Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Bir neçə günlük müharibə: "Ermənistan buna hazırlaşır"

Bir neçə günlük müharibə: "Ermənistan buna hazırlaşır"


Bu gün, 09:32
Bir neçə günlük müharibə: "Ermənistan buna hazırlaşır"
Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- II Qarabağ müharibəsinin bitməsindən 4 ildən də çox zaman keçib, amma iki qonşu ölkə hələ də öz aralarında heç bir sülh müqaviləsi imzalaya bilmir. Formal nöqteyi-nəzərdən belə çıxır ki, Ermənistanla Azərbaycan hələ də müharibə şəraitindədir. Bu hansı risklər yaradır?

- Bölgə üçün risklər var. Sözsüz ki, Cənubi Qafqaz sakit, stabil region deyil. Hazırda Gürcüstanda baş verən hadisələrin gedişi böyük narahatlıq doğurur. Faktiki olaraq Gürcüstanın ərazi bütövlüyü pozulub və Rusiya tərəfindən ilhaq edilib. İlhaq edilən bölgələrdə separatçı qurumlar yaradılıb. Bu o deməkdir ki, qonşu Gürcüstan hazırda yaralı vəziyyətdədir. Orada vətəndaş müharibəsi və digər risklər mövcuddur. Azərbaycanla Ermənistan arasında müharibə bitsə də, gərginlik davam edir. Hazırda iki ölkə arasında ciddi risklər var. Bu risklər də ondan ibarətdir ki, Ermənistan sürətlə silahlanır. Gözlənilmədən və hesablanmadan İrəvana hücum silahları verilir. Artıq silahlanmaya 3 milyard dollardan artıq vəsait xərclənib.

- Ermənistanın dövlət büdcəsindən artıq qiymətə olan silahların İrəvana verilməsi hansı amillərlə bağlıdır? Həmin silahları bölgəyə göndərənlərin məqsədi nədir?

- Ermənistanın silahlara bu qədər pul xərcləməsi inandırıcı deyil. Çünki buna imkanları çatmır. Görünən odur ki, Fransanın, Yunanıstanın, Hindistanın, ABŞ-ın, Avropa İttifaqının sülh fondu adı altında Ermənistana ayırdığı vəsait hesabına xeyli silahlar alınaraq, əvəzsiz olaraq verilir. Bu yaxınlarda Rusiya tərəfindən də Ermənistan indiyə qədər hansı silahların verildiyi açıqlandı. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan heç də Azərbaycanla güc balansınını tətbiq etmək deyil, birbaşa müharibəyə hazırlıq görür.

- Hərbi balansı qorumaq nəyə hesablanıb?

- Azərbaycan tərəfindən bəyan edilib ki, Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Qərbi azərbaycanlıların isə dinc vasitələrlə öz ata-baba torpaqlarına qayıdışı istənilir. Bu da danışıqlar yolu, dinc vasitələrlə mümkün ola bilər. Ona görə də Azərbaycanın Ermənistana hücum etmək niyyəti yoxdur. Belə olan halda Ermənistanın güc balansını təmin etməyə çalışması məntiqsizdir.

- Sülh sazişini uzatmaqla rəsmi İrəvan nəyə nail olmaq istəyir?

- Görünən odur ki, Ermənistan sülh prosesini uzatmaqla vaxt udmağa çalışır. Məhz sülh mətninin qarşılıqlı mübadiləsi fonunda itirilən zaman buna hesablanıb. Beləliklə, illərlə sülh danışıqları uzanır. Həmin müddətdə isə Ermənistan çox güclü şəkildə silahlanır. Hazırda NATO-nun mütəxəssisləri Ermənistanda erməni əsgərlərini mümkün müharibə şəraitinə hazırlayırlar.

- Azərbaycanın bu proseslərə ilk reaksiyası nədən ibarətdir?

- Sözsüz ki, Ermənistanın silahlanması və mövcud risklər fonunda Azərbaycanda özünün hərbi qüdrətini durmadan artırır. Məhz bu məqsədlərə xidmət edən hərbi büdcə artırılıb. Bu heç də son deyil. Real təhlükələr olacaqsa, əlavə tədbirlər də görülə bilər. Bu halda sülh amili təhlükə ilə əvəz olunur. Əgər silah alımırsa, bu heç də anbarda saxlamaq üçün deyil.

- Mümkün təxribat elementlərini necə dəyərləndirirsiniz?

- Erməni tərəfi alınan silahların effektivliyini yoxlamaq üçün Azərbaycanı mümkün təxribata çəkib bir neçə günlük də olsa müharibəyə başlaya bilər. Hazırda belə bir təəsüratlar var. Məhz bundan sonra yenidən sülh danışıqları masasına qayıdılacağı ehtimal olunur. Bütün bunlar onu göstərir ki, regionda stabillik risk altındadır, müharibə təhlükəsi qalmaqdadır. Azərbaycan tərəfi bütün bu təhdidlərə cavab olaraq özünü müdafiə məqsədilə adekvat addımlar atacaq. Əgər Ermənistan sülh sazişinə imza atmaq istəyirsə sənəd ortadadır. Əks halda bunu uzatmağa ehtiyac yoxdur. Çünki elə olur ki, Ermənistan sülh razılaşmasının bəlli bir tələbinə 5-6 ay cavab vermir. Bunu isə heç nə ilə izah etmək olmaz. Bu açıq şəkildə vaxt qazanmağa hesablanmış gedişlərdir.

Geri qayıt