Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Dövlət büdcəsindən `qoparılan` milyonlarla dollara başa gələn idman kompleksləri...
Dövlət büdcəsindən `qoparılan` milyonlarla dollara başa gələn idman kompleksləri...Bu gün, 17:43 |
Azərbaycanda olimpiya idman kompleksləri əvvəlki sürətlə inşa olunmur. Bu istiqamətdə ajiotaj əhəmiyyətli dərəcədə azalıb. Amma yeni komplekslərin tikintisi planı da var. Məsələn, axırıncı dəfə Gənclər və İdman Nazirliyinin Yevlax Olimpiya İdman Kompleksinin tikintisi üzrə malların satın alınması ilə bağlı tenderin qalibinin elan etməsi diqqət çəkmişdi. Bura 18 milyon manatdan çox vəsaitin sərf olunacağı da dəqiqləşmişdi. Hələ bu, xərcin hamısı deyil. Yevlaxdakı kompleksə əvvəllər də pul ayrılıb. Komplekslər onmilyonlarla manata başa gəlir. Bizimyol.info xəbər verir ki, Qazax 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” olacaq. Goranboy 2026-cı ilin, İsmayıllı 2027-ci ilin “Gənclər Paytaxtı” seçilib. Sosial platformalarda bu xəbərlərlə bağlı çox gözəl rəylər gözə dəyir. Elə bu yerlərdə yaşayanlar yazır ki, Qazax, Goranboy, İsmayıllıdan nə qədər gənc Bakıya köçüb. Yəni gənclər paytaxtı seçilməklə deyil, gərək şəhərdə həm də yaşam imkanları olsun, gənclər burada yaşamaq istəsin. Gənclər və İdman Nazirliyi 2012-ci ilə olimpiya komplekslərinə 200 milyon manat xərcləndiyini açıqlamışdı. Onda hələ devalvasiya qeydə alınmadığından, təxminən 260 milyon dollardan söhbət gedirdi. 2018-ci ildə Beyləqan Olimpiya İdman Kompleksinin tikintisinə 16,5 milyon manat ayrılmışdı. Astaradakı Mərkəzi Olimpiya Mərkəzinə 2006-2012-ci illərdə 12,6 milyon xərclənmişdi. Cəlilabad Olimpiya İdman Kompleksinin inşasına 2007-2013-cü illərdə 14,4 milyon manat getmişdi. Oğuz Olimpiya İdman Kompleksinin tikintisi 2005-2008-ci illərdə baş tutmuşdu. O vaxt 6 milyon manatdan bir qədər çox xərcdən danışılırdı. Qobustanda 5,6, Kürdəmirdə 7,3, Balakəndə 7,8, Şağanda 8,2, Şəmkirdə 9,2, Qəbələdə 11, Ağdaşda və İmişlidə 13, Xaçmazda 13,2, Sumqayıtda 15,7, Şirvanda 17, Göygöldə 18,3 milyon manata idman kompleksinin tikintisinin başa gəldiyi bildirilmişdi. Amma sonradan xərcin artdığı epizodlar da olub. Məsələn, Şağandakı kompleksin xərci 10 milyon manata çatıb. Təəssüf, bütün müəssisələrlə bağlı ətraflı məlumat verilmir. Göründüyü kimi, belə idman müəssisələri 10-15 milyon dollar civarında xərc aparır. İndiyə qədər ölkədə 47 olimpiya idman kompleksi inşa edilib. Biz hələ ayrıca olimpiya, paralimpiya, təlim, sağlamlıq mərkəzlərini, gənclər evlərini, idman məktəblərini, sarayları nəzərə almırıq. Belə görünür ki, 600-700 milyon dollardan az xərclənməyib. Bəlkə də, ümumi xərc milyard dollara çatıb. Bəs həmin komplekslər gənclərin işinə nə dərəcədə yarayır? İdmanın inkişafında bu müəssisələrin hansı rolu var? Əminliklə gənclərin işinə yaramadığını, idmanın inkişafına xidmət etmədiyini deyə bilərik. Qiymətlər xüsusilə bölgə camaatının cibinə uyğun deyil. Məsələn, üzgüçülük hovuzundan aylıq istifadə 50 manatdan baha başa gəlir. Rayonlarda barmaqla sayılacaq qədər adam bunu özünə rəva görə bilər. Komplekslərin əksəri dövlətin puluna tikilsə də, yerli camaata xidmət göstərmir. Gənclərə xidmətdən də danışmağa dəyməz. Bu şəraitdə hansı rayonun idman və ya gənclər paytaxtı elan olunmasının da əhəmiyyəti qalmır. Geri qayıt |