Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ermənistanın yeni münaqişə planı

Ermənistanın yeni münaqişə planı


Bu gün, 09:27
Ermənistanın yeni münaqişə planı
ABŞ-ın yeni Prezidenti Donald Trampın həmkarı Rəcəb Tayyib Ərdoğanın ünvanına xoş sözlər deməsi, Suriya məsələsində Ankaranın önəmini vurğulaması Azərbaycanın da yer aldığı bölgə üçün yeni geopolitik üfüqlər açırmı? Azərbaycanla strateji müttəfiq olan Türkiyə Bakıya iki məsələdə indi daha çox dəstək verə bilər: Zəngəzur dəhlizinin açılması və sülh müqaviləsinin imzalanması.

Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, son hadisələr fonunda Türkiyə regional və qlobal təsirini artıraraq beynəlxalq sistemin əsas aktorlarından olduğunu bir daha sübut etdi:

“Davamında Trampın Ərdoğanın ünvanına söylədiyi təqdiredici sözlər və Türkiyəni Suriyada əsas aktor olaraq ifadə etməsi gözləntiləri artırdı. Belə ki, Türkiyənin istisnasız olaraq təsir gücünü artıracağı ehtimal edilən bölgələr sırasında ilk yerdə məhz Cənubi Qafqaz dayanır.

Dörd ildən artıq davam edən sülh danışıqlarının indiki mərhələsində Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasına mane olan tərəflər sırasında ABŞ və Avropanın bəzi güc mərkəzlərinin olduğunu nəzərə alsaq, Türkiyənin hazırkı mövqeyinin həm Ermənistana, həm də onun arxasında dayanan himayədarlarına təsir imkanları artmış oldu.

Təbii ki, əsas məsələ Ermənistanın ərazi bütövlüyü ilə bağlı qeyd-şərtsiz öhdəlik götürməsinin təmin edilməsidir. Nəzərə alsaq ki, Ermənistanın mövcud hərbi-siyasi hakimiyyətinin qeyri-konstruktiv mövqeyinin arxasında dayanan qüvvələrin Cənubi Qafqaz siyasətinin hədəfi sülh müqaviləsinin imzalanmasına mane olaraq yeni süni münaqişə ocağı yaratmaqdır. Belə olan halda güclü Türkiyə və Azərbaycan birliyinin qarşısında onların manevr imkanları tamamilə məhdudlaşdırılmış olur. Nəticə etibarilə, Türkiyənin qlobal sistemdə yüksələn güc olaraq Cənubi Qafqazda sülh və sabitliyi təşviqedici rolu artmaqdadır”.

Geri qayıt