Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Makron Fransası sülh prosesini əngəlləyir
Makron Fransası sülh prosesini əngəlləyirBu gün, 14:00 |
Prezident İlham Əliyev Rusiya televiziyasına müsahibəsində Ermənistanın silahlanmasına da toxunub. Dövlət başçısı vurğulayıb ki, Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar Azərbaycan üçün praktiki təhlükə yaradır. Ölkə rəhbəri deyib ki, Ermənistanla sərhədimizin uzunluğunun min kilometrdən çox olduğunu, bir çox yaşayış məntəqələrinin sərhədə yaxın yerləşdiyini və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlərin qayıtdıqlarını nəzərə aldıqda, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik: “Biz dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, buna son qoyulmalıdır. Amma təəssüf ki, bizim səsimiz eşidilmir, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir”. Prezident vurğulayıb ki, bu barədə həm açıq şəkildə, həm də Ermənistanın baş naziri ilə danışıqlarda dəfələrlə deyilib, narahatlıq çatdırılıb: "Biz eyni narahatlığı Fransa hökumətinə və Bayden administrasiyası dövründə Cənubi Qafqaz ölkələrinə balanslı yanaşmasını dəyişərək Ermənistana birtərəfli dəstək yolunu tutan Birləşmiş Ştatların rəhbərliyinə də çatdırırdıq. Təhdidlərin kifayət qədər ciddi olduğunu göstərən çoxlu misallar var". Ölkə rəhbəri bildirib ki, Fransa bu məsələdə liderlik edir: "İkinci yerdə Hindistan, üçüncü yerdə isə ABŞ-dir. Fransa və Hindistan Ermənistanı öldürücü silahlarla təmin etdiklərini gizlətmirlər, - hətta bir növ, yəqin ki, bizim acığımıza nümayişkaranə cəsarət göstərirlər, - ABŞ isə bunu etiraf etmir. Halbuki biz Ermənistanın hava limanlarına enən və oraya silah daşıyan hərbi nəqliyyat təyyarələrini izləmişik". Prezident adekvat tədbirlərin görüldüyünü deyib: "2025-ci ildə növbəti hərbi büdcəmiz rekord büdcə olacaq. Bu, təxminən beş milyard dollardır. Bu məbləğin ən azı 60 faizini xərcləməyə məcburuq, belə təhdidlər olmasaydı, xərcləməzdik, Qarabağın bərpasına, sosial ödənişlərə və sair üçün istifadə edərdik. Lakin biz bunu etməyə məcburuq və edəcəyik. Məncə, bu, fəlakətə aparan yoldur. Birincisi, Ermənistan silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına, onların təbii ki, silinəcəyinə baxmayaraq, bizimlə silah yarışında tab gətirməyəcək. Hətta bu halda da bizimlə silah yarışında tab gətirməyəcəklər. Onlar İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar. Həmçinin başa düşməlidirlər ki, Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq, burada, bu yerdə bizə qarşı növbəti təxribat planlaşdırsalar, onlara heç kim kömək etməyəcək". Xatırladaq ki, rusiyalı politoloq İqor Korotçenko da deyib ki, erməni elitasının məsuliyyətsiz davranışı ucbatından Ermənistanın arsenalına daxil olan Fransanın hava hücumundan müdafiə sistemləri mülki avialaynerlər üçün təhlükə yaratmağa qadirdir: “Ümumiyyətlə, Ermənistan üzərində Qərb texnologiyalarına əsaslanan, müvafiq sistemli məlumat ötürmə vasitələri ilə NATO hava hücumundan müdafiə bölməsinin yerləşdirilməsinin regionun təhlükəsizliyinə təhdid olduğu aydındır. Qərbin hava hücumundan müdafiə çətiri Ermənistanda yerləşdirildikdən sonra İrəvanda istənilən an xarici hərbi bazaların, regiondankənar oyunçuların - Fransanın, ola bilsin ki, AB-nin bazalarının quraşdırılmasını görə bilərik. Bunun üçün maddi baza hazırlanır. Qərbin hərbi mövcudluğu üçün ən vacib şərt Ermənistan üzərində Qərbin hava hücumundan müdafiə “çətiri”dir. Ona görə də bütün bunlar mərhələ-mərhələ həyata keçiriləcək”. Prezidentin diqqət çəkdiyi məqamı "Sherg.az"a dəyərləndirən millət vəkili Hikmət Babaoğlu deyib ki, Ermənistan bir tərəfdən sülhdən danışır, başqa tərəfdən isə ən müasir hücum silahları almaqla sülhü təhdid edir. Deputatın sözlərinə görə, belə olan halda əlbəttə ki, sülhün əldə olunması mümkün görünmür: "Azərbaycan Prezidenti bu məsələyə toxunaraq qeyd edir ki, işğaldan azad olunmuş ərazilərimizə Böyük Qayıdışın baş tutduğu bir vaxtda vətəndaşlarımızın Ermənistanla sərhəd boyu öz tarixi, yurd-yuvalarına qayıtdığı bir vəziyyətdə Ermənistanın sərhəd boyu əraziləri silah-sursat anbarına çevirməsi, Azərbaycana qarşı hücum silahları əldə etməsi sülhü təhdid altına alır. Bu prosesdə Fransanın davranışlarını xüsusən tənqid edirik. Fransadan alınan hücum silahları və digər ölkələrdən əldə edilən silahlar təhlükəsizliyimizi birbaşa təhdid edir. Nəzərə almaq lazımdır ki, Ermənistan-Azərbaycan sərhədi təqribən 1000 km.dir. Bir tərəfdən Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası ilə bağlı əsasnaməni imzalayır və parlament ratifikasiya edir. Başqa tərəfdən sərhəd boyunca müdafiə səngərləri, yeraltı tunellər qazır, hücum silahlarını orada gizlətməklə Azərbaycana açıq şəkildə təhdidlər yaradır. Başda Fransa olmaqla Ermənistanı silahlandıran ölkələr düşünməlidirlər ki, onların davranışları sülhə yox, beynəlxalq hüququn pozulmasına, dövlətlərarası münasibətlərin korlanmasına, Ermənistan-Azərbaycan arasında müharibənin yenidən alovlanmasına xidmət edir. Bu məsələnin geniş qlobal informasiya məkanına təqdim olunması Ermənistanın militarist davranışlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılması kimi qiymətləndirilməlidir". Geri qayıt |