Son günlər ölkədə “TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında yarışlar təşkil edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər görülür. Artıq bir neçə şəxs saxlanılıb. Baş verənlər ictimaiyyətdə müzakirələrə səbəb olub.
“TikTok”la bağlı nə baş verir?
Tiktokerlərin həbsi niyə indi başladı?
Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuzun fikrincə, tiktokerlərlə bağlı hüquq mühafizə orqanlarının gördüyü tədbirlərin bir neçə aspekti ola bilər.
Onun sözlərinə görə, bu aspektlərdən biri də mənəvi-əxlaqi məsələdir:
“Bilirsiniz, bəzi tiktokerlər əxlaqsız sözlərlə bir-birini, eləcə də başqalarını təhqir edirdilər. Bu da bizim xalqın mentalitetinə zidd ənənələrin formalaşmasına gətirib çıxara bilərdi ki, bunun da qarşısı alınmalı idi.
İkincisi, “TikTok”dan müxtəlif adamları şantaj etmək üçün istifadə edirdilər. Bu da hüquqi məsələdir. Orada insanların hüquqları tapdalanırdı.
Amma hesab edirəm, ən mühümü üçüncü məsələdir. Mən bunu siyasi təhlükəsizlik tədbirləri kimi qiymətləndirirəm”.
H.Oğuz deyib ki, “TikTok” kimi sosial şəbəkələr istənilən dövlətdə çaxnaşmalar yaratmaq üçün istifadə oluna bilir:
“Məsələn, ərəb inqilabları Qətərin “Əl-Cəzirə” televiziyasının informasiyaları vasitəsilə törədilib. Bu gün sosial şəbəkə, mətbuat həm də müxtəlif dövlətlərdə təxribatlar yaratmaq üçün istifadə olunan savaş vasitələridir. Hesab edirəm, rəsmi Bakı “TikTok” və digər şəbəkələrdən o cür istifadə oluna biləcəyini anlayır. “TikTok”un imkanları elədir ki, oradan hər bir dövlət bizə qarşı nəsə edə bilər. İran, Rusiya, hətta Çin də müxtəlif təxribat materialları yaya, insanları ayağa qaldıra bilər”.
Siyasi şərhçi ölkədə “TikTok” sosial şəbəkəsinin bağlanmasını təklif edib:
“Hökumətin yerinə olsam, yalnız tiktokerləri həbs etməklə kifayətlənmərəm, o şəbəkəni ölkəmdə bloklayaram. Çünki “TikTok” əsasən bəzi aşağı səviyyəli insanlara hesablanıb. Baxın, onlar kimisə təhqir etməklə, əxlaqsız yarışlar keçirməklə daha çox izləyici toplaya bilirlərsə, deməli, o şəbəkə əsasən aşağı səviyyəli insanlara xitab edir və bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da o cür insanların sayı çoxdur.
Ölkələrin qaymaqları yalnız ziyalı sayılır. Digərləri isə hər zaman müxtəlif təxribatlara meyilli insanlar olur. Yəni onların təşkilatlandırılması, inqilabi vəziyyətin, sosial gərginliyin yaranmaması üçün tək Azərbaycanda deyil, ABŞ-da belə nəinki tiktokerləri həbs etmək, hətta “TikTok”u bağlamaq istəyirlər”.