Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Sülh müqaviləsi şübhə altında
Sülh müqaviləsi şübhə altındaDünən, 17:19 |
Ermənistan Azərbaycana ötən əsrin 90-cı illərinin əvvəllərində dayandırılmış dəmir yolu əlaqəsini bərpa etmək təklifi göndərib. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “Armenpress”-ə müsahibəsində bildirib. “Bizim qiymətləndirməmizə görə, biz dəmir yolu əlaqəsinin necə bərpa olunacağı ilə bağlı həm Ermənistan, həm də Azərbaycan üçün tamamilə məqbul olan həll yolu tapmışıq. Həll yolunu yazılı formada Azərbaycan tərəfinə göndərmişik və müsbət reaksiya gözləyirik. Bu reaksiya alınan zaman qısa müddətdə müqavilə imzalamaq və dəmir yolunun tikintisinə başlamaq lazımdır”, - Baş nazir belə deyib. Qeyd edək ki, Nikol Paşinyan Azərbaycanla Ermənistan arasında nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasına dair unikal üsul təklif irəli sürmüş kimi çıxış edir. Əslində, Azərbaycanla Ermənistan arasında dəmir yolunun açılmasına dair son illər bir sıra razılaşmalar əldə olunub. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndinə görə, Ermənistan Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat vasitələrinin, malların və vətəndaşların təhlükəsiz hərəkətini təmin etməlidir. Lakin dörd ildən artıq vaxt keçməsinə baxmayaraq, Ermənistan Zəngəzurdan nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasına dair öhdəliyi yerinə yetirməyib. 2021-ci il yanvarın 11-də Azərbaycan, Ermənistan və Rusioya baş nazirlərinin müavinlərindən ibarət İşçi Qrup çərçivəsində də nəqliyyat-kommunikasiya əlaqələrinin açılması ilə bağlı razılaşma imzalanıb. Ermənistan avtomobil yolunun açılmasına razılıq verməsə də, dəmir yolunun bərpasına etiraz etməyib. Söhbət Horadiz-Mehri-Arazdəyən-Ordubad-Culfa dəmir yolu xəttinin istifadəsindən gedir. Sözügedən marşrut Sovet dövründə Azərbaycanın qərb hissəsi ilə Ermənistan və Naxçıvan MR arasında əsas dəmir yolu xətti olub. Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinə başlamasından sonra, yəni 1990-cı illərin əvvəlində iki ölkə arasında dəmir yolu nəqliyyatı dayandı və relslər ermənilər tərəfindən söküldü. 2022-ci ilin iyun ayında İşçi Qrupun iclasında dəmir yolunun açılması barədə razılıq əldə olundu. Hətta Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan dəmir yolunun bərpası üçün 200 milyon dollar vəsait tələb olunduğunu bildirmişdi. Buna baxmayaraq, Ermənistan hələ də bu sənədə əməl etməyib. Hətta Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu ilin avqust ayında dəmir yolu nəqliyyatının məhz Ermənistanın təxribatçı hərəkətləri ilə əlaqədar reallaşmadığını açıqladı. Belə ki, Ermənistan prosesi pozmaq üçün Rusiya Federal Təhlükəsilik Xidmətinin sərhəd qoşunlarının yalnız Zəngəzurda deyil, həm də Azərbaycan ərazisində yerləşdirilməsini təklif edib. Halbuki, 10 noyabr Bəyanatında belə bir razılaşma yoxdur və sənədə əsasən Ermənistan ərazisindən keçən nəqliyyat-kommunikasiya vasitələrinin təhlükəsizliyi Rusiyanın sərhəd qoşunları tərəfindən təmin edilməlidir. Lakin Paşinyan hökuməti bunu Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə zidd hesab edərək öhdəliyi yerinə yetirmir. Rəsmi İrəvan Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat əlaqəsini kənara qoyaraq “Sülh kəsişməsi” layihəsini irəli sürür. Bununla da Ermənistan Fars körfəzi-İran və Gürcüstan-Qara dəniz istiqamətində çıxışı təmin edən Şimal-Cənub nəqliyyat dəhlizinə üstünlük verir. Şərqdən Azərbaycana təklif edilən dəmir yolu xətti isə Bakı-İcevan marşrutudur. Bu isə regional tranzit xətti olmadığından rentabelli sayılmır. Ermənistan “Sülh kəsişməsi” çərçivəsində qərbdən Gümrü-Qars dəmir yolunun açılması ilə bağlı Türkiyə ilə danışıqlar aparır. Paşinyan hökumətinin məqsədi dəmir yolunun açılmasına paralel olaraq, Türkiyə ilə sərhədlərin açılmasına nail olmaqdır. Ona görə də Paşinyanın Azərbaycana səmərəli təklif göndəridiyi inandırıcı görünmür. Mher Qriqoryanın bu günlərdə Zəngəzur dəhlizinin olmayacağını deməsi Ermənistanın 10 noyabr Bəyanatından birtərəfli qaydada imtina etməsi deməkdir. Bu isə Azərbaycanla Ermənistan arasında sülh prosesinə zərbə vura bilər. Çünki nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması Azərbaycanın Ermənistana təqdim etdiyi 5 bəndlik sülh sazişinin baza prinsiplərindən birini təşkil edir. Paşinyan hakimiyyəti qeyd edilən təklifi əvvəl qəbul etdiyini demişdi. İndi isə Ermənistanın bundan yayınması sülh müqaviləsinin perspektivini şübhə altına ala bilər. Müşfiq Abdulla “Cebheinfo.az” Geri qayıt |