisas almaq üçün Avropa Parlamentindən alət kimi istifadə edir”.

Siyasi şərhçi qeyd edir ki, demokratiya, insan haqları kimi dəyərlər sözügedən qurumların prioritet dəyərləri kimi təqdim olunur:

“Lakin bu sahədə müəyyən problemlərin mövcud olduğunun şahidiyik. Azərbaycan hökuməti ölkədə demokratik təsisatların inkişaf etdirilməsinə, insan haqlarının qorunması və s. kimi məsələlərə daha çox diqqət yetirməlidir. Bu istiqamətlərdə görüləcək işlər var. Bu, Aİ başda olmaqla digər qurumlara da müəyyən hücumlar üçün bəhanələri aradan qaldırmış olar”.

Geri qayıt