Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Xəbərdarlıq: Vəziyyət hər an dəyişə bilər
Xəbərdarlıq: Vəziyyət hər an dəyişə bilərBu gün, 06:18 |
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bu il də imzalanmadı. Heç çərçivə sazişi də reallaşmadı. Buna əsas səbəb Ermənistan hakimiyyətinin sülhdən yayınmasıdır. Rəsmi Bakı sülh mövzusunda ənənəvi mövqeyində qalır. Ermənistan konstitusiya dəyişikliyinə gedib, ölkəmizə qarşı ərazi iddiasından əl çəkməsə, təklif edilən sülh müqaviləsini imzalamayacaq. Bəs 2025-ci ildə bu reallaşa bilərmi? Yoxsa yeni eskalasiya riski var? Globalinfo.az-a danışan siyasi şərhçi Elmir Səftərov deyib ki, açıq müharibə vəziyyətinin və ərazi iddialarının olmamasını özündə ehtiva etməyən sülh sənədinin imzalanması çətin ki, regionda sabitliyə gətirib çıxarsın: “İrəvanın sülh müzakirələrini prioritet elan etdiyi bir zamanda sürətlə silahlanması da bir-birinə zidd anlayışlardır. Amma sülhün əldə olunmasına təhdid yaradan nüanslar bununla yekunlaşmır. Belə ki, Ermənistanın Konstitusiyasının preambulasında Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad var. Həmin Müstəqillik Bəyannaməsində də Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar yer alır. Belə olan şəraitdə isə mütləq sülh sazişinin imzalanması məntiqi cəhətdən real görünmür, təbii ki, istisna hallar da mövcuddur. Digər bir qarışıq məsələ isə Ermənistanın konstitusiya islahatları ilə bağlı referendumu 2027-ci ildə keçirilməsini planlaşdırması, lakin konstitusiya Məhkəməsi Ermənistan Konstitusiyasının preambulasının dəyişməz olduğu və xüsusi olaraq preambulaya toxunmağın mümkün olmaması barədə qərar qəbul etməsidir. Deməli, Ermənistan indiki vəziyyətdə belə ölkəmizə qarşı ərazi iddialarından əl çəkmək niyyətində deyil. Ümumilikdə isə Ermənistan hər addımda danışıqların gündəliyinə yeni elementlər daxil etməyə və bununla da sülh müqaviləsinin imzalanması prosesini pozmağa və ya ləngitməyə çalışır. Ermənistanın istədiyi sülh isə regionda uzunmüddətli sülh və sabitliyi təmin etməyə hesablanmayıb, sadəcə, öz himayədarlarının direktivlərini yerinə yetirərək iqtisadi və tranzit baxımından dividentlər qazanmağı hədəfləyir”. Siyasi şərhçinin sözlərinə görə, əgər mütləq sülh sazişindən danışırıqsa, ilk növbədə, Ermənistan ölkəmizə qarşı ərazi iddialarını normativ-hüquqi sənədlərindən çıxarmalıdır: “Bundan əlavə, Ermənistan hərbi quruculuq siyasətində ciddi dəyişiklik etməli, şərti sərhəddən hücum tipli və uzaq mənzilli silahları yığışdırılmalıdır. Yaxın keçmişi işğalçılıq faktları ilə “zəngin” olan bir dövlətin öz qonşusuna qarşı konstitusiyasında ərazi iddialarını saxlamaqla və silahlanmaqla paralel olaraq sülh sazişi imzalamaq niyyətini ifadə etməsi zaman qazanmaqla, fürsət ələ düşən kimi bunu dəyərləndirmək planın bir hissəsidir. Ermənistan sülh yaratmaq istəsəydi, kapitulyasiyaya imza atmış dövlət kimi sənədi çoxdan imzalayardı”. “Ümumiyyətlə, sülh müqaviləsi ilə bağlı ölkəmizin birmənalı mövqeyi var. Bu, Ermənistana da bəllidir. İstənilən halda indiki vəziyyətdə çərçivə sazişinin və ya qarşılıqlı razılaşdırılmış bir sənədin 2027-ci ilə qədər imzalanması ehtimalı var. Amma bu saziş də Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların yenidən bərpasını istisna etmir, çünki təcavüzçü dövlətin ritorikası hər an dəyişə və müxtəlif bəhanələrlə yeni təcavüzünə haqq qazandıra bilər. Regional tranzit dəhlizlərinin mexanizmləri ilə bağlı fikir ayrılıqları da genişmiqaysalı müharibəyə təkan verə bilər. Regionda baş verən mürəkkəb ictimai-siyasi transformasiyalara bilavasitə təsir edən regional və xarici oyunçuların çoxşaxəli geosiyasi maraqları isə Cənubi Qafqazda sülhü qaçılmaz edir. Bu da regiondakı vəziyyəti mürəkkəbləşdirir və situativ xarakterli bir hala gətirir” – deyə, Elmir Səftərov fikrini yekunlaşdırıb. Geri qayıt |