Əsas Səhifə > Gündəm, Manşet > Kərəm Həsənov əsas rəqiblərindən biri üzərində həlledici qələbəsini qazandı

Kərəm Həsənov əsas rəqiblərindən biri üzərində həlledici qələbəsini qazandı


6-02-2015, 08:34
Kərəm Həsənov əsas rəqiblərindən biri üzərində həlledici qələbəsini qazandı
DİA.AZ: - Məlum olduğu kimi Azərbaycan prezidenti İlham Əliyev dünən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında fərman imzalayıb. Əslində bu fərmanı hakimiyyətin növbəti sıradan struktur islahatı kimi də qəbul edə bilərdik. Amma buna qədər baş verən bəzi proseslər həm də belə deməyə əsas yaradır ki, son qərar kimlərinsə də maraqlarına uyub. Bu barədə az sonra.

Hələliksə DİA.AZ olaraq dünənki fərmanın detallarına varaq. Məlumata görə, fərmana əsasən, ləğv edilmiş komitənin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Prezident Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Əmlak Məsələləri Dövlət Komitəsinə verilir.

Ləğv edilmiş komitənin torpaqların monitorinqi, onların münbitliyinin bərpası və artırılması, geodeziya, topoqrafiya, xəritəçəkmə, qravimetriya, ərazi vahidlərinin sərhədlərinin müəyyən edilməsi, dövlət əhəmiyyətli coğrafi məlumat sistemlərinin yaradılması, ümumcoğrafi, torpaq, geobotaniki, siyasi-inzibati, elmi məlumat və digər sahələrarası mövzu xəritələrinin, atlaslarının, kartoqrafik tədris vasitələrinin layihələşdirilməsini, tətbiqini və nəşrini təmin etmək, dəqiqliyinə və məzmununa görə ümumdövlət, müdafiə, elmi-tədqiqat və digər məsələlərin həllini təmin edən dövlət topoqrafik xəritələrin, habelə qrafiki, rəqəmi, fotoqrafik və başqa formalı planların yaradılması, yeniləşdirilməsi, nəşri və geodeziya, qravimetriya, topoqrafiya və kartoqrafiya işlərinin həyata keçirilməsində, materialların istifadəsində dövlətin müdafiəsini və təhlükəsizliyini təmin etmək, vahid dövlət koordinat, yüksəklik, qravimetrik ölçmə sistemlərinin, topoqrafik xəritə və planların miqyas sıralarını təyin etmək və geodeziya, topoqrafiya və kartoqrafiya materiallarının və məlumatlarının metroloji təminatını həyata keçirmək sahəsindəki funksiyaları isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilir.

Fərmana əsasən, komitənin Azərbaycan Respublikasının dövlət sərhədlərinin, o cümlədən sərhəd sularının və Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsinin delimitasiyası və demarkasiyası işlərini Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Sərhəd Xidməti ilə birlikdə həyata keçirir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində daşınmaz əmlaka növündən asılı olmayaraq mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi zamanı verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın vahid formasına dair təkliflərini, habelə torpaq sahəsinin plan və ölçüsünün vahid nümunəsinə və təsvirinə dair təkliflərini hazırlayıb prezidentə təqdim etmək, eləcə də prezidentin aktlarının fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini 2 ay müddətində hazırlayıb prezidentə təqdim etmək tapşırılıb.

Nazirlər Kabineti həmçinin Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını 3 ay müddətində təmin etməli, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat verməlidir.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

DİA.AZ bildirir ki, zaman-zaman Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovla açıq savaşda olan Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bu prosesdə ən böyük paya sahiblənməsi ilə, həm də mövqelərinin möhkəmləndiyini də nümayiş etdirmiş oldu.

"Elə buna görə də, rahatlıqla deyə bilərik ki, Qərib Məmmədov Kərəm Həsənova məğlub oldu". Bunu deyən məlumatlı mənbə diaaz.space-a açıqlamasında onu da əlavə etdi ki, dəfələrlə Qərib Məmmədova məhz Kərəm Həsənovla aralarındakı konfliktlərdən dolayı xəbərdarlıq da edilmişdi.

Geri qayıt