
Fevralın 28-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında yaşanan gərginliklə bağlı siyasi dairələrdə müzakirələr davam edir. Görüşdə Ukrayna lideri və ABŞ-ın vitse-prezident Ceyms Devid Vens arasında yaşanan mübahisə xüsusi diqqət çəkib. Vensin Zelenski ilə Tramp arasındakı dialoqa daxil olması və Ukrayna liderinə münasibəti müzakirələrə səbəb olub.
Baş verənlərdən sonra ABŞ-ın Ukraynaya yardımı azaldacağı, yaxud da tamamilə dayandıra biləcəyinə dair iddialar səsləndirilir. Bəzi ekspertlərin fikrincə, Ağ Ev bunu Kiyevin Moskva ilə sülh masasına oturmağa məcbur qalması üçün müəyyən müddətlik edə bilər.
Ukrayna üçün prosesin bundan sonrakı gedişatı necə olacaq? Kiyev Moskva qarşısında tək qalır? Vaşinqtonun bu ölkəyə yardımı dayandırıla bilərmi?
Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Ukrayna bundan sonra ABŞ-ın maliyyə və hərbi yardımını unutmalıdır:
“Aydın məsələdir ki, Ağ Evdə baş tutan görüş daha çox mübahisə idi. Mübahisənin sonu isə Kiyev üçün heç də xoş nəticələr ilə yadda qalmayacaq. Ukrayna bundan sonra öz gücünə arxalanmalıdır.
Görüş sonrası bu qənaətə gəlmək olar ki, Ağ Evdə resurslarla bağlı sazişin imzalanmaması Ukraynanın xeyrinə oldu. Tramp həmin bu sazişlə Ukraynanın ehtiyatlarını ələ keçirmək istəyirdi.
Əslində, Ukrayna üçün problemlər bundan sonra başlayır. Çünki Zelenski ABŞ-ın borcu ilə bağlı nə isə etməlidir. Amma Trampın iddia etdiyi kimi Ukraynanın borcu 350 milyard dollar deyil. Hər halda borcun 100 milyard dollar civarında olduğu bildirilir. Kiyev bunu müharibədən sonra hissə-hissə qaytarmalı olacaq, lakin indidən müəyyən mexanizmini düşünməlidir”.
Politoloqun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Ağ Evdə Trampla-Zelenski arasında yaşanan mübahisədən öz məqsədləri üçün istifadə etməyə çalışacaq:
“Əvvəlcə Rusiya ordusu cəbhə bölgəsində irəliləməyə cəhd göstərəcək. Daha sonra Putin Trampla yaxın müddətdə görüşməyə çalışacaq. Amma Putin Zelenskinin gününə düşməmək üçün görüşün üçüncü ölkədə və qapalı keçirilməsin tələb edəcək.
Nəticədə hamıya aydın oldu ki, Tramp Ağ Evdə qaldığı müddətdə Avropa ilə ABŞ arasında məsafə daha da uzanacaq, NATO-nun birliyi zəifləyəcək. Avropa ölkələri təhlükəsizlik xərclərini artırmalı olacaqlar. Onların büdcələrini daha çox sosial problemlərin həllinə yönəltmək, təhlükəsizlik məsələlərini isə Amerikaya yükləmək dövrü bitdi.
Ağ Evdəki qovğanı gördükdən sonra Azərbaycanın da Tramp administrasiyasından uzaq olması faydalıdır”.