Əsas Səhifə > Gündəm, Manşet > “Azərsu” nurçularla əlaqəsini kəsir - “Hidro-Lotus” MMC-yə qoyulan qadağa yüzlərlə şəxsi işsizə çevirdi

“Azərsu” nurçularla əlaqəsini kəsir - “Hidro-Lotus” MMC-yə qoyulan qadağa yüzlərlə şəxsi işsizə çevirdi


25-03-2014, 12:06
“Azərsu” nurçularla əlaqəsini kəsir - “Hidro-Lotus” MMC-yə qoyulan qadağa yüzlərlə şəxsi işsizə çevirdi
DİA.AZ: - Keçən günlərdə məlumat verərək bildirmişdik ki, nurçu məmurlara qarşı başlayan kampaniya nurçulara aid digər ünvanların hədəfə alınması müstəbisinə keçidlə daha da inkişaf edəcək. Artıq rəsmi Bakı tərəfindən Fətullah Gülən camaatına aid bir sıra şirkətlərə qarşı hərəkətlənmə başlayıb. Bu barədə DİA.AZ-a bilgili mənbələr informasiya verib.

Onlardan biri də “Azərsu” ASC-nin sifarişi ilə işləyən “Hidro-Lotus” MMC-dir. Xatırladaq ki, dünənə qədər bu şirkət xüsusi himayə altında olsa da, rəsmi Bakının anti-nurçu siyasətə start verməsilə bu şirkət də əlindəki bahalı işlərinin icrasını yarımçıq dayandırmaq zorunda qalıb.

diaaz.space bildirir ki, nurçulardan qidalanan məmurların himayəsində olan bu şirkət dövlət qeydiyyatından keçəndən cəmi 11 gün sonra “Azərsu” ASC-nin bir neçə yüz milyonluq layihələrinə sahib çıxıb və podratçı şirkətlərə çatacaq vəsaiti mənimsəyib. Yəni zamanında çətir altında nurçular kifayət qədər faydalanıblar.

Qeyd edək ki, “Hidro-Lotus” MMC “Azərsu” MMC-nin sifarişi ilə ölkə üzrə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı layihələri həyata keçirir. MMC-nin başında Bülənd adlı kürd mənşəli Türkiyə vətəndaşı durur. MMC-nin saytında müəssisənin 26 iyul, 2011-ci ildə dövlət qeydiyyatından keçdiyi bildirilir. “Hidro-Lotus” MMC Nazirlər Kabinetinin 2011-ci il, 15 iyul tarixli sərəncamına müvafiq olaraq “Azərsu” ASC ilə Bakı və ölkənin müxtəlif rayonlarında təmiz və çirkab su stansiyalarının inşaatı, su boru şəbəkələrinin yenidən qurulması sahəsində müxtəlif müqavilələr imzalayıb.

Elə bu məlumatlarda da nəhəng korrupsiya ocağının anonsu verilir - Nazirlər Kabinetinin sərəncamından cəmi 11 gün sonra yaradılan MMC dəyəri yüz milyonlarla ölçülən layihələrə cəlb edilib. Bu, tender haqqında qanunun açıq-aşkar pozulması deməkdir. Baxmayaraq ki, Nazirlər Kabinetinin qərarına görə, 50 min manatdan yuxarı dövlət sifarişləri bu sahədə ən azı 5 il təcrübəsi olan şirkətlərə verilə bilər.

Redaksiyamızı bu barədə bilgiləndirən mənbə iddia edir ki, artıq “Hidro-Lotus” MMC-nin Ağdaşda və digər bölgələrdəki ofisləri bağlanıb. Mənbə diaaz.space-a bildirir: “Bunun da nəticəsində təxminə 300-ə yaxın Azərbaycan vətəndaşı işdən atılıb. Özü də qanunsuz olaraq. Halbuki onlarla şirkət arasında müqavilə bitməyib. Amma “Azərsu” “Hidro-Lotus” MMC ilə müqaviləsini qanunsuz olaraq dayandırdığından şirkət rəhbərliyi də öz işçiləri ilə eyni cür davranıb və narazılıq edənlərə bildirilib ki, “bu barədə öz hökumətinizə şikayət edin”. Qanunlara görə isə şirkət istənilən halda işçilərə təzminat ödəməlidir”.

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt