Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil?

“Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil?


Bu gün, 16:13
“Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil?
"Ermənistan sülh müqaviləsini imzalamaq üçün iki bəndi yerinə yetirməlidir".

Bunu Azərbaycan Pezidenti İlham Əliyev Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, "Rossiya-1" televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində deyib.

“ATƏT-in Minsk qrupunun buraxılması və Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi sülh müqaviləsinin imzalanmasına maneələri aradan qaldıracaq”, - İlham Əliyev vurğulayıb.

Prezident deyib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin 17 maddəsindən 15-i razılaşdırılıb:

“Qarşılıqlı iddialardan çəkinmə, eləcə də sərhədimizə kənar qüvvələrin yerləşdirilməməsi ilə bağlı maddə razılaşdırılmayıb”.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu günlərdə jurnalistlərə açıqlamasında demişdi ki, Ermənistanla sülh müqaviləsi layihəsi preambuladan və 17 maddədən ibarətdir, artıq 15 maddə razılaşdırılıb.

Məsələ ilə bağlı politoloq Oqtay Qasımov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Ermənistan hakimiyyəti Azərbaycanın şərtlərini yerinə yetirməlidir:

“Bu gün Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına əngəl yaradan bir neçə amil var. Birincisi, Ermənistan Konstitusiyasında və qanunvercilik aktlarında Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan müddəalar əks olunub.

Rəsmi Bakı İrəvandan israrlı şəkildə konstitusiya dəyişikliklərinə getməyi tələb edir. Azərbaycanın bu tələbi, həqiqətən vacib şərtdir. Ermənistan Konstitusiya dəyişikliklərinə getmədiyi təqdirdə sülh sazişinin imzalanması qeyri-mümkün olacaq.

Digər əsas məsələ isə ATƏT-nin Minsk qrupunun buraxılmasıdır. Azərbaycan Ermənistanla birgə bu qurumun fəaliyyətinin dayandırılması ilə bağlı ATƏT-nin özünə müraciət etmək niyyətindədir. Rəsmi Bakı Ermənistanı buna dəvət edib. Amma İrəvan hələlik bundan imtina edir.

Bildiyimiz kimi, ATƏT-nin Minsk qrupunun əsasının qoyulmasının səbəbi “Dağlıq Qarabağ” münaqişəsinin nizamlanması ilə bağlı olub. Bu münaqişə həlli tapdığına görə, Minsk qrupuna ehtiyac qalmayıb. Təəssüf ki, Ermənistan bu qurumun əssasız fəaliyyətində maraqlıdır.

Bu onu göstərir ki, Ermənistan sülhdə maraqlı olduğunu bəyan etsə də, Azərbaycana qarşı ərazi iddialarından əl çəkmək niyyətində deyil. Qeyd edim ki, Ermənistan-Azərbaycan sərhədində təxribatla məşğul olan Avropa İttifaqının müşahidə missiyasının əsassız fəaliyyəti də sülhə əngəl yaradır.

Son dövrlər Polşa Prezidenti daxil olmaqla Avropalı nümayindələrin Azərbaycanla sərhədə gəlib həmin missiyanın üzvləri ilə şəkil çəkdirməsi və “binokul diplomatiyası” ilə məşğul olması onu göstərir ki, Ermənistanın bu missiyanın da fəaliyyətinin dayandırılmasını istəmir”.

Geri qayıt